![]() |
çap et |
|
|||
İrandan yeni ölüm və dəhşətli işgəncə xəbərləri gəlir. Ört-basdır edilən mənhus faktların üstü bir-bir açılmaqdadır. "Azadlığın yaşıl dalğası" saytına istinadən "Mediaforum"un yaydığı məlumata görə, məlum etiraz aksiyasında iştirak edərkən öldürülmüş daha 3 gəncin adı açıqlanıb. Aksiyalarda tutulub 15 gün həbsxanada saxlandıqdan sonra sərbəst buraxılan Ramin Qəhrəmani isə azadlığın dadını yaşaya bilməyib - qəfil qıcolmadan keçinib. Həbsdən çıxandan sonra Ramin valideynlərinə deyibmiş ki, zindanda onu saatlarla ayaqlarından asılı vəziyyətdə saxlayıb, məcburi "etiraf" almaq istəyiblər.
Başqa bir xəbərdə bildirilir ki, 18 yaşlı Arman İstəxripur dinc aksiyalarda başından aldığı dəyənək zərbəsindən xəstəxanada keçinib. Həmin etiraz aksiyaları zamanı ürək nahiyəsindən güllə yarası almış Meysəm İbadinin meyitinin son günlər ailəsinə təhvil verildiyi və Tehran yaxınlığındakı "Behişti-Zəhra" qəbiristanlığında səssiz-səmirsiz basdırıldığı bildirilir. Yəqin ki, günlər ötdükcə etiraz aksiyasında öldürülən və ya orta əsrlərə xas barbar işgəncələrdən həyatını itirən daha neçələrinin adı üzə çıxacaqdır... İranın 70 milyonluq əhalisi bax belə bir məşum idarəetmənin girovuna çevrilmişdir. Bu qapalı ölkədə yayılan xəbərlərin doğruluğunu hakimiyyət təmsilçiləri özləri də dəqiqləşdirməkdə çətinlik çəkir. İyunun 12-də keçirilmiş prezident seçkisinin sonucuna etiraz edənlərin gülləbaran edilməsi kimi qaçılmaz bir fakt onların yaxasından bərk yapışıb. Hakimiyyət təmsilçilərinin bir-birinin ardınca qeyri-ciddi və doğru olmayan bəyanatlar verdiyi onların düşdüyü vahiməli ovqatdan qaynaqlanır. Məsələn, İranın informasiya və təhlükəsizlik naziri Möhsüni-Ejeyi təəccüb doğuran bir açıqlama ilə çıxış edib: "Bəzi iğtişaşçılar polis paltarı geyərək, xalqı güllələyib" (?!). "Ayna"nın ötən saylarından birində "Azad tribun" saytının "Hərana" adlı xəbər agentliyinə istinadən yaydığı məlumatı - 2009-cu il iyulun 12-də Yunis Ağaian adlı müxalifətçinin Urmiyanın mərkəzi zindanında dar ağacından asıldığını diqqətə çatdırmışdıq. Yola saldığımız həftənin sonunda Güney Azərbaycan İstiqlal Partiyası bunu təsdiqləməyən məlumat yaydı. Yunis Ağaianın yaxınlarına istinadən bildirilir ki, məhbus Urmiyadakı zindanın 12-ci şöbəsində saxlanır. Ona müdhiş işgəncələr verildiyi deyilir. Partiya bəyan edib ki, Yunis Ağaianın başı üzərində asılma təhlükəsi hələ də qalır və Tehran hakimiyyəti bu hökmü hər an icra edə bilər. İstiqlalçılar onun dar ağacından xilas olması üçün beynəlxalq dəstəyi artırmağı vacib sayırlar. Xatırladaq ki, Güney Azərbaycanın Qoşaçay rayonunun (toponim farslaşdırılaraq "Miyandab" adlanır) Üçtəpə kənd sakini, milliyyətcə azərbaycanlı Mehdi Qasımzadə bir neçə ay öncə edam olunmuşdur. Məhbus 4 il yarım həbsxanada saxlandıqdan sonra Urmiya şəhər həbsxanasında dar ağacından asılıb. "Savalanın səsi" saytının yaydığı xəbərə əsasən, Mehdi Qasımzadənin ailəsi cənazəni almaq üçün Urmiyadakı Xomeyni adına xəstəxanaya getsə də, oradakı məsullar meyiti qohumlara verməkdən imtina etmişlər. Mehdi Qasımzadə Qoşaçayın Üçtəpə kəndindən olan dörd nəfər əliallahi (dini təriqətdir) - İbadulla Qasımzadə, Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və Yunis Ağaianla birlikdə "hökumət qüvvələrinə silahlı müqavimət" ittihamı ilə həbs edilmişdi. Məhkəmə onlardan üçü barəsində 13 il azadlıqdan məhrumetmə cəzası çıxarmış, ikisini - Mehdi Qasımzadə və Yunis Ağaianı edama məhkum etmişdi. Yunis Ağaian barəsində ölüm hökmünün hələ icra edilmədiyi (əgər xəbər doğrudursa) ümidverici haldır. Amma orası da var ki, hakimiyyətin cəza orqanları bu kimi hallarda açıqlama vermir. Yunis Ağaianın müdafiəsi ilə bağlı imzatoplama kampaniyası isə davam edir. Əhalinin baş verənlərdən xəbərsiz saxlanmasının köhnəlmiş və primitiv praktika olduğunu söyləməyə ehtiyac yoxdur. Xalqa islam adı altında dəhşət saçmaqda davam edən molla hakimiyyəti isə bunun fərqində deyil. Onlar dərk etmirlər ki, 70 milyonluq əhalini informasiya blokadasına məhkum etmək, ətraf dünyanı İranda baş verənlərdən xəbərsiz saxlamaq müasir dünyada mümkünsüzdür. Hər şey gec-tez üzə çıxır. |