Beş metro stansiyasında ikinci çıxış tikiləcək
 |
Stansiyaların sayı 60-a çatacaq, Bakı-Sumqayıt xəttində sürət qatarı şütüyəcək
Şənbə, 01.08.2009
|
|
Metromuz inqilabi dəyişikliklər ərəfəsindədir. "Bakı Metropoliteninin 20 illik inkişafı Dövlət Proqramı"na əsasən, stansiyaların sayı 20-dən 60-a qədər artırılacaq. Sözügedən proqram hazırlanarkən Bakının baş planı və əhalinin məskunlaşması nəzərə alınmaqla, digər ictimai sərnişindaşıma nəqliyyat vasitələri ilə (avtobus, elektrik qatarı) əlaqələndirilməsi də nəzərdə tutulur. Proqram layihəsinin hazırlanması ilə əlaqədar Bakı Metropoliten İdarəsinə 2008-ci ildə 2, cari ildə isə 6 milyon manat vəsait ayrılıb.
Bakı Metropoliteninin yeni baş sxemi tərtib ediləcək. Bu iş beynəlxalq təcrübədən istifadə olunmaqla görüləcək. İstismarda olan metro şəbəkəsinin texniki vəziyyətinin təhlili və müayinəsi əsasında təkmilləşdirilmə, təhlükəsizliyinin artırılması, zəruri hesab edilən yenidənqurma və bərpa işləri, maddi-texniki təchizatının yaxşılaşdırılması da proqramda öz əksini tapır.
Bakı Metropoliteninin rəis müavini, Tikilən Metropoliten Müdiriyyətinin rəisi Arif Rəsulovun sözlərinə görə, müxtəlif ölkələrin layihə institutları bu işə cəlb ediləcək. Bildirdi ki, texniki-iqtisadi əsaslandırma işləri iki istiqamətdə aparılır. Bunlardan biri yeni stansiyaların tikilməsini, digəri mövcud stansiyaların yenidən qurulmasını əhatə edir. Əsas məqsədlərdən biri metropoliteni digər yerüstü nəqliyyat qovşaqları ilə maksimum birləşdirmək və əlaqələndirməkdir. Bu zaman birgə nəqliyyat terminallarının tikintisi nəzərdə tutulur. Burada isə mütləq yeraltı avtodayanacaqların olması zəruridir. Bu isə sərnişinlərin əlavə vaxt itirmədən və zəhmət çəkmədən digər nəqliyyat vasitəsinə əlçatanlığı deməkdir.
Bakı Metropoliteninin 40 ili ərzində 21 stansiya istifadəyə verilib. "Nəsimi" stansiyası istifadəyə verildikdən sonra "Azadlıq prospekti", "Müşfiq" stansiyaları və Dərnəgül elektrik deposu istiqamətində işlər aparılır. Bakı Metropoliteni xətlərinin yeni inkişaf planı hazırlanıb. Yeni layihəyə əsasən, stansiyaların sayı 20-dən 60-a çatdırılacaq.
Xətlərin yeni sxemi hazırlanarkən bir çox məqamlar nəzərə alınıb. O cümlədən, sərnişinlərin şəhərin giriş qapılarından - Şıx, Xırdalan, Qurd qapısından götürülməsi, inşa olunacaq yeni stansiyaların şəhərin əsas küçə və prospektlərinin altı ilə keçməsi, xətlərin müstəqil hərəkət etməsi və sair nəzərdə tutulur.
Arif Rəsulov deyir ki, Yeni Əhmədli, Əhmədli, Yeni Günəşli, Köhnə Günəşli, Qaraçuxur, Bakıxanov kimi qəsəbələrin hər birində yüz mindən çox əhali yaşayır. Onun fikrincə, bu ərazilər mütləq metropolitenin sxeminə daxil edilməli, stansiyaların tikintisi oralara gedib çıxmalıdır: "Bizim sxemə Bakının mikrorayonları da salınacaq. "Nəsimi" stansiyasının davamı olan "Azadlıq prospekti" stansiyasından sonra "Müşfiq" stansiyası tikiləcək və beləliklə, 7-ci mikrorayona gedib çıxacağıq. Yaxın zamanlarda "Müşfiq" stansiyasında qazma işlərinə başlanacaq. Digər 2 stansiyada - "Memar Əcəmi"nin yanında, Bakı Avtovağzalı istiqamətində "Cavad Xan" keçid stansiyası və "Avtovağzal" stansiyasının tikintisinə də başlanacaq. Tikinti aparılacaq ərazilərdə yerləşən vətəndaşlara dəyə biləcək zərərin kompensasiyası 100 faiz ödəniləcək. Təbii ki, söhbət sənədləri tam qaydasında olan obyekt və yaşayış sahələrindən gedir".
Hələ sovet dönəmindən Bakı ilə Sumqayıt şəhərlərini birləşdirəcək metro xəttinin nəzərdə tutulduğunu və bu layihənin sonradan bəzi səbəblər ucbatından təxirə salındığı deyilir. Məsələ bu gün də gündəmdədir. Bakı-Sumqayıt istiqamətində metro xəttinin çəkilişi nə qədər gerçəkdir? Bu sualı cavablandıran müsahibim bildirdi ki, bununla bağlı bir dəfə tender elan olunsa da, baş tutmayıb. Bu tenderdə 8 dövlətin şirkətləri iştirak ediblər. Son olaraq bu dövlətlərin iştirakı ilə konsorsium yaradılıb. Konsorsiuma Fransa və Cənubi Koreya şirkətləri daxildir: "Konsorsiumun Bakıda ofisi fəaliyyət göstərir ki, yaxın zamanlarda bu konsorsium geoloji qazma işlərinə başlayacaq. Konsorsium bizə Bakı Metropoliteninin inkişaf sxemi layihəsinin texniki-iqtisadi əsaslandırmasını 2010-cu ilin yayına təqdim etməlidir".
Rəsulovun söylədiklərindən məlum oldu ki, yeni tikilən xətlərin biri ilə Xırdalan şəhərinə qədər getmək mümkün olacaq. Hətta Xırdalan şəhərinə bir neçə stansiya düşəcək. Qeyd edək ki, Xırdalana qədər metro vasitəsilə, Xırdalandan isə keçid vasitəsilə Sumqayıt istiqamətinə sürətli qatar xəttinin çəkilişi ideyası var. Deməli Sumqayıta metro yox, sürətli qatar xətti olacaq.
Bakı Metrosunun bəzi stansiyalarının tək bir çıxışı var ki, iş gününün pik saatlarında burada insan sıxlığı yaranır və artıq vaxt itirməli olursan. Arif Rəsulovun dediklərindən məlum oldu ki, metropolitenin ən zəif yeri dərinözüllü - "Xətai", "28 May", "Sahil", "Nizami", "Elmlər Akademiyası" və "İçərişəhər" stansiyalarının ikinci çıxışının olmamasıdır. O bildirdi ki, bu istiqamətdə işlərin görülməsi üçün Dünya Bankı ilə son bir il ərzində çox ciddi danışıqlar aparılıb: "Dövlət Büdcəsindən vəsait ayrılmasa belə, bu çətin məsələnin həlli istiqamətində işlərə başlanacaq. Belə ki, artıq "28 May" stansiyasının ikinci çıxışı istiqamətində işləri bu ilin sonuna yekunlaşdıracağıq. Gün ərzində 60 min sərnişin qəbul edən "Elmlər Akademiyası" stansiyasının da bir çıxışı var ki, bu da bir sıra çətinliklər yaradır. Bakı Dövlət Universitetinin qarşısına çıxışın açılması üçün sovet dönəmindən layihə olsa da, yenidən Bakımetrolayihə İnstitutuna müraciət edilib. Müasir texnologiyalar nəzərə alınmaqla 2010-cu ildə ən başlıca vəzifə "Elmlər Akademiyası" stansiyasında ikinci çıxışın tikintisinə başlamaqdır. Qalan 5 stansiyanın çıxışlarının layihələri isə yenidən işlənəcək. Artıq bununla bağlı müvafiq göstəriş verilib".
Bizim metroda qatarların hərəkəti zamanı yüksək səs narahatlıq yaradır. Bəzən təkərlərin sürtünmə səsi, relsdən relsə keçdikdə birləşmələrin səsi dünya standartlarından çox uzaq görünür. Arif Rəsulov aydınlıq gətirir: "Biz artıq bu məsələ ilə məşğul oluruq. Metronun yol təsərrüfatında səsin, titrətmənin azaldılması yönündə böyük işlər aparılır. O cümlədən, uzun ölçülü 250 metrlik relslərdən istifadə ediləcək, həmin relslər qovuşuqsuz birbaşa quraşdırılacaq və titrəməyə davamlı rezin altlıqlar qoyulacaq. Növbəti xətlərdə bu standartlar tətbiq ediləcək. Bu gün yeni vaqonların Avropa ölkələrindən və ya Koreyadan alınması ilə bağlı müzakirələr aparılır. Hansı bizim üçün daha məqsədəuyğun olsa, o ölkədən də vaqonlar və eskalatorlar alınaraq ölkəyə gətiriləcək. Yeni alınacaq vaqonlarda kondisioner sistemi, monitorlar, videokameralar quraşdırılacaq və vaqondan vaqona keçmək mümkün olacaq. Onu da qeyd edim ki, yeni tikiləcək stansiyalar ən azı 6 vaqon üçün nəzərdə tutulur. Hazırda ABŞ, Türkiyə, Sinqapur və Çində yalnız Koreya istehsalı olan vaqonlardan istifadə edilir".
|
|
|
Oxşar xəbərlər:
Fərda Qədirov metroda terror aktı törətmək istəyirmiş
|
|
|