"Strategiyamız belədir ki, öncə Türk ölkələrinin riyaziyyat elminin inteqrasiyasına nail olmalıyıq, ardınca birgə səylərimizlə dünya riyaziyyat elminə inteqrasiyamız asanlaşacaq. Hər ölkənin bunu təklikdə etməsi çox çətindir. Almatıda Türk Dünyası Riyaziyyatçıları Cəmiyyətinin (TDRC) 3-cü konqresi bu baxımdan önəmli bir mərhələ idi".
Bu sözləri BDU Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, Azərbaycan MEA həqiqi üzvü, akademik Fikrət Əliyev bu konqresdən sonrakı mülahizələrini bizimlə bölüşərkən dedi. Akademik söylədi ki, Almatıda bu qurumun adını "Avrasiya Riyaziyyatçılar Cəmiyyəti" kimi təsbit etmək təklifi keçməyib, Azərbaycan və Türkiyənin riyaziyyatçı alimlərinin qəti fikri ilə mövcud ad qorunub saxlanmışdır. Fikrət Əliyev əmindir ki, qarşıdakı Bakı konqresi də Almatı konqresi kimi yüksək səviyyədə keçəcəkdir.
Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində keçirilən Konqresə dünyanın 15 ölkəsindən, o cümlədən, Azərbaycandan tanınmış riyaziyyatçı alimlər toplaşmışdılar. Türk ölkələrindən təkcə Türkmənistan riyaziyyatçıları tədbirə qatılmayıblar. TDRC prezidenti vəzifəsinə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru, professor Bakıtjan Jumaqulov seçilib. Vitse-prezidentlər isə Etibar Pənahov (Türkiyə, əslən Azərbaycandan) və Azərbaycan MEA həqiqi üzvü, akademik Fikrət Əliyevdir. Xatırladaq ki, TDRC-nin yeni seçilmiş İdarə Heyətində Azərbaycan alimlərindən Yusif Qasımov və Bilal Bilalov da təmsil olunurlar.
Fikrət Əliyev bildirdi ki, Bakı konqresi 2011-ci il iyunun sonları, iyulun əvvəlləri üçün planlaşdırılır və ümid edilir ki, bu, çox möhtəşəm bir tədbir olacaq. Çünki Azərbaycanın dövlət məqamları və MEA rəhbərliyi prestijli elm sahəsi olan riyaziyyata dair bu konqresin məhz Bakıda keçiriləcəyinə böyük önəm verirlər. Bir də ona görə ki, riyaziyyat bu gün həyati əhəmiyyət daşıyan bir sıra sənaye sahələri, məsələn, Azərbaycanda sürətlə inkişaf edən informasiya texnologiyaları sahəsi ilə bilavasitə bağlıdır.
1999-cu ildə Firat Universitetində (Elaziq, Türkiyə) keçirilən ilk konqresdə bu qurum yaradılarkən belə bir mülahizə əsas götürülmüşdü ki, Türk Dünyasının riyaziyyat elmində ənənələri və çox böyük elmi potensialı mövcuddur. Tarixə ekskurs etdikdə, Əl-Farabi və Nəsirəddin Tusinin adını çəkmək kifayətdir. Fikrət Əliyev xatırladır ki, indinin özündə də mübahisələr var ki, Nyuton binomları ilk dəfə Nəsirəddin Tusidə mürəkkəb formada həllini tapıb və belə bir fikir var ki, Nyuton bunu Nəsirəddin Tusidən əxz etmişdir. Bu gün Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Güney Azərbaycan, Tatarıstan və Başqırdıstanın dünyaca tanınan və təəssübkeş riyaziyyatçı alimləri var.
Odur ki, bizlərin dünya elminə inqeqrasiyası çox vacib sayılır, əks halda, bu elm sahəsində böyük potensialımız ola-ola zəif qalmağa məhkumuq. Amerikanın bir sıra elm mərkəzlərinə türkiyəli riyaziyyatçıların rəhbərlik etdikləri yaxşı bir hal kimi göstərilir. Ümumiyyətlə, Türkiyədən bir sıra çox güclü riyaziyyatçılar hazırda ABŞ və Avropa ölkələrində elmin bu sahəsini uğurla təmsil edirlər. Buna üstəlik, Türkiyənin riyaziyyatçı alimlərinin, riyaziyyatla məşğul olan elm mərkəzlərinin Qərb ölkələrinin bənzər elm mərkəzləri ilə sıx əlaqələri var və türk ölkələri riyaziyyatçıları bir qurumda birləşdikdə bu qərarlaşmış əlaqələrin hamı üçün ancaq faydalı ola biləcəyinin fərqindədirlər. Bu mülahizələr də akademik Fikrət Əliyevə məxsusdur.
TDRC vitse-prezidenti ölkəmizin riyaziyyat elmində işıqlı simalarını sadalayır: akademiklər Zahid Xəlilov, Məcid Rəsulov, Əşrəf Hüseynov, İbiş İbrahimov, Mirabbas Qasımov, Cəlal Allahverdiyev, Fəraməz Maqsudov, Qoşqar Əhmədov... Əlavə edir ki, bu böyük riyaziyyatçı alimlər hərəsi bir məktəbdən gəlmişdi və aralarında həmin məktəblərdən doğan elmi ixtilaflar vardı. Məsələn, Zahid Xəlilov və Məcid Rəsulov, Əşrəf Hüseynov və İbiş İbrahimov, Mirabbas Qasımov və Cəlal Allahverdiyev arasında bu vardı. Bu onun nəticəsini, o bunun nəticəsini qəbul etmirdi, Moskvadakı elmi rəhbərlərinin ixtilaflarını Bakı müstəvisinə gətirmişdilər, düşünmürdülər ki, bu mübahisələr Moskvada da qalmalıdır. Çox təəssüf ki, bu böyük alimlər Azərbaycan riyaziyyat elminin nüfuzu naminə ortaq məxrəcə gələ bilmədilər. Onlar bir araya gəlib böyük məktəblər yarada bilərdilər və əfsuslar olsun ki, bu pərakəndəlik indi də qalır.
Fikrət Əliyev onu da bildirdi ki, hazırda Türkmənistanın riyaziyyatçı alimləri ilə də münasibətlər qurulur. Bundan başqa, TDRC adından Bakıda "Təmiz riyaziyyat və onun tətbiqləri" adlı daha bir beynəlxalq indeksli elmi jurnal nəşr etməyə hazırlaşırlar. Bu iş Fikrət Əliyevə həvalə edilmişdir və onun ilk sayı oktyabrda işıq üzü görəcəkdir.
|