çap et  
Xəyyam Zamiqlə Natəvanı təkrarlamayacaq
Xəyyam Zamiqlə Natəvanı təkrarlamayacaq
Tamaşaçı toplamadığı təqdirdə konserti təxirə salmayacağını deyir
Şənbə, 01.08.2009

Zəminə

Payız aylarına konsertlər təyin edən şou-biznes dünyası artıq indidən proqram hazırlığına başlayıb. Bunların sırasında gənc müğənni Xəyyam Nisanov da var. Lakin o, həmkarları kimi sərin ayda deyil, yayın ən isti günlərindən birində çıxış edəcək.

Hazırda musiqi qrupu ilə birlikdə məşq edən müğənni konsertin avqustun 16-da keçirələcəyini açıqladı. Lakin müğənninin ilk solo konserti paytaxta deyil, bölgələrdən birində təqdim ediləcək. Əsli Quba rayonundan olan müğənni ilk musiqili layihəsini məhz orada təqdim etməyi düşünür. Müğənninin bu layihəsinə bölgənin rəsmi şəxslərindən dəstək gəlib: "Bu, yaxın günlərdə yaranan ideya deyil. İlk müğənnilik addımlarımı Qubada atarkən böyük konsertimi məhz burada təqdim edəcəyimə söz vermişdim. Rayonda konsertin təbliğat kampaniyası başlayıb. Mən isə musiqiçi qrupu ilə birlikdə məşqləri davam etdirirəm".

Xəyyamın sözlərindən bəlli oldu ki, konsertin repertuarına xalq mahnıları daxil edilib. İlk layihəsini milli köklərimizə bağlayan müğənni eyni zamanda klassik əsərlər də ifa edəcək. Xəyyam Nisanov bildirdi ki, onun gecəsinə həmkarlarından dəvət alanlar var. Lakin onlar gecədə müğənni deyil, qonaq qismində iştirak edəcəklər. Onların istirahəti üçün Xəyyam və dostları tərəfindən şərait yaradılacaq.

Xatırladaq ki, ötən ay konsert proqramı ilə çıxış etmək istəyən Natəvan Həbibi və Zamiq gecəyə kifayət qədər tamaşaçı toplaya bilmədikləri üçün proqram təxirə düşmüşdü. Xəyyamdan tamaşaçı toplaya bilməyəcəyi təqdirdə belə bir addım atacağını soruşanda, hər bir variantda konsertin keçiriləcəyini söylədi: "Atdığım hər addımın uğurlu olacağına inanıram. Bilirəm ki, həmyerlilərim konsert salonunu boş qoymazlar. Artıq indidən gecəyə böyük maraq yarandığını eşidirəm. Hətta Bakıdan da konsertə gəlmək istəyənlər var".