Cəbhənin o tayından - daha doğrusu İrəvan və Xankəndində ən müxtəlif ağızlardan qaynaqlanan isterik bəyanatların son həftə Ermənistan tərəfin bizim auditoriyaya ötürdüyü yalan-doğru informasiya axınında çoxluq təşkil etdiyi gözdən qaçmadı. Ən müxtəlif ağızlar dedikdə, Dağlıq Qarabağda məhəlli "siyasətçi"lərin söylədiklərinə daha çox yer verilmişdi. Orada kimlərsə Ağ evdə və Konqresdəki sayaq "şahin rolu"nu oynamaq cəhdinə baş vurmuşdu, buna sovet vaxtının termini ilə bizdə "savaş quzğunları" da deyilirdi. Başlıca qışqırtılar bundan ibarət idi ki, "Tutduğumuz torpaqlar bizimdir!!!", "Vermərik!" və s. Bizi hədələyənlər də tapıldı ki, Azərbaycanı 2 milyon qaçqınla mükafatlandıracaqlar. Biz bu psixoloji "hücumlar"ın hamısını "Arminfo"da oxuduq. Uşaq hikkəsini xatırladan bu tezislər gülüş doğurmaya bilmir - biz bax bu cür təfəkkür sahibi olan adamlarla danışıq aparırıq.
Prezident İlham Əliyevin Moskvada kamera qarşısında özünəinamlı görünüşü erməni tərəfinin isterik ovqatını daha da gücləndirib. Onları əsəbiləşdirən odur ki, sanki savaşı biz deyil, Azərbaycan udub.
Yenə də bizi Rusiya ilə, onun keçən ilin avqustunda Gürcüstanla davranışı ilə qorxutmağı da yaddan çıxarmaq istəmirlər. Hətta "Dağlıq Qarabağ kompartiyası" (qırx minə qədər əlsiz-ayaqsız əhalisi qalmış bu bölgədə onlarda qocaların, demə, belə bir təşkilatı da varmış) Rusiya və Çinin "şanlı kommunist partiyaları"na ideoloji və mənəvi dəstək üçün müraciət ediblər ki, qoymayın bizi güzəştlərə məcbur etsinlər.
O da nəzərdən qaçmadı ki, bu isterika Moskva danışıqlarının ardınca isti-isti verilən açıqlamalardan sonra başlandı. Prezident İlham Əliyev demişdi ki, danışıqlar Azərbaycan istəyən istiqamətdə gedir. XİN başçısı Elmar Məmmədyarov isə açıqlamışdı ki, prezidentlərin son görüşündə Ermənistan qoşunlarının hansısa rayonlardan çıxarılma qrafiki müzakirə olunmuşdur. Eduard Nalbandyan tez-tələsik bildirdi ki, Moskva görüşündə qoşunların hansısa rayonlardan çıxarılma qrafiki ümumiyyətlə müzakirə edilməyib. Belə bir qəribə açıqlama da səsləndirdi ki, Ermənistan Madrid prinsiplərini "bəyəndiyini heç vaxt deməyib, amma onları danışıqlar üçün əsas sayır".
Ermənistan əgər hansısa bir sülh istəyirsə, nələrdəsə güzəştə getməlidir, fəqət cüzi bir güzəşt mövzusu açığa çıxan kimi fəryad səslərindən qulaq tutulur. Və elə bir hiddət püskürürlər ki, hakimiyyət komandasını qorxu basır. Ermənistan iqtidarının öz ictimai fikri və opponentləri ilə çox böyük problemi vardır.
Keçmiş terrorçu və "DQR-in keçmiş müdafiə naziri" Samvel Babayana da öz "strateq mülahizələrini" söyləməsi üçün geniş yer verilmişdi. O, köhnə mahnısını bir də oxuyaraq deyib ki, müharibə bərpa olunsa, Azərbaycan məğlub olacaq: "Əgər hətta müharibənin başlanğıc mərhələsində hansısa nəticələrə nail olsa belə, son hesabda məğlub olacaq. Mən bu saat bunun təfsilatlarına varmaq və bunun necə baş verəcəyini detalları ilə izah etmək istəmirəm, lakin buna əmin olun". O, iddia edib ki, Azərbaycan rəhbərliyi məğlubiyyət qorxusunu dərk edir və ona görə də müharibəyə başlamır.
Müharibəyə Azərbaycan rəhbərliyinin siyasi baxışları bəllidir və onu təkrarlamaq istəmirik. Erməni tərəfdən bu tərzdə hay-küylü bəyanatların reallığı nə dərəcədə əks etdirdiyi barədə ön xətdə xidmət edən yüksək rütbəli zabitlərimizin fikrini öyrənmək istəmişik. Onlar bir qayda olaraq belə iddiaları istehza ilə qarşılayırlar. İzahları belədir ki, düşmənin irəlidə adətən kiçik silahlı qrupları var, onlar sağa-sola hərəkət edərək ordan-burdan biz tərəfə atəş açırlar - mənası odur ki, biz buradayıq və dişimizə qədər silahlıyıq. Texnikaları arxadadır, bir neçə yerdə "möhkəmləndirilmiş rayonlar" qurublar. Bizim zabitlərin fikri belədir ki, bu rayonları vurub dağıtmaq bu günün hərbi imkanları çərçivəsində heç də böyük çətinlik törətmir. Zabitlər bildirirlər ki, ilk zərbənin təkcə birinci günündə cəbhə xəttini bir neçə yerdən vurub yarmaq və Qarabağın dağlıq bölgələrinə doğru 25-30 km irəliləmək mümkün olacaqdır.
|