Sənət dünyasının yay istirahəti
 |
Çoxları artıq dincəlir, bəziləri isə avqustu gözləyir
Şənbə, 01.08.2009
|
|
Yayın gəlişi ilə işgüzar insanların, eləcə də sənət adamlarının iş fəaliyyətində müəyyən fasilələr yaranır. İlin üç fəslini qızğın iş qrafikində olanlar yayın bu günlərini müxtəlif məkanlarda istirahət edirlər. Onların sırasında çox az adam tapılar ki, yaradıcılıqla məşğul olsun. Bunlar toy bazarı, şou-proqramlarda yerini boş qoymaq istəməyən sənət adamlarıdır. Onların harada və necə istirahət etdiyini öyrənmək istədik.
Bəlli oldu ki, xalq artisti İlhamə Quliyeva bütöv bir yayı istirahət etmək fikrindədir. Yayın ilk günlərindən bağ evinə daşınan müğənni vacib məqamlarda paytaxta üz tutur: "Bildiyiniz kimi, bir müddət oğlumla birlikdə Moskvada Kremlin Barvixa sanatoriyasında dincəldim. Ara-sıra avtomobillə bölgələrə səfərlərim olur. Mən bu cür gəzintiləri sevirəm. Amma yayın sonuna kimi uzaq səfərə çıxmağı düşünmürəm". Röya Ayxan isə hamiləliyi ilə əlaqədar Bakı istilərinə bir o qədər tab gətirə bilmir. Gününün çoxunu Mərdəkandakı bağ evində keçirən sənətçi məlum vəziyyəti ilə bağlı bölgələrə sıx səfərlər edə bilmir: "Həkimim avtomobillə uzaq səfərlərə icazə vermir. Lakin bəzən qaydaları pozuram. Övladımın sağlamlığı mənim üçün önəmlidir. Çalışıram bu günlərdə vaxtımı daha çox bağda istirahətə sərf edim".
Çalışdığı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppası ilə birlikdə Türkiyədə sıx səfərlərdə olan xalq artisti Məleykə Əsədova hələlik istirahətə geniş vaxt ayıra bilməyib. Bağ evində dincələn müğənni avqustda uzaq səfərlərin olacağını istisna etmədi.
Onun seçimi isə hələlik bəlli deyil.
Başı yaradıcılıq işlərinə qarışan əməkdar artist Mətanət İsgəndərli dincəlməyə vaxt ayıra bilmir: "Bu yay nədənsə, geniş istirahət proqramı seçə bilmədim. Hər gün bir iş çıxır. Görürəm ki, ailəmin də istirahətə böyük ehtiyacı var. Yəqin, avqustun qorabişirən ayını istirahətə sərf edərik. Çünki həmin ayda istəsək belə, iş fəaliyyətini davam etdirmək olmur".
Xalq artisti Alim Qasımov isə qastrol səfərlərindən vaxt tapan kimi özünə 20 günlük istirahət vaxtı ayıracağını deyir. Xanəndənin istirahət edəcəyi məkan hələlik evi olacaq: "Bildiyiniz kimi, mənim xaricə səfərlərim sıx olur. Bu səbəbdən evdə az oluram. Bu günlərdə daha bir səfərim gözlənilir. Onu başa vurandan sonra bir neçə gün evdə dincəlməyi düşünürəm. Daha sonra ailə üzvlərimi də başıma toplayıb doğma məkanım olan Şamaxıya üz tutacam. Əsl istirahət proqramını orada düşünürəm".
Xalq artisti Aygün Kazımovanın aparıcısı olduğu "Xeyir ola" verilişinin yayımı davam etdiyi üçün müğənni uzunmüddətli istirahət proqramı seçə bilməyib. Verilişdən sonra bağ evinə yollanan müğənni orada qızı və Namiq Qaraçuxurlu ilə birlikdə olduğunu dedi. Lakin avqustda daha çox dincələ biləcəyini söylədi. Vurğuladı ki, həmin günlərin proqramı bağ evində deyil, ölkədən kənarda müəyyən edilə bilər. Müğənni harada dincələcəyini müəyyən etsə də, əvvəlcədən açıqlama vermək istəmədi. Vurğuladı ki, həmin istirahət proqramı sentyabrda verəcəyi konsert üçün enerji mənbəyi olacaq.
Manananın işləri çox olduğundan avqust ayında tətilə yollanmağı düşünür. Lakin istirahət proqramını fərqli seçib. Bildirdi ki, o, vaxtilə görüb-sevdiyi həyat yoldaşı ilə ailə qurduğu yer - Qara dənizin sahili olacaq.
İradə İbrahimova Türkiyədə yaşayan azərbaycanlı ilə ailə həyatı qurduğu üçün hazırda İstanbuldadır. Onun mətbuat katibinin bildirdiyinə görə, ailəvi istirahət üçün Türkiyədən kənarı seçməyiblər. İstanbulun istirahət mərkəzlərində dincələn müğənni həyat yoldaşı ilə birlikdə arabir Bodruma da baş çəkir. Söhbət zamanı o da bəlli oldu ki, bu ayın son günlərində İradə xanımın Bakıya səfəri gözlənilir. O, son mahnılarından olan "Nigaranam"a klip çəkdirmək üçün bir həftəlik vaxtını çəkilişlər üçün ayıracaq.
Xalq artisti Nazpəri Dostəliyeva hazırda Novxanıdakı villasında istirahət edir: "Çox güman ki, ara-sıra layihələrimlə bağlı xarici ölkələrə səfərlərim olacaq. O vaxt bir-iki gün də istirahət üçün vaxt ayıraram". Skripkaçı Ceyhun da artıq istirahətdədir: "Mən artıq Sumqayıtda bağ evimdə dincəlirəm. Sentyabr ayına kimi istirahət etməyi planlaşdırıram. Bu arada iki xarici ölkəyə səfərim olacaq, hansı ölkəyə gedəcəyim barədə qərar verə bilmirəm. Bundan başqa, Azərbaycanın gəzməli bölgələrinə də səfər etməyi düşünürəm". Bu günlərdə Dubaydan səfərdən qayıdan müğənni Zamiq səfərə istirahət məqsədi ilə getmədiyini bildirdi. Dedi ki, yay ayının ilk günlərindən vaxtının bir qismini istirahətə, qalanını isə yaradıcılığa sərf edir: "Havaların necə keçməsindən asılı olmayaraq yaradıcılıqdan uzun müddət uzaqlaşmaq mümkün deyil. Həftənin ilk günlərini daha çox dostlarla istirahətə ayırıram. Həftəsonlarında isə yaradıcılıq işləri çoxalır və baş qaşımağa vaxt tapa bilmirəm. Bu məni narahat etmir. Çünki ilin bütün fəsillərində dincəlmək mümkündür".
Əməkdar artist Tünzalə Ağayeva əvvəlcədən yay işlərini bir kənara qoyub istirahət etmək haqqında fikirləşib: "Yaxın günlərdə İsrailə, Türkiyəyə yaradıcılıq səfərlərim olacaq. İş arası fürsət tapıb bir balaca dincəlməyi də düşünürəm. Bu günlərdə bölgələrə səfər etmişdim. Avqustda albom hazırlıqlarına başlayacağım üçün həmin ərəfədə istirahətə çox vaxt ayıra bilməyəcəyəm".
|
|
|
|
|
|
|