Bakı şəhərinin müxtəlif ərazilərində radiasiya fonunun yüksək olması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. "Ruzigar" ekoloji ictimai birliyinin sədri İslam Mustafayev isə bu qənaətdədir ki, Bakı şəhərinin təbii radiasiya fonu normaldır. Onun sözlərinə görə, ümumiyyətlə, Azərbaycan ərazisində təbii radiasiya fonu yox dərəcəsindədir: "Bəzi müxtəlif işlər görülən ərazilərdə - yod zavodunda aparılan proseslər nəticəsində yaranmış radiaktiv tullantılar var idi ki, artıq o da yığışdırılıb. Tullantılar Bakı şəhərində ancaq neftlə çıxarılan suların süzülüb getdiyi yerlərdə lokal olaraq toplana bilər.".
İslam Mustafayevin sözlərinə görə, təsadüfi olaraq hansısa radiasiya fonu yarada biləcək mənbə sahibsiz qadağan olunmuş yerlərə atıla bilər. "Bununla bağlı da monitorinqlər keçirilir və nə isə tapılsa, bu problem də aradan qaldırılacaq".
Zaqatala rayonundan başqa digər rayonların hamısında radiasiya fonunun normal olduğunu bildirən birlik rəhbəri bunun yerin təki ilə bağlı olduğunu deyir: "Torpağın mineral tərkibi isə müxtəlif ola bilər. Məndə olan məlumata görə, rayonda kalium 40 izotopunun miqdarı çoxdur. Radiasiya fonunun bu dərəcədə yüksəkliyi isə insan sağlamlığı üçün təhlükə törətmir".
|