Bakı şəhər Ticarət və İstehlak Departamenti, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi açıq su satışı ilə bağlı reydlər keçirəcək. Xatırladaq ki, kanalizasiya xətti, daimi suyu olmayan ərazilərdə açıq su satışı qadağan olunsa da, bunun qarşısını almaq mümkün deyil. Açıq su satışı zamanı texniki sulardan istifadə edilməsi, qabların yuyulmaması faktları mövcuddur. Bu isə yoluxucu xəstəliklərin yayılmasına şərait yaradır.
Bir neçə dəfə açıq su satışının yığışdırılmasına cəhd göstərilsə də, yenidən satışa icazə verilir. İcazənin kim tərəfindən verilməsinə gəldikdə, bu məsələdə ərazi sahə müvəkkillərinin, eləcə də rayon icra hakimiyyətlərinin adı hallandırılır. Buna görə də meriyaya müraciət ünvanlanaraq reydlərdə rayon icra hakimiyyətindən kömək göstərilməsi xahiş edilir.
|