 |
Orduda kompleks "yerdəyişmə" tədbirlərinin görülmə zəruriliyi ortadadır, əks təqdirdə itkilər artacaq
Şənbə, 25.07.2009
|
|
Son vaxtlar Azərbaycan Silahlı Qüvvələrində qeyri-döyüş itkilərinin kəskin artması ekspertləri ciddi düşündürür. Son üç ayda Azərbaycan Silahlı Qüvvələrinin itkiləri 20 nəfərdən artıqdır ki, bu da son illərdə ən böyük göstərici sayılır. Ümumilikdə, 2009-cu ildə baş vermiş itkilərin 70 faizini məhz qeyri-döyüş itkiləri təşkil edir.
Ekspertlər hesab edirlər ki, hərbi itkilərin sayının artması bir neçə amillə xarakterizə olunur. Nəzərə alınmalıdır ki, Azərbaycan ordusunda baş verən itkilərin tam əksəriyyəti qeyri-nizamnamə xarakterlidir, yəni onlar hərbi qayda-qanunun, nizamnamənin tələblərinin kobud şəkildə pozulmasından irəli gəlir: əsgərlər ya bir-birlərinə qarşı silah qaldırır, ya da intihar edirlər. Araşdırmalar nəticəsində bəlli olub ki, orduda qeyri-nizamnamə halları adətən ya cəbhə xəttində, ya da arxada yerləşən bir sıra hərbi hissələrdə daha intensiv olaraq baş verir.
Rotasiya niyə keçirilmir?
Ekspertlər hesab edirlər ki, cəbhə xəttində yerləşən hərbi hissələrdə baş verən qeyri-nizamnamə hallarının çoxluğu oradakı mənəvi-psixoloji vəziyyətlə bağlıdır. Düşünülür ki, bir sıra hallar aradan qalxmayana qədər bu hallar baş verməkdə davam edəcək.
Nədir bu hallar? Buraya ilk növbədə, sıravi heyətin, eyni zamanda zabit və gizirlərin rotasiyası prosesində hələ də mövcud olan problemlər daxil edilməlidir. Azərbaycan çağırışçısı onun nə üçün cəbhə xəttindəki hərbi hissəyə "salındığı"nı bu gün də tam başa düşmür. Ən azı o özünü, arxa xətdə yerləşən şəraitli hərbi hissələrə "düşmüş" həmkarını həmişə gözü önünə gətirir. Beləliklə, bu əsgərin mənəvi-psixoloji vəziyyətində müəyyən problemlər yaranır. O xidmət müddətində "ayrı-seçkiliyin qurbanı" olduğunu həmişə hiss edir və bu onun bütün addımlarında özünü büruzə verir.
Zabit - gizir heyəti üçün bu daha problematikdir. Bir çox gizir və zabitlər cəbhə xəttindəki hərbi hissələrdə 3-5 ildən artıq xidmət edir, bəzilərinin isə bu dövrü artıq 10 ildən çoxdur. Bu baxımdan onlara münasibətdə ayrı-seçkilik, yəni Müdafiə Nazirliyinin rotasiya qaydalarının işləməməsi problemlər yaradır. Cəbhə xəttində xidmət edən zabit və gizirlər üçün həmişə bir "ana sual" mövcuddur: nə üçün bəziləri Bakıda, isti kabinetlərdə çalışmalı, bir çoxu isə cəbhə xəttində az qala ömürlük xidmətə məhkumdur?
Əslində hərbi qulluqçuların xidmət yerlərinin mütəmadi olaraq dəyişdirilməsi ordularını müasir inkişaf səviyyəsinə çatdırmağı qarşılarına plan qoymuş dövlətlər üçün həmişə aktual əhəmiyyət kəsb edib. NATO ölkələrində buna bir növ "hərbçinin karyera imkanlarının təminatı" kimi baxırlar. Bunun əksi olan ayrı-seçkilik halları ordunu içindən parçalayan amil kimi qavranılır.
Xüsusilə Türkiyədə şəxsi heyətin xidmət prosesində intensiv rotasiyası böyük önəm kəsb edir. Türkiyədə hər bir hərbi qulluqçu ön cəbhə xəttində xidmət etmək, PKK terrorçuları ilə mübarizə aparmaq şərəfinə nail olur.
Qonşu Gürcüstanda intensiv ordu islahatları 2005-ci ildə başlandı və diqqət xüsusi olaraq rotasiya qaydalarının tətbiq olunmasına yönəldildi. Bu ölkədə həyata keçirilən islahatların əsas hədəflərindən biri də rüşvət və korrupsiyaya qarşı mübarizəni nəzərdə tuturdu. Bunun üçün gürcü hökuməti orduda xidmət şəraitinin eyniləşdirilməsi strategiyasını həyata keçirdi ki, burada əsas məqsədlərdən biri rotasiya prosesində baş verən problemlərin tam olaraq həlli idi. Son məlumatlardan da görünür ki, Tbilisi bu problemin öhdəsindən məharətlə gələ bilib.
Rotasiya olunmama döyüş itkilərini artırır
Psixoloqlar hesab edirlər ki, şəxsi heyətin cəhbə xəttində rotasiya olunmadan saxlanması qeyri-döyüş itkiləri ilə yanaşı döyüş itkilərinin də artmasına səbəb olur. Belə ki, ön xətdə uzun illər xidmət etmiş hərbi qulluqçularda bir növ "ehtiyatsızlıq" sindromu yaranır və nəticədə hərbi qulluqçular öz iradələrindən asılı olmayaraq, tez-tez düşmən gülləsinə tuş gəlirlər. Araşdırmalar göstərir ki, il ərzində Azərbaycan Silahlı Qüvvələrində dünyasını dəyişmiş hərbi qulluqçuların bəziləri (il ərzində onların sayı ümumi itkilərin 5-7 faizi həcmində dəyişir) məhz "ehtiyatsızlıq" sindromunun qurbanları olublar.
Uzun illər çətin şəraitdə xidmət edən hərbi qulluqçularda bir növ "bezmə" əlamətlərinin ortaya çıxması təbiidir. Psixoloqlar hesab edir ki, bu mənfi hal daha çox zabit və gizir heyətində ortaya çıxa bilər, nəticə isə çox faciəli ola bilər. Müşahidələr göstərir ki, çətin şəraitdə xidmət etməyə məhkum edilmiş hərbi qulluqçuların zaman geçdikcə tabeliklərində olan şəxsi heyətin idarə olunmasında ciddi dəyişikliklər üzə çıxır. Nəticədə şəxsi heyət arasında nizamnamədənkənar halların sayı artır. Ekspertlərin fikrincə, zabit və gizir heyətinin uzun illər cəbhə xəttində əsassız olaraq xidmətə "məhkum" edilməsinin fəsadlarını Respublika Hərbi Prokurorluğunun məlumatlarından və hesabatlarından daha aydın şəkildə görmək mümkündür.
Ekspertlərin fikrincə, cəbhə xəttində yenicə hərbi xidmətə başlamış zabitlərin iş fəaliyyətinin və idarəçilik qabiliyyətinin effektivlik əmsalı ilk illərdə yüksələn xətlə artırsa, 2 illik xidmətdən sonra bu artım dayanır. 4 ildən sonra zabitin xidmətində geriləmə müşahidə olunur və onun fəaliyyətində nöqsanlar artır. 6 ildən sonra isə sözügedən zabit hərbi nizamnamənin müddəalarının, qanunvericiliyin pozulmasına potensial namizəd olur. Son illərdə baş vermiş hadisələr göstərir ki, orduda baş vermiş qalmaqallı intihar və ya nizamnamədənkənar halların əksəriyyəti məhz qeyd olunan səbəblə bağlıdır. "Ömürlük cəbhə xəttində xidmətə məhkum olunmuş" zabit tabeliyində olan şəxsi heyətə qarşı amansız davranmağa başlayır ki, bunun da nəticəsində əsgərlər arasında qeyri-nizamnamə halları və intiharlar artır.
Bir çoxlarının fikrincə, Azərbaycan Silahlı Qüvvələrində rotasiyanın lazımi səviyyədə tətbiq olunmamasının bir sıra səbəbləri mövcuddur. Onlar arasında rüşvətxorluq və korrupsiya halları üstünlük təşkil edir. Belə ki, bir çox yüksək vəzifəli məmurlar müəyyən "haqq" hesabına bir sıra zabit və gizirləri arxa cəbhədəki hərbi hissələrdə uzun illər saxlayırlar ki, nəticədə cəbhə xəttində xidmət edən hərbi qulluqçunun hüquqları pozulur.
Eyni hal əsgərlər arasında da mövcuddur. Aprel ayında Azərbaycanın çağırış sistemində edilmiş dəyişikliklərdən sonra bu istiqamətdə dəyişikliyə böyük ümid yaransa da, sonradan bu ümidlər puç oldu. Ekspertlər bildirirlər ki, yeni çağırış qaydaları şəffaf deyil və hərbi qulluqçuların müəyyən maraqlar çərçivəsində hərbi hissələrə yerləşdirildiyi barədə şübhələr yaradır.
Maraqlıdır ki, rotasiya qaydalarının tətbiq olunmaması təkcə cəbhə xəttində nizamnamədənkənar halların artmasına səbəb olmur. Bu hal bir sıra arxa hərbi hissələrdə də baş verir. Əgər cəbhə xəttində bu kimi hallara daha çox "ehtiyatsızlıq", "bezmə" kimi hallar səbəb olursa, arxadakı bir sıra hərbi hissələrdə şəxsi heyət "arxayınçılıq" sindromundan əziyyət çəkir. Bu kimi hərbi hissələrdə xidmət edən əsgərlər (bəzən hətta gizir və zabitlər də) əksər hallarda "arxalandıqları" şəxsin köməyindən və yardımından istifadə edirlər. Maraqlar toqquşanda isə faciəvi hadisələrin baş verməsi istisna olunmur.
Müharibə bəhanəsinə qarşı əks arqument
Ekspertlərin fikrincə, Azərbaycan Silahlı Qüvvələrində rotasiyanın keçirilməsi bu gün çox vacibdir və bu prosesə Azərbaycanın müharibə şəraitində olduğunu bəhanə gətirənlər yanılırlar.
Əks arqument gətirənlər, o cümlədən Müdafiə Nazirliyinin bir sıra rəsmiləri bildirirlər ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin 70 faizi səngərdədir və bu səbəbdən effektli rotasiyanın tətbiqi müşkül məsələdir. Onların məntiqinə görə, indiki halda cəbhə xəttində rotasiyanın keçirilməsi:
- hərbi hissələrin (xüsusilə döyüş bölgəsindəki) ştat strukturunda problemlər yaradar,
- düşmənlə üz-üzə dayanaraq döyüş vərdişlərini qazanmış şəxsi heyətin itirilməsinə səbəb olar.
Onlar öz arqumentlərini belə əsaslandırırlar ki, hər hansı bir əsgər cəbhə xəttində xidmətin çətinliklərinə il yarımlıq xidmət müddətinin yalnız ilk 12 ayından sonra tam bələd olur. Artıq belə əsgər ön xətdə müstəqil xidmət aparmaq vərdişinə malik olur. Onun rotasiya edilməsi bir illik əziyyətin itirilməsinə səbəb olacaq. Nəticədə Azərbaycan ordusunun döyüş qabiliyyəti aşağı düşəcək.
Lakin ekspertlər bu fikirləri bölüşmürlər. Onların fikrincə, Silahlı Qüvvələrin cəbhə xəttində yerləşdirilən hərbi hissələri ilə bağlı yaranmış "70-30" faizlik tərs mütənasibliyin aradan qaldırılması yolları mövcuddur. Bunun üçün Azərbaycan Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrin təyinatı dəqiqləşdirilməlidir.
Beləliklə, mütəxəssislər hesab edirlər ki, ilk əvvəl cəbhə və arxa xətdə olan hərbi hissələrin 50-50-yə olan bərabərliyinin yaradılması istiqamətində işlər görülməlidir. Bunun üçün digər hərbi qurumların - Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularından, Daxili Qoşunlardan istifadə edilməsi mümkündür. Buna əsas da var - Azərbaycanın Ermənistanla sərhədlərinin qorunmasına Sərhəd Qoşunları, Dağlıq Qarabağda mövcud olan separatçılarla mübarizəyə isə bu istiqamətdə təyinatlı Daxili Qoşunlar cəlb edilə bilər. Beləliklə, bu iki qoşun növünün hesabına Müdafiə Nazirliyinin bir sıra hərbi hissələrinin cəbhə və təmas xəttindən çıxarılması mümkündür ki, nəticədə rotasiya prinsiplərinin həyata keçirilməsinə imkan yaranacaq.
Ekspertlərin fikrincə, cəbhə xəttində xidmət edən əsgərlər üçün xidmət müddəti maksimum 6-8 ay nəzərdə tutulmalıdır. Bunun ilk 2-3 ayı həmin hərbi qulluqçuların döyüş şəraitinə uyğunlaşdırılmasına sərf edilməlidir. Zabit və gizirlər üçünsə bir mövqedə xidmət müddəti 3 ildən artıq olmamalıdır.
Bu gün ümumilikdə Azərbaycan Silahlı Qüvvələri üçün "yerdəyişmə" planının hazırlanması olduqca zəruri görünür. Ekspertlərin fikrincə, bu plan maksimal şəkildə şəffaf olmalıdır. Xidmətə çağırılmış çağırışçı cəbhə xəttində, çətin şəraitdə, ya da əksinə, arxa hərbi hissələrdə nə qədər xidmət edəcəyi barədə məlumatlı olmalıdır. Eyni hal zabit və gizirlərə də şamil olunmalıdır.
Belə olduqda, hərbi qulluqçuların hüquqları bərabərləşər və ayrı-seçkilik hallarına yol verilməz. Həm də hərbi büdcənin şəxsi heyətə ədalətli bölüşdürülməsi baş verər: nəzərə alaq ki, bu gün cəbhə xəttində xidmət edən hərbi qulluqçu arxa hərbi hissələrdə xidmət edənlərlə müqayisədə 2 dəfə çox məvacib alır...
|
|
|
Oxşar xəbərlər:
"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"
Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək
|
|
|