çap et  
Ermənistan dünyanı aldadır
Ermənistan dünyanı aldadır
2008-ci ildə Rusiyadan 800 milyon dəyərində silah alan Yerevan rəsmi hesabatında faktı təhrif edib
Şənbə, 25.07.2009

C.Məzahiroğlu

BMT-nin adi silahlara dair reyestrində Belarusun 2008-ci ildə silah alğı-satqısına dair rəqəmlər yerləşdirilib. APA-nın məlumatına görə, bu ölkə ötən il adi silahlar kateqoriyasına aid edilən silah almayıb, Azərbaycan, Suriya, Sudan və Rusiyaya bu kateqoriya üzrə silahlar satıb.

2008-ci ildə Belarus Azərbaycana 3 ədəd 203 millimetrlik "2C7 PIon" özüyeriyən haubitsası, Suriyaya 33 çoxməqsədli "MiQ-23" qırıcısı, Sudana 11 "Su-25" hücum təyyarəsi, Rusiyaya "Su-27" və "MiQ-29" qırıcıları üçün 15 "Yer-yer" tipli "R-27R" raketi satıb. Satılan silahların hamısı Rusiya (SSRİ) istehsalıdır.

BMT-nin adi silahlara dair reyestrində olan məlumata görə, Belarus 2006-cı ildə Azərbaycana 41 ədəd "T-72" tankı, 2005-ci ildə 19 ədəd "T-72" tankı satıb. Bundan başqa Belarusun 2007-ci ildə Ermənistana 10 ədəd 122 millimetrlik "D-30" haubitsası satması barədə məlumat var.

Bildirək ki, BMT-nin adi silahlara dair reyestrinə təqdim etdiyi hesabatda bu ölkənin ötən il yalnız yüngül atıcı silahlar aldığı göstərilib. Hesabatda qeyd olunub ki, Ermənistan ötən il Rusiyadan 52 ədəd SV-98 tüfəngi, 32 ədəd KC-23 karabini, 60 ədəd GP30 lüləaltı qumbaraatan və 10 ədəd 6G-30 qumbaratan tüfəngi alıb.

Ermənistan 2008-ci ildə Rusiyadan və digər ölkələrdən aldığı silah və hərbi texnikaları bu hesabatda göstərməyib. Halbuki Ermənistanın Rusiyadan 2008-ci ildə 800 milyon dollarlıq silah, hərbi texnika almasına dair sənədlər mövcuddur.

Xatırladaq ki, bir müddət əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı baş katibinin müavini Valeri Semerikov bildirmişdi ki, 2007-ci illə müqayisədə 2008-ci ildə rus hərbi texnikasına sifariş paketinin həcmi iki dəfə artıb. Rusiyanın tərəfdaş ölkələrə daxili bazar qiymətləri ilə silah satdığını vurğulayan Valeri Semerikov həmin ölkələrin Ermənistan və Belarus olduğunu açıqlayıb və bildirib ki, silah-sursatın böyük hissəsi tərəfdaş ölkələrə ödənişsiz qaydada verilib.

Azərbaycan Xarici İşlər və Müdafiə nazirlikləri isə Rusiyanın Ermənistana külli miqdarda silah-sursat ötürməsi faktı ilə bağlı araşdırmaların davam etdiyini vurğulayırlar. Azərbaycan tərəfinin rəsmi mövqeyi ondan ibarətdir ki, təcavüzkar dövlətə silah-sursatın ötürülməsi regionda sabitliyin bərqərar olmasının qarşısını alır və Azərbaycan tərəfini paritet saxlamaq məqsədilə silahlanmağa məcbur edir.