çap et  
Ərini qətlə yetirən qadın məhkum edildi
Ərini qətlə yetirən qadın məhkum edildi
Məhkəmə Zəminə Babayevaya 14 il ciddi rejimli cəza təyin etdi
Şənbə, 25.07.2009

Hacı

Ərini qətlə yetirməkdə, qayınına isə ağır bədən xəsarəti yetirməkdə ittiham olunan Bakı sakini Zəminə Babayevanın məhkəməsi başa çatıb. Bu cinayət işini hakim Əlisoltan Osmanov araşdırıb.

İttihama görə, Əzizbəyov rayon Buzovna qəsəbəsi ev 14 B ünvanda əvvəllər məhkum olunan 1973-cü il təvəllüdlü Zəminə Kamal qızı Babayeva qeyri-rəsmi nikahda olduğu 1957-ci il təvəllüdlü Cahanbəxt Ağacavad oğlu Cavadovu bıçaqlayaraq qətlə yetirib. O daha sonra qayını, 1954-cü il təvəllüdlü Ağacamal Cavadovu bıçaqla vuraraq yaralayıb. Ağacamal Cavadov 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Həkimlərin ilkin tibbi yardımından sonra yaralının həyatını xilas etmək mümkün olub. Zəminə Babayeva isə Əzizbəyov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Məhkəmədə Zəminə Babayeva elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində qeyd edib ki, hadisə baş verən zaman Cahanbəxt Cavadovla aralarında mübahisə yaranıb. Zəminə Babayeva bildirib ki, mübahisənin nə üstündə baş verdiyini həmin vaxt sərxoş olduğundan xatırlamır.

Məhkəmənin hökmü ilə Zəminə Babayeva 14 il müddətinə azadlıqdan məhrum edilib.