ABŞ Konqresinin Azərbaycana qarşı 907-ci düzəlişi ləğv olunmalıdır. Bu barədə məlumatı ABŞ Konqresinin Azərbaycan üzrə həmsədri, Texas ştatından olan konqresmen Solomon Ortiz bildirib. "Mən hesab edirəm ki, 907-ci düzəliş ədalətsizlikdir, ABŞ-ın Azərbaycan kimi güclü müttəfiqinə və strateji əməkdaşına qarşı tətbiq olunmamalıdır", - deyə Ortiz bildirib.
ABŞ tərəfindən 1992-ci ilin oktyabr ayında qəbul edilmiş "Azadlığın dəstəklənməsi aktı" qanununa 907-ci düzəliş hələ də qüvvədədir. 1997-2000-ci illər ərzində Klinton administrasiyası Konqresin 907-ci düzəlişi ləğv etməsi üçün dəfələrlə cəhd edib. Düzəlişin qüvvədə olması 2002-ci ildən ABŞ prezidenti tərəfindən dayandırılıb. 907-ci düzəlişin işi 2009-cu ildə də dayandırılıb.
Ortizin sözlərinə görə, son zamanlar prezident Obamanın Azərbaycan üzrə işçi qrupun qarşı çıxdığı və qarşı çıxmaqda davam etdiyi düzəlişdən imtina etməsi üçün çoxlu cəhdlər edilir.
"Artıq 907-ci düzəlişin ləğvedilmə vaxtı gəlib çatıb", - deyə konqresmen bildirib. Onun fikrincə, bu maddənin ləğvi ABŞ - Azərbaycan münasibətlərinin bundan sonra da möhkəmlənməsinə əngəl olan əsas maneələri aradan qaldıracaq.
Ortizin sözlərinə görə, yaxınlarda o, Bill Şuster və Eddi Bernis Consonla birlikdə Nümayəndələr Palatasının Təxsisatlar üzrə Komitəsinə 907-ci bölmənin ləğvi ilə bağlı məktub göndəriblər. "Qeyd etdiyim kimi, mən bundan sonra da Azərbaycana hərbi yardım da daxil olmaqla, ümumi yardımın göstərilməsi üçün səylərimizi davam etdirəcəyəm", - deyə o bildirib.
"Prezident Obamanın xarici siyasətinin prioritet hədəflərindən biri, müsəlman dünyası ilə münasibətlərimizi möhkəmləndirməkdir", - deyə Ortiz bildirib. "ABŞ-ın enerji təhlükəsizliyi və terrorizmə qarşı müharibə kimi vacib sahələrdə cəsarətli müttəfiqi və strateji tərəfdaşı olan Azərbaycan münasibətlərimizi möhkəmləndirməyə çalışdığımız ilk müsəlman ölkələrindən biri olmalıdır", - deyə o qeyd edib.
Bu arada Amerika Azərbaycanlıları Şurası bu ölkədə fəaliyyət göstərən iki erməni təşkilatının Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlar prosesinə daxil edilməsi ilə bağlı çağırışlarına etiraz bəyanatı yayıb.
İyulun 14-də prezident Obamaya ünvanladığı məktubda Amerika Erməni Milli Komitəsinin sədri Kennet Xaçikyan Ermənistanı birtərəfli və təhlükəli güzəştlərə vadar etmək məqsədilə Minsk Qrupunun həmsədri olan ölkələrin İrəvana sərt təzyiqlər etməsindən şikayətlənib. Prezident Obamanın seçkiqabağı vədinə istinad edən Xaçikyan "Dağlıq Qarabağ Respublikası"nı danışıqlar prosesinə daxil etməyə çağırıb. İyulun 22-də isə Amerika Erməni Assambleyası oxşar bəyanatla çıxış edib.
Amerika Azərbaycanlıları Şurası isə öz bəyanatında Barak Obamanın seçkiqabağı nitqində bütün tərəfləri qane edən sülh haqqında danışdığını xatırladaraq, bu tərəflərdən birinin də Qarabağın azərbaycanlı icması olduğunu diqqətə çatdırır.
Amerika Azərbaycanlıları Şurası sülh prosesini yaxından izlədiyini bildirib və ən yaxın müddətdə tərəflərin davamlı sülhə nail olacaqlarına ümidini ifadə edib.
|