![]() |
çap et |
|
|||
"Gözəllik ondur, doqquzu dondur", "İnsanı geyiminə görə qarşılayar, ağlına görə yola salarlar". Bu atalar sözləri hamımıza tanışdır. İnsanın seçdiyi geyimin rəngi, forması, özü, onun xasiyyətindən və zövqündən xəbər verir. Hər bir sahənin, eləcə də modanın öz peşəkarları, mütəxəssisləri var, onlarla arabir də olsa məsləhətləşmək, çalışmaq insana fərdiliyini qorumağa kömək edir. Bugünkü həmsöhbətim Azərbaycanda və xüsusilə incəsənət aləmində yetərincə tanınan modelyer Gülnarə Xəlilovadır.
- Necə oldu ki, modalar aləminə gəldiniz?- Əgər desəm ki, modelyer sənətinə həvəsim hələ uşaqlıq illərində yaranıb, bu bir gerçəkdir. Əvvəllər kuklalarıma-gəlinciklərə biçib-tikdiyim paltarlar ətrafdakıların diqqətini cəlb etdi. Onların məmnunluq reaksiyası, müxtəlif formalı paltarlarıma göstərdikləri maraq mənim bu işə həvəsimi artırdı. Həmişə insanları gözəl görmək istəmişəm. Yüksək geyim mədəniyyətinə yiyələnmələrini arzulamışam. Əlim qələm, iynə, qayçı tutandan, toxuculuq terminlərinə yiyələnən anlardan əməli fəaliyyətimi bir an belə dayandırmadım. Görünür, bütün bunlar məni modelyer-dizayner sənətinə bağlayıb və bu sahəyə istiqamətləndirib. - Siz modelyer-dizaynersiz, bəs dizayna necə oldu meyil saldınız? - Moda və dizayn bir-birlərinə yaxın sahələrdir. Mənə hansı məkanı həvalə etsələr, həmin məkana maraqlı dizayn verə bilərəm. Misal üçün, öz evimdə, ofisimdə birinci yaratdığım komfortdur. Əsas rahatlıqdır, sonra artıq pərdələrə, divar boyalarının rənginə, mebel seçiminə nəzər yetirirəm. Bir məkana dizayn vermək üçün onun quruluşuna, işığın ora hansı tərəfdən düşməsinə, hər bir xırda detala mütləq fikir verək lazımdır. - Sizcə, insanın daxili aləmi, keçirdiyi hisslər və zahiri görünüşü arasında bir əlaqə varmı?- Əlbəttə, insanın daxili aləmi ilə geyiminin böyük əlaqəsi var. Hər kəs daxili aləminə, zövqünə uyğun geyinir və çoxusu doğru seçim edə bilmir. Hər bir modelyerin işləri fərqlənir, çünki onlar hər bir dəbə öz nəzər nöqtəsindən yanaşırlar. Geyim seçərkən insan öz boyuna, sifət quruluşuna, rənginə, saç formasına, göz rənginə, daxili aləminə, dünyagörüşünə xüsusi fikir verməlidir. - Bəs sırf qara və ağ rənglərdən istifadə edən xanımlar haqda nələri söyləyə bilərsiniz? - Bu da onların daxili aləmlərindən irəli gəlir. Hər ikisi də gözəl rənglərdir. İnsan doğrudan da bu rənglərdən bezmir. Düşünürəm ki, sırf bu rənglərə müraciət edən insanların əhval-ruhiyyəsi bunu tələb edir. Bu rənglər klassik və hər zaman dəbdə olan rənglərdir. - Gözəl geyim insanın əhval-ruhiyyəsini dəyişə bilər? - Dəyişir. Bir çox psixoloqlar da bunu təsdiq ediblər ki, ruh düşkünlüyü keçirən insanlar dükanları gəzib özlərinə geyim aldıqdan sonra əhval-ruhiyyələri yüksəlir. Hətta bir şopinq-terapiya da mövcuddur. Həqiqətən də, insan yeni libaslarını geyindiyi müddətdə ruh yüksəkliyi hiss edir və özünə inamlı olur. Bu mənada insanın geyim tərzi əhval-ruhiyyəsi ilə sıx bağlıdır. - Keyfiyyətli geyim insanı stilli (dəbdəbəli) göstərə bilərmi? Ümumiyyətlə, insanın stili, dəbdəbəli görsənməsi üçün nə lazımdır? - İnsan stilli, dəbdəbəli görsənmək istəyirsə, onun daxili aləmi zahiri aləmi ilə üst-üstə düşməlidir. Elə də olur ki, olduqca stilli görsənən, son modayla geyinən xanım oturur səninlə iki kəlmə söz kəsir və o dəqiqə anlayırsan ki, yox, bunun zahiri aləmi daxili aləmi ilə üst-üstə düşmür. İnsan daxildən təmiz olmalıdır. Zövq isə, zənnimcə, artıq uşaqlıqdan formalaşır. Mən uşaqlıqdan insanları, onların geyimlərini, həyatlarında baş verən maraqlı hadisələri kənardan müşahidə etməyi sevmişəm. Həyat budur, gələ-gələ görürsən və başqalarının yanlışlıqlarını görüb özün onları təkrarlamamağa çalışırsan.- Tutaq ki, bir insan hansısa mərasimdə öz görünüşü ilə hər kəsin fikrini cəlb etmək istəyir, amma əlindəki məbləğ yalnız bir dəyərli əşya almağa imkan verir. Həmin əşya nə olmalıdır? - Elə insan var ki, ayaqqabı xəstəsidir. Mən daha çox geyimə fikir verirəm, ayaqqabını paltara, çantanı isə ayaqqabıya uyğun seçmək olar. Əsas odur ki, geyim təmiz, rahat və zövqlü olsun, onun qiyməti önəmli deyil. - Geyimdə milli koloriti necə saxlamaq olar? - Hər zaman çalışmışam ki, tikdiyim paltarlarda milli ornamentlərdən, formalardan istifadə edim, istər kostyum olsun, istərsə də idman üslublu paltar. Milli geyimlərə də müasirlik gətirmək lazımdır. Şəxsən mən boğaz və qol kəsimlərinə toxunmayaraq, milli paltara rahatlıq verməyə çalışıram. Məsələn, vaxtilə qat-qat, üst-üst paltarlar geyinirdilər və ən sonda arxalıq və ya ləbbadə olurdu. İndiki zamanda həmin geyim tərzinin görüntüsünü yaratmaq mümkündür. - Bizim şou-biznesdə kimlərlə çalışırsınız?- Yaradıcılıq fəaliyyətimin lap başlanğıcından sənət adamları ilə çalışmışam. Onların arasında Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Flora Kərimova, Gülüstan Əliyeva, Simarə İmanova olub. İndi Tünzalə Ağayeva, Aşıq Samirə, Röya, Samira, "Rast" qrupu. "Can bala" uşaq-pop qrupu ilə çalışıram. - Xoşbəxtliyi bir sözlə ifadə edin... - Bilirsiz, bu gün mən Gülnarə Xəlilova olduğuma görə, hər şeyə görə Tanrıya borcluyam. Hər zaman onun qayğısını və köməyini hiss edirəm, dəfələrlə həyatımda, işimdə gözləmədiyim möcüzələrlə qarşılaşıram. |