Hal-hazırda Ayna qəzetinin 25.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Müxalifət "Siyasi partiyalar haqqında" yeni qanundan əlini üzüb
Müxalifət "Siyasi partiyalar haqqında" yeni qanundan əlini üzüb
Hesab edirlər ki, payızda müzakirəsi gözlənən yeni qanun demokratik düşərgəni əzməyə yönəlib
Şənbə, 25.07.2009

Tural Ağatlı mətn ölçüsü  

"Siyasi partiyalar haqqında" qanuna cari ilin oktyabr ayından sonra Milli Məclisdə baxıla bilər. Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Qəzənfəroğlu SİA-ya açıqlamasında belə deyib. Rəhbərlik etdiyi partiyanın "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi hazırladığını deyən deputatın sözlərinə görə, bu sənəd özündə müəyyən dəyişiklikləri əks etdirir.

"Sənəddə siyasi partiyaların maliyyələşməsi, partiyaların ləğvi, onların seçkilərdə iştirakı və partiyaların ləğvinə yeni əlavələr və digər məsələlər göstərilib. Bizim partiyanın təşəbbüsü ilə bu layihə parlamentə təqdim olunub. Lakin 3 ilə yaxındır təqdim olunmasına baxmayaraq, hələ də Milli Məclisdə müzakirəyə çıxarılmayıb. Biz bu məsələnin aktuallığını bilirik və onun üçün məsələ qaldırmışıq. Bildiyimə görə, Yeni Azərbaycan Partiyası da "Siyasi partiyalar haqqında" qanunun qəbulu məsələsinə aydınlıq gətirilməsini istəyir. Biz də buna müsbət yanaşırıq", - deyə Fazil Qəzənfəroğlu bildirir.

Sözügedən layihədə təklif olunan yeniliklər və nəzərdə tutulan əlavələr barədə indidən açıqlama vermək istəməyən partiya sədrinin sözlərinə görə, layihə açıqlanmadığı üçün onun detallarını açıqlamaq doğru deyil. Bununla belə, hesab edir ki, sözügedən layihə demokratik və mütərəqqi dəyişiklikləri özündə ehtiva edir və bütün siyasi qüvvələr də bu dəyişikliklər barədə söz deyəcəklər. "Biz gözləyirik ki, YAP-ın təklifləri hazır olsun, sonra onun üzərində fikir söyləyək. Düşünürəm ki, bu məsələyə cari ilin oktyabr ayından sonra parlamentdə baxıla bilər", - deyə BQP sədri fikrini yekunlaşdırıb.

Fazil Qəzənfəroğlunun "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklər edilməsinə müsbət yanaşmasına baxmayaraq, digər müxalifət partiyaları yeni qanuna çox bədbin yanaşırlar. Müxalif düşərgədə hesab edirlər ki, hakimiyyət indiyədək heç bir qanuna müsbət əlavə və dəyişikliklər etməyib və partiyalarla bağlı yeni qanun da digərləri kimi mürtəce olacaq.

Hər bir qanunun yeniləşməyə, daha da təkmilləşdirilməyə ehtiyacı olduğunu düşünən Müsavat Partiyası Aparatının rəhbəri Arif Hacılı bunu zamanın tələbi kimi dəyərləndirir. Bununla belə, o, siyasi partiyalarla bağlı mövcud qanunvericiliyi kifayət qədər normal və demokratik hesab edir və hazırkı çoxpartiyalı sistemin mövcud qanun əsasında formalaşdığını xatırladır.

"Bununla belə, hər bir qanunda olduğu kimi, "Siyasi partiyalar haqqında" qanunda da yeniliklər edilməsi normaldır. Məsələn, partiya liderlərinin təhlükəsizliyinin təmin edilməsi, partiyaların qərargah problemlərinin həlli və maliyyə çətinliklərinin aradan qaldırılması kimi əlavələr edilməlidir. Lakin bu kimi mütərəqqi dəyişikliklərin yeni qanunda əksini tapacağına inanmıram.

REKLAM

Çünki yeni qanun layihəsini hakimiyyət dairələri hazırlayıblar və bu hakimiyyətdən hansısa müsbət addım gözləmək sadəlövhlük olardı", - deyə Arif Hacılı "Ayna"ya açıqlamasında bildirdi.

Müsavat təmsilçisinin fikrincə, mövcud iqtidar nəinki ictimai-siyasi mühitin sağlamlaşdırılmasına doğru addımlar atar, hətta beynəlxalq təzyiqlər olmasa, ümumiyyətlə ölkədə çoxpartiyalı sistemi ləğv edər. O hesab edir ki, indiyədək ölkədə müşahidə olunan proseslər və mövcud təcrübə "Siyasi partiyalar haqqında" yeni qanundan da hansısa müsbət yenilik gözləmək ehtimalını azaldır.

Fikrinə beynəlxalq təcrübə ilə qüvvət verən Aparat rəhbərinin sözlərinə görə, demokratik dövlətlərin qanunvericiliyi siyasi sistemi daha da sağlamlaşdırmağa, partiyaların siyasi sistemdə iştirakını artırmağa, onların maliyyə problemlərinin həllinə və sair müsbət tendensiyalara istiqamətlənir. Azərbaycanda isə əksinə, partiyaları sıxışdırıb, siyasi sistemdən silməyə və müxalif fikirliliyi öldürməyə doğru addımlar atıldığını deyən Arif Hacılının qənaətincə, partiyaların dövlət büdcəsindən maliyyələşməsi də əsas amillərdəndir.

"Demokratik ölkələrdə partiyaların maliyyələşməsi məsələsi onların siyasi sistemdə iştirakı və cəmiyyətdə nüfuzu nəzərə alınmaqla həyata keçirilir. Əgər hakimiyyət istəsə, biz də partiyaların büdcədən maliyyələşməsi istiqamətində lazımi kriteriyalar barədə müzakirələr apara bilərik. Amma iqtidarın belə bir normal addım atacağını düşünmürəm. Zənnimcə, yeni qanun qəbul olunarsa və burada siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsi əksini taparsa, vəziyyət daha da sərtləşəcək, daha mürtəce müddəalar daxil ediləcək", - deyə Arif Hacılı iddia edir.

Müsavat sözçüsü hesab edir ki, yeni qanunda daha mürtəce maddələr yer alarsa, siyasi partiyaların qeydiyyatı və maliyyələşməsi məsələsi sərtləşdirilərsə, vətəndaş cəmiyyətinin bütün təbəqələri bundan ciddi ziyan görəcək. Burada siyasi partiyalarla yanaşı, müstəqil QHT-lərin, ictimai qurumların, müxalif media orqanlarının və digər demokratik təsisatların zərbə altında qalacağını düşünən müxalifət təmsilçisinin fikrincə, bunun qarşısını almaq üçün hamı mübarizə aparmalıdır.

Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) da "Siyasi partiyalar haqqında" yeni qanundan müsbət bir gözlənti yoxdur. Partiya sədrinin müavini Fuad Mustafayev "Ayna"ya açıqlamasında yeni qanun layihəsindən mütərəqqi heç nə gözləmədiyini və buna ümid bağlamağın sadəlövhlük olduğunu deyib.

Sözügedən qanun layihəsi ilə birbaşa tanış olmadığını, sadəcə, ümumi fikirlərlə tanış olduğunu deyən Mustafayevin sözlərinə görə, bu cür dəyişikliklərdə əsas məqsəd partiyaların fəaliyyət sahəsini genişləndirmək və onlara daha geniş meydan vermək olur.

"Bu tip ölkələrdə partiyalara yardım etmək əsas məqsəddir. Siyasi təşkilatların hüquqi əsaslarını gücləndirmək və fəaliyyət prosesini genişləndirmək demokratik cəmiyyətin əsas meyarlarındandır. Azərbaycanda isə bunun tam əksidir. Təəssüf ki, siyasi partiyalarla bağlı yeni qanun, yaxud qanuna əlavə və dəyişikliklər daha da mürtəce durum yaradacaq, rejim sərtləşəcək, çoxpartiyalı sistemə ciddi zərbə vurulacaq. Burada hansısa müsbət bir tendensiya yaranacağını güman etmirəm", - deyə AXCP sədrinin müavini qeyd etdi.

Partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsinə münasibət bildirən Fuad Mustafayev bunu ümumilikdə yaxşı amil hesab edir. Lakin burada seçim kriteriyalarının çox önəmli olduğunu deyən müxalifət nümayəndəsinin sözlərinə görə, demokratik ölkələrdə bu seçim üçün xüsusi limit və ictimai nüfuz məsələsi əsas tutulur.

Azərbaycanda isə hakimiyyətin qanunlardan öz rəqiblərinə qarşı silah kimi istifadə etdiyini, hüququ müxalif düşüncəlilərə qarşı silaha çevirdiyini deyən Mustafayev düşünür ki, bu dəfə də iqtidar yeni qanunu birbaşa öz nəzarətində olanların xeyrinə, əsl müxalifətin isə sıxışdırılmasına yönəldəcək: "Yəni partiyalarla bağlı yeni qanunda normal münasibətlər, şəffaf mühit və ədalətli bölgü məsələsinin yer alacağını düşünmürəm. Həmişə olduğu kimi, əksinə, müxalifət qüvvələri sıxışdırılacaq, onların fəaliyyət sahəsi məhdudlaşdırılacaq və tam zəif hala salınacaqlar". AXCP sözçüsü son təcrübələri, xüsusilə də QHT-lər haqda qanuna dəyişiklikləri misal gətirib.

Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) da hesab edirlər ki, siyasi partiyalar haqda mövcud qanunvericiliyin dəyişdirilməsinə və təkmilləşdirilməsinə ehtiyac var. Hazırkı qanunun 1992-ci ildə qəbul olunduğunu, o vaxtdan indiyədək cəmiyyətdə yeni münasibətlərin formalaşdığını, başqa tələbatların ortaya çıxdığını deyən AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov "Ayna"ya bildirdi ki, buna uyğun da yeni qanunvericilik formalaşdırılmalıdır.

Bununla belə, payızda parlamentdə müzakirəsi gözlənilən "Siyasi partiyalar haqqında" yeni qanunun bu kimi yenilikləri özündə ehtiva edəcəyini gözləməyən mətbuat katibinin fikrincə, yeni qanunla hakimiyyət daha radikal addımlar atacaq, mürtəce dəyişikliklər ediləcək və partiyaların fəaliyyətinə problemlər yaradılacaq.

"Bir sözlə, partiyalar haqda yeni qanundan müsbət bir yenilik gözləmirəm. Lakin arzu edərdik ki, yeni qanunla dövlət və siyasi partiyaların münasibətləri normal qaydalarla tənzimlənsin və burada ədalətlilik prinsipi əsas tutulsun. İkincisi, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsi demokratik prinsiplər əsasında aparılsın və seçim totalitar qaydalarla deyil, şəffaf şəkildə həyata keçirilsin. Amma indiyədək olan təcrübəni xatırladıqda və ayrı-ayrı iqtidar nümayəndələrinin rəsmi açıqlamalarına nəzər saldıqda belə qənaətə gəlinir ki, yenə də aparıcı müxalifət partiyaları bu maliyyələşmədən kənarda qalacaq və büdcədən vəsait yalnız parlamentdə təmsil olunan partiyalara ayrılacaq. Eyni zamanda, yeni qanunla proporsional seçki sisteminin bərpa edilməsini arzu edərdik", - deyə Əli Orucov vurğulayıb.

AMİP sözçüsünün qənaətinə görə, yuxarıda sadalanan təkliflər nəzərə alınarsa və yeni qanunda öz əksini taparsa, siyasi sistemin inkişafı üçün xeyli müsbət addımlar atılmış olar. O hesab edir ki, əsas amillərdən biri də partiyaların qeydiyyat məsələsidir və bunu yumşaltmaq zəruridir. Bütün bunların nəzərə alınmasını vacib sayan AMİP təmsilçisi yenə də müsbət dəyişikliklərin olacağını az ehtimal edir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İnformasiya "sipər"ləri

Arılar qoruqda yerləşdirilə bilər

Bölmənin digər xəbərləri
 
İsrail Azərbaycana yeni səfir təyin edib
Artur Lenk isə ölkəsinə yola düşməyə hazırlaşır

Orduda rotasiya problemi
Orduda kompleks "yerdəyişmə" tədbirlərinin görülmə zəruriliyi ortadadır, əks təqdirdə itkilər artacaq

Ermənistan dünyanı aldadır
2008-ci ildə Rusiyadan 800 milyon dəyərində silah alan Yerevan rəsmi hesabatında faktı təhrif edib

Azərbaycan heyəti Cenevrədə çətinə düşüb
İnsan haqlarının təmin olunmasına dair suallara bizim rəsmilərin verdikləri cavablar təsdiqini tapmır

Azərbaycanın diplomatiya tarixi üç cilddə çıxacaq
Tarixçi alim Cəmil Həsənlinin yazdığı ilk cild işıq üzü gördü

"Qarabağ danışıqlardan Ermənistana görə kənarda qalıb"
Metyu Brayza: "Hər iki tərəfin atacağı addımların ardıcıllığı mövcuddur"

Cəbhənin o tayından isterik səslər
"Tutduğumuz torpaqlar bizimdir!!!"

Solomon Ortiz: "907-ci düzəliş ləğv olunmalıdır"
Amerikalı konqresmen bunun ədalətsiz olduğunu düşünür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Resepsion + Depression = Armagedon?

Resepsion + Depression = Armagedon?


Arif Babayev:
"Oğluma dedim özünə başqa sənət seçsin"

Arif Babayev: "Oğluma dedim özünə başqa sənət seçsin"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər