![]() |
çap et |
|
|||
Bələdiyyə Teatrının rəhbəri, xalq artisti Amaliya Pənahova çıxışlarında teatrın durumundan yorulmadan danışır. Aktrisa söhbətində teatrın dirçəlməyə doğru getdiyini bildirsə də, problemlərin mövcudluğunu da inkar etmir: "Teatrda heç vaxt yüksək qazanc olmayıb. Qazandığımız yalnız mənəviyyat olub. Bəzən aktyorluq peşəsini çoxlu pul qazanmaq məqsədi ilə də seçənlər olub. Hətta məndən sonra özəl teatr açmaq istəyənlərin sayı artdı. Amma görəndə ki, işlədə bilmirlər, bu niyyətdən vaz keçdilər. Mənə elə gəlir ki, işə birinci qazanc niyyəti ilə yanaşmaq doğru seçim deyil. İnsan öncə mənəvi varlığı düşünməlidir. Eyni zamanda teatra dövlət yardımı vacibdir. Hərdən bəziləri deyir ki, teatr özü-özünü dolandıra bilər. Bu mümkün deyil. Bizdə bilet satışı ilə böyük bir sənət ocağını yaşatmaq reallıqdan uzaqdır. Əgər teatra dövlətin diqqəti yoxdursa, onda dilimiz də, mənəviyyatımız da, tariximiz də, mədəniyyətimiz də puç olacaq. Rusiya, Türkiyə, Amerika və ya başqa ölkələrə nəzər salın. Orada dövlət tərəfindən dəstəklənən teatrlar yüksək səviyyədə inkişaf edir və millətin mədəniyyətini, tarixini yaşatmağa qadir olur. Proses bu gün artıq Azərbaycanda da gedir. Teatrlarda əsaslı təmir işləri aparılır. Onların təchizatı, avadanlıqları yenilənir. Hərçənd bu işlər Bələdiyyə Teatrına aid deyil. Ancaq biz buna sevinirik və ümid edirik ki, sıra bizə də çatar.
Gənclərin teatra axınından danışan Amaliya xanım qeyd etdi ki, bu meyil ildən-ilə genişlənsə də, sonda ümidlər boşa çıxır: "Çünki qalıblar iki yol ayrıcında - pul qazansınlar, yoxsa teatra xidmət etsinlər. Bir az əvvəl söylədiyim kimi, teatrlarda qazanc azdır. Özünü sənət fədaisi etmək istəyən gənclər sonda tükənirlər. Başa düşürlər ki, bu gün çox şeyi pul həll edir. Onlar da dostları kimi qazanmaq, ailə-uşaq sahibi olmaq istəyirlər. Lakin aktyor maaşı buna imkan vermir. Bu sənətə gəldiyi üçün peşman olan aktyorlar var. Lakin bu meylin kütləvi şəkil aldığını deyə bilmərəm. Şou məkanlar, toylar onlara qazanc üçün imkan yaradıb. Aktyor bu gün səhnədə hansısa bir faciə qəhrəmanını oynayır, səhəri gün isə şadlıq evlərində insanları əyləndirir. Aktyorluq bacarığı onlara bu imkanı verir". Aktrisanı narahat edən səbəblərdən biri teatr ssenariləridir. O deyir ki, bu gün teatrın repertuarında maraqlı tamaşalar var. Lakin gün gələcək yenilik axtaran tamaşaçıya yeni və tutumlu əsər göstərmək müşkülə çevriləcək. Bu gün möhtəşəm sənət örnəkləri axtarışında olduğunu diqqətə çatdıan Amaliya xanım bunun bir nəticə verəcəyinə inanır: "Ümid olmasa, insan yaşaya bilməz. Mən də ümid edirəm. Mətbuatı, televiziyanı izləyirəm və istedadlı gənc nəslin yetişdiyinin şahidi oluram. Lakin teatr əksəriyyətinin diqqətini hələ də özünə cəlb edə bilmir. Mən onlardan sanballı əsərlər gözləyirəm". Sonda başqa bir məsələyə də toxunan həmsöhbətim məktəblərdə teatr fənninə saat ayrılması təklifi ilə çıxış etdi. Bildirdi ki, uşaqların kiçik yaşlarından teatr estetikası ilə böyüməsi, onun fikrincə, vacibdir. Aktrisanın fikrincə, bu, bir sıra ölkələrdə çoxdan tətbiq edilir. |