![]() |
çap et |
|
|||
İslam Respublikasında baş verən son olayları necə adlandırmaq olar? Bu bir "demokratik proses"mi? Axı demokratiya olan yerdə seçkilər bir qayda olaraq saxtalaşdırılmır. Bəlkə baş verənlər hakimiyyətiçi qarşıdurmadan qaynaqlanır? Hər halda, müxalifət düşərgəsində təmsil olunanlardan biri - keçmiş prezident Haşimi-Rəfsəncani öz tezislərini daha çox Əhmədinejadı və onun hökumətini tənqid etmək üzərində qurmaqdadır. Bəlkə beynəlxalq ictimaiyyətdə müəyyən anlaşılmazlıq yaradan prezidentliyə iddiaçı Mirhüseyn Musəvi və keçmiş prezident Məhəmməd Xatəminin çıxışlarında yer alan demokratik məzmunlu tezislərdir? Bizə görə, bütün bu baş verənlərdə hakimiyyətiçi çəkişmə ilə yanaşı, ictimai-siyasi böhran elementləri də yox deyil.
Ölkə əhalisi 1978-ci il inqilabında şah rejimindən bezdiyinə görə fəal iştirak etdi. Onlara "kim gəlir-gəlsin, təki şah getsin" ideyası hakim idi. Bu üzdən də indikilərin - teokratların vədləri İran cəmiyyəti üçün daha parıltılı görünürdü... Bu gün durum özünün çeşidli nişanələri ilə həmin illəri xatırladır. Rəfsəncani və Xatəminin prezidentliyi illərində daxili işlər naziri olmuş Abdulla Nuri ölkənin indiki durumunu Məhəmmədrza şah hakimiyyətinin son illəri ilə müqayisə edərək deyir: "O vaxt da kimsə inanmazdı ki, bu məhdud və seyrək mübarizə bir gün şahı ölkəni tərk etmək məcburiyyətində qoyacaq". "Amerikanın səsi" radiosunun Azərbaycan redaksiyası ABŞ-da çıxan qəzetlərə istinadən bildirir ki, İranda hakimiyyətdaxili ziddiyyət güclənməkdədir. Radionun hazırladığı mətbuat icmalında deyilir: "İranda mühafizəkarlar düşərgəsində son təlatümün əlaməti olaraq, prezident Mahmud Əhmədinejad informasiya və təhlükəsizlik nazirini vəzifəsindən azad edib, mədəniyyət naziri isə istefa verib". "Nyu-York tayms" qəzetinin yazdığına görə, ETTELAAT naziri Qulamhüseyn Möhsüni-Ejeyi ötən həftə Əhmədinejadın qudası İsfəndiyar Rəhim-Məşaini özünə müavin təyin etməsinə etiraz əlaməti olaraq kabinetin iclasını tərk etmiş bir neçə nazirdən biri olub. Hadisədən bir neçə gün sonra Əhmədinejadın işdən çıxarmaqla hədələdiyi mədəniyyət naziri Məhəmməd Hüseynsəfər-Hərəndi (sərt xətt təmayüllü) prezidentə göndərdiyi məktubda istefa verdiyini bəyan edib. Amma hökumət başçısı onun istefasını qəbul etməyib. Bununla belə nazir "əl-Ərəbiyyə" televiziya kanalına müsahibəsində bu sayaq hökumətlə işləmək arzusunda olmadığını söyləmişdir. Əhmədinejad isə ayətulla Xamneyi başda olmaqla bütün sərt xətçilərin Rəhim Məşainin prezident müavinliyindən uzaqlaşdırılması barədə tələbini bir neçə gün qulaqardına vurdu. Nəhayət, onu bu vəzifədən uzaqlaşdıraraq prezident aparatında vəzifəyə təyin etdi. Gələn həftə Əhmədinejad prezident kimi yenə and içəcək və bundan 34 gün sonra kabinet üzvlərini parlamentin təsdiqinə verəcək. Amerika mühafizəkarlarının "Milli icmal" nəşrində isə Əmir Tahiri adlı ekspert baş verənləri "tektonik dəyişiklik" adlandırır. Onun yazdığına görə, bundan sonra İranda baş verəcək dəyişikliklərdə, onun inkişaf məcrasından asılı olmayaraq, artıq bir məsələ qətiləşib - xomeyniçi sistemin təməl daşı olan "vilayəti-fəqih" (hazırda ayətulla Xamneyinin tutduğu vəzifə - S.S.) idarəetmə təsisatı ölüb: "İslam İnqilabı zamanı ayətulla Ruhulla Xomeyni bu anlayışı tətbiq etməklə Leninin Sovet Rusiyasında gerçəkləşdirdiyi demokratik mərkəzçiliyin imitasiyasına can atırdı. Həmin ideyanın əsasında bu dururdu - hakim partiya daxilində çeşidli sahələr üzrə müzakirələr açılır, son sözü isə həmişə rəhbər deyir. İranda bu vəzifəni ali rəhbər icra edir. 1989-cu ildən bəri ayətulla Xamneyi bu vəzifənin öhdəsindən gələ bilirdi. Ancaq iyun seçkisindən sonra onun Əhmədinejadı açıq-aşkar müdafiə etməsi indiyədək topladığı siyasi kapitalın qısa bir zamanda xərclənməsinə səbəb oldu. Tez-tez siyasi səhnəyə çıxaraq Əhmədinejada dəstək verməklə Xamneyi bu prosesdə tərəfsiz olmadığını isbatladı. Bununla da cəmiyyətdə birləşdirici fiqur kimi gözdən düşdü. Nəticədə ilk dəfə olaraq, xomeyniçi siyasi elitanı təşkil edən nüfuzlu ruhanilər biri-birinin ardınca onun dediklərini qulaqardına vurmağa başladılar. Keçmiş prezidentlər - Haşimi-Rəfsəncani, Məhəmməd Xatəmi, prezidentliyə iddiaçılar Mirhüseyn Musəvi, Mehdi Kərrubi isə seçkinin sonucları ilə bağlı Xamneyinin tutduğu mövqeyi qəbul etmədiklərini bildiriblər. Məşainin məsələsində isə Xamneyi ilə Əhmədinejad arasında müəyyən ixtilafın olduğu üzə çıxmışdır". "Vaşinqton post" qəzetində çıxış edən Fərid Zəkəriyyə öz məqaləsində yazır ki, hakimiyyətiçi mübarizə böhran həddinə çatıb. Zəkəriyyə indiki şəraitdə Qərb liderlərini İranın atom nüvə proqramı ilə bağlı məsələdə gözləmə mövqeyindən çıxış etməyə çağırır. Müəllifin yazdığına görə, hakimiyyətin nüfuzdan düşməsi, artan etiraz dalğası, hakimiyyətiçi çəkişmələr zamanın İran rejiminin xeyrinə işləmədiyini göstərir. Son zamanlar isə ölkə içində və xaricində İranın tanınmış ictimai xadimlərinin müxalifəti və Musəvini dəstəkləyən çıxışları artmaqdadır. Nobel mükafatı laureatı Şirin İbadi ötən həftənin sonunda Hollandiyada 2 mindən çox insanın qatıldığı müxalifətlə həmrəylik aksiyasında çıxış edərək, İslam Respublikasında acınacaqlı vəziyyətlə tanış olmaq üçün BMT baş katibi Pan Qi Munun şəxsən Tehrana səfər etməsini istəyib. İran xalqı ilə bu həmrəylik mərasimləri dünyanın 50-dən artıq ölkəsinin 120 şəhərində eyni vaxtda keçirildi. "Mediaforum"un məlumatına görə, Şirin İbadi "Azadlıq" radiosunun farsca redaksiyasına açıqlamasında repressiyalara son qoyulması üçün bir neçə şərtə əməl olunmasının vacibliyini vurğulayır: "Hökumət vətəndaşlara qarşı zorakılığını dərhal dayandırmalı, seçkinin nəticələrinə dinc şəkildə etiraz edən məhbuslar sərbəst buraxılmalı, mətbuata hökumət senzurası ləğv edilməli, hökumət qüvvələrinin zorakılığına məruz qalanlara kompensasiya ödənilməli və BMT-nin nəzarəti altında yeni prezident seçkisi keçirilməlidir". Təbrizin müxtəlif universitetlərində çalışan 90-dan çox müəllim prezidentliyə iddiaçı Mirhüseyn Musəviyə məktub ünvanlayıb. Onlar seçkisonrasının bu acınacaqlı durumundan təəssüfləndiklərini vurğulayaraq, onu müdafiə etdiklərini bildirirlər. Baş verənlərdən hakimiyyətin də rahatsızlığı görünməkdədir. Bu baxımdan rəsmi Tehran daxili və xarici təzyiqləri nəzərə almaqdadır. İran KİV-in yazdığına görə, ölkənin ədliyyə sistemi son qarşıdurmalar zamanı həbs edilmiş insanlarla bağlı qərar qəbul etməyə hazırlaşır. Qurumun sözçüsü Əlirza Cəmşidinin bildirdiyinə görə, hazırda həbsxanalarda 150 belə məhbus var. Ötən gün onlardan 140-ı sərbəst buraxılıb. Məlumatlarda isə kütləvi etiraz aksiyaları zamanı tutulanların 300 nəfər olduğu deyilirdi. "Amerikanın səsi"nin xəbərinə görə, hüquq müdafiəçilərinə, siyasi məhbusların vəkillərinə basqılar edirlər ki, müvəkkillərinin hüquqlarını müdafiə etməsinlər. Beynəlxalq İnsan Hüquqları Təşkilatı vəkillərin və məhbus ailələrinin ifadələrinə əsaslanaraq müvafiq bəyanat yayıb. Beləliklə, ölkədə indiki vəziyyətin fonunda ictimai-siyasi böhranın artdığını söyləmək, perspektivdə isə daha ciddi hadisələrin baş verəcəyini ehtimal etmək olar... |