çap et  
Maykl Ceksonun daha bir oğlunun varlığı iddia edildi
Maykl Ceksonun daha bir oğlunun varlığı iddia edildi
Hazırda DNK testi aparılır
Şənbə, 01.08.2009

Şəms

Dünyasını dəyişən pop kralı Maykl Ceksonun daha bir oğlunun varlığı iddia edilir. "The Sun" qəzetinin yazdığına görə, Ceksonla vida mərasimi zamanı 25 yaşlı Ömər Bhatti onun qardaşlarının və bacılarının yanında oturub. Ömər Bhatti onun üçün ayrılmış birinci sırada olub. Ömər Ceksonlar ailəsi kimi qara eynəkdə olub və mərasimin sonuna qədər eynəyini çıxarmayıb. O, mərasim zamanı həddən artıq kədərli olub. Bundan əlavə, onun barəsində müxtəlif şayiələr yayılıb və uşaqlıq şəkilləri nümayiş etdirilib. Bütün bunlar Ömər Bhattinin Maykl Ceksonun böyük və indiyə qədər adı gizli saxlanan oğlu olduğunu söyləməyə əsas verir. Sözügedən qəzet Ömər Bhatti ilə Maykl Ceksonun "rəsmi uşaq"larından üçüncüsü olan İkinci Prins Mayklın bir-birlərinə yaman çox dərəcədə bənzədiklərini qeyd edir. Qəzet yazır ki, Bhattinin ailəsi Norveçdə yaşayır. Onun ailəsi Ömərin Ceksonun oğlu olduğu barədə şayiələri təkzib etmir. Maykl Ceksonun ölümündən sonra Ömərin anası Piya deyib: "O, pop musiqisinin kralı idi. Amma bizim üçün o, daha böyük mənaya malik idi". İndi isə Piya hər hansı şərh verməkdən qətiyyətlə imtina edir. Onun əri, 40 yaşlı pakistanlı Riz isə Ömərin həqiqətən də dəfn mərasimində Ceksonun qohumlarının yanında olduğunu təsdiq edib. Qəzetin yazdığına görə, Maykl Cekson 2004-cü ildə dostlarının yanında gözlənilməz etirafla çıxış edib. O, oğlunun anası Piya ilə qısa sürən münasibətdən sonra 1984-cü ildə "norveçli Ömərin" dünyaya gəldiyini bəyan edib. Yazılanlara görə, Piya və Riz Ceksonun yanında işləyirmişlər. Piya dayəlik edib, Riz isə sürücü olub. Ömər isə bir neçə il pop ulduzunun "Neverland" rançosunda yaşayıb və Ceksonlar ailəsinin üzvü kimi qəbul edilib. Maykl və Ömər ilk dəfə 1996-cı ildə görüşüblər. Bundan sonra o, müğənni ilə ictimaiyyət arasında görünməyə başlayıb. Bu yaxınlarda Ceksonun evində Yeni il gecəsi çəkilən video tapılıb. Həmin videoda Ömər də Ceksonun digər uşaqları kimi "ata"sından hədiyyə alır. Hazırda Ömərin DNK analizi vasitəsi ilə Maykl Ceksonun oğlu olduğunu sübut etməyə çalışdığı xəbər verilir.