çap et  
Yaqut Abdullayevanın nisgili var
Rübabə Muradovadan sonra "Heydərbabaya salam"ı özü oxuyacaq
Şənbə, 01.08.2009

Xatun

"Efirdə-ekranda tez-tez görünməyi xoşlamıram. Tamaşaçının gözünə az görünəndə həsrətini çəkirlər. Əslində heç kim mənə mane olmur. Televiziya kanalları proqramlara dəvət edir. Amma pedaqoji işimlə bağlı bu dəvətləri bəzən qəbul edə bilmirəm". Əməkdar artist Yaqut Abdullayeva onun ifasını hələ də xatırlayanların olduğunu deyir. Hələ də "sükutu qorumaqda" davam edən xanəndənin öz yaradıcılıq planına daxil etdiyi mahnıları lentə yazdırmağa belə həvəsi yoxdur.

Lakin hər halda, "tənbəlliyin" daşını atıb tezliklə muğam, xalq və bəstəkar mahnılarından ibarət yeni proqram hazırlamağı düşünür. Bunun harada və hansı tarixdə təqdimatının olacağını indidən bilməyən həmsöhbətim məqsədi barədə açıqlama verdi. Xalq mahnılarına dəyişiklik etməyin əleyhinə olan Yaqut Abdullayevaya görə, "bəstəkar mahnılarını bəlkə də aranjiman etmək olar, ancaq xalq mahnılarına etiyac yoxdur". Onun uzun fasilədən sonra həyata keçirmək istədiyi layihə xalq mahnılarının təbliğinə həsr edilib. Muğam müsabiqələrini təqdir edən müğənni gənclər arasında çox gözəl səsi olanların varlığını vurğulayır: "Muğam və xalq mahnıları müsabiqələrində münsiflərin hamısının yüksək musiqi savadı var. Onların qeydləri ilə razılaşıram. Etiraf edirəm ki, müsabiqələrdə iştirak edən bəzi cavanların yaşında mən heç belə oxuya bilməzdim. O vaxt biz səhnədən, münsifdən, mikrofondan yaman çəkinirdik. Bizim üçün səhnəyə çıxmaq çox çətin idi. İndi cavanların sərbəstliyi xoşuma gəlir".

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri Mehriban Əliyevanın Qarabağ xanəndələrinin səsini bir yerə toplayıb dünyaya çıxarmasını alqışlayan Yaqut Abdullayeva bundan sonra muğama olan yad münasibətin aradan qalxacağını düşünür: "Mehriban xanım muğam sənətimizə çox yüksək dəyər verdi. Bu da biz muğam ifaçılarını ürəkləndirir, ruhlandırır. 20-30 il əvvəl muğam ifaçısı 50-60 yaşına çatanda fəxri ad alırdı, indi, maşallah, hamısı xalq artistidir. Dövlətimiz tərəfindən muğama da, muğam ifaçılarına da yüksək qiymət verilir. Bizim dövrümüzdə Zeynəb Xanlarova bir nəslin əlifbası idi. O vaxt texnika bugünkü səviyyədə inkişaf etməmişdi. Zeynəb xanım nəyi necə oxuyurdu, biz də onu götürüb oxuyurduq. İndiki gənclərin bir xüsusiyyətini də bəyənirəm ki, onlar bizim ifalarımızdan bəhrələnir, amma özləri kimi oxuyurlar".

Vaxtilə "Azəri star" yarışmasında iştirak edən tələbələri Miriş və Pərvizin hazırda ÜNS Teatrında çalışdığını deyən xanəndə onların gələcəyinə inandığını bildirdi: "Bu gün tamaşaçıların ixtiyarına minlərlə peşəkar səs ifaçıları verilib. Bizim ifamız artıq arxivdə qorunur. Köhnə nəsil artıq tövsiyələr verməli, istedadlı tələbələrə yol açmalıdır. Vaxtilə mən müəllimlərimdən gördüyüm dəstəyi bu gün bütün tələbələrimə göstərirəm".

Bir az əvvəl köhnə mahnılara yeni lent yazılarında nəfəs verəcəyindən danışan Yaqut xanım maraqlı bir açıqlama verdi. Dedi ki, yaxın həftələrin birində əvəzsiz sənətkar Rübabə Muradovanın repertuarından "Heydərbabaya salam"ı öz ifasında təzələyəcək: "Hiss edirəm ki, səsimdəki nisgil, ürəyimdəki ağrı bu mahnının ifasını tələb edir".

Söhbətinin sonunda Yaqut xanım sənət aləmində qalmaqalı qəbul etmədiyini bildirdi: "Düşünürəm ki, qalmaqalla ancaq bir həftə gündəmdə qalmaq olar. Qalmaqalla sənətdə qalmaq qeyri-mümkündür. Əsl sənət heç nəyə baxmayaraq, unudulmur".

Yaqut Abdullayeva Yaşıl Teatrda konsert vermək istədiyini söyləyir. Bu il səhnə fəaliyyətinin 35 ili tamam olsa da, bunu qeyd etməyi planlaşdırmır: "Təntənələrdən uzaq olduğuma görə bu yubileyi keçirməyi nəzərdə tutmuram. Amma tamaşaçılarımla yaxın vaxtlarda bir konsert proqramında görüşməyi arzulayıram".