çap et  
Azərbaycanın diplomatiya tarixi üç cilddə çıxacaq
Tarixçi alim Cəmil Həsənlinin yazdığı ilk cild işıq üzü gördü
Şənbə, 25.07.2009

İsmayıl Umudlu

Yaxın dostum diplomat Cavanşir Vəkilov bu günlərdə mənə millət vəkili, dünyanın bir çox ölkələrində yaxşı tanınan tarixçi alim professor Cəmil Həsənlinin "Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920)" adlı yeni bir kitabının I cildini bağışladı. Kitab bu günlərdə işıq üzü görüb və onun II cildi də çapa hazırdır. Kitab baş diplomatımız Elmar Məmmədyarovun baş redaktorluğu ilə XİN tərəfindən nəşr edilib və yaxşı tanıdığımız bir sıra tarixçi-diplomatlar nəşrin redaksiya heyətinə daxildir. Elmar Məmmədyarov kitaba özü ön söz yazıb. Müəllifin adı və bu dediklərimiz nəşri tam ciddi qarşılamağa əsas verir.

Bu cilddə diplomatiyamızın 1918-ci ildən 1920-ci illər dönəmi əhatə olunub. Tarixçi alim Musa Qasımlıdan öyrəndiyimizə görə, sonrakı cildlər 1920-1991 və 1991-ci ildən sonrakı dönəmləri əhatə edəcəkdir.

90 illik bir tarix... Bu layihə belə bir məqam üzərində düşünməyə vadar etdi ki, biz 90 illik dilomatiya tarixinə malik olmaqla ən azı "ortayaşlı" müstəqil millətlər sırasında yer alırıq. Ən azı ona görə ki, Asiyanın, Avropanın, Afrikanın və Latın Amerikasının lap çox sayda dövlətləri bizdən çox-çox sonralar - İkinci Cahan hərbi nəticəsində dünyanı hörümçək toru kimi sarmış müstəmləkə şəbəkəsi 60-70-ci illərdə çökərkən siyasi tarix səhnəsinə çıxmışdı.

Azərbaycanın öz istiqlalını bərpa etməsindən 18 il keçir və tariximizin diplomatiya səhifələrinə işıq salan bu kitabın indi nəşr edilməsinin görünür müəyyən bir zamana ehtiyacı varmış - yəni elmi zəmin hazırlanmalıydı. Başqa sözlə, böyük bir epoxa dərindən öyrənilməli və ilkin qənaətlər hasil olunmalıydı.

Və öyrənilirdi - bu müddət ərzində bizim alimlərin, Qərb və Rusiya alimlərinin çox ciddi əsərləri üzə çıxdı. Azərbaycanın tarixçi alimlərinin Qərb, Türkiyə və Rusiya qaynaqlarına çıxışları asanlaşdı. Professor Cəmil Həsənli bu maraqlı tarixi bir kitab halında ərsəyə gətirərkən bütün bu qaynaqları təfəkkürün süzgəcindən məharətlə keçirmiş, böyük sayda naməlum qaynaqları ilk dəfə elmi dövriyyəyə daxil etmşdir.

Müəllifin işıqlandırdığı məqamlar spektri genişdir: 1917-ci ilin fevral inqilabından sonra Cənubi Qafqazda vəziyyət və region uğrunda diplomatik mücadilənin başlanması, Trabzon və Batum konfransları, Azərbaycanın müstəqilliyinə doğru ilk addımlar, müstəqilliyin elan edilməsindən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin ilk addımları, Bakının azad edilməsi uğrunda diplomatik mübarizə, Birinci Dünya müharibəsinin sonunda XİN-in diplomatik fəaliyyəti və müttəfiqlərin Bakıya daxil olması, Azərbaycan diplomatiyası Paris Sülh Konfransına hazırlıq dövründə və Versalda ilk diplomatik addımlar...

Cəmil Həsənli ayrıca bölmələrdə Azərbaycan diplomatiyasının "Bölünməz Rusiya" və "Böyük Ermənistan" iddiaları ilə necə bir mücadiləyə imza atdığını açıb göstərir. Fransa, Böyük Britaniya, İtaliya, ABŞ ilə ilk diplomatik təmaslar izlənir və nəticə: Versal Ali Sülh Şurası Azərbaycanın müstəqilliyini tanıyır. Müəllif aprel çevrilişi ərəfəsində Azərbaycanın beynəlxalq vəziyyətini şərh edir. Sonda 1918-20-ci illər dövründə çalışmış diplomatik korpus barədə qiymətli məlumatlar yer alır.