41-ci İsveçrə caz festivalının gümüş mükafatçısı Şahin Növrəsli bu ilin noyabrında Avropa turnesinə başlayacaq. Cazmenin sözlərinə görə, turne çərçivəsində Avropanın 10 ölkəsində çıxış edəcək. Cazmenlə söhbətimizdə öyrəndik ki, onun bu sıradan ilk konserti Londonda olacaq. Daha sonra Avropanın digər ölkələrinə üz tutacaq. Şahin Növrəsli tamaşaçılara təxminən iki il ərzində hazırladığı yeni layihəsini təqdim edəcək. Xatırladaq ki, musiqi ilə erkən yaşlarından məşğul olmağa başlayan Şahin Növrəsli artıq 11 yaşında Azərbaycan Dövlət Filarmoniyasında Simfonik Orkestrin solisti kimi çıxış edib. Daha sonra Şahin Növrəsli təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində davam etdirərək, klassik musiqi ilə ciddi məşğul olub. Bakı Musiqi Akademiyasını bitirdikdən sonra isə musiqiçi özünü tamamilə caz musiqisinə həsr etməyi qərara aldı.
|