![]() |
çap et |
|
|||
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində "kriminal avtoritet" Yunus Nəzərovu baltalayan 1982-ci il təvəllüdlü Vəfadar Mirzəyevin məhkəməsi başa çatıb. İttihama görə, Yunus Nəzərov Vəfadar Mirzəyevi ana-bacı söyüşü söyməklə təhqir edib. Bundan əsəbiləşən Vəfadar Mirzəyev onu baltalayıb.
Yunus Nəzərov 2006-cı il sentyabrın 26-da cinayətkar aləmdə nüfuz sahibi sayılan Mübariz Hacızadə və Şamil Mehdiyevlə birlikdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Əməliyyatçılar Yunus Nəzərovdan 10,124 qr, M.Hacızadədən 5 qr heroin, Ş.Mehdiyevdən isə 10,045 qr tiryək aşkar ediblər. Y.Nəzərov Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Yunis Nəzərovu baltalayan Vəfadar Mirzəyev xüsusi nəzarətdə saxlanır. Onu məhkəməyə Penitensiar Xidmətin xüsusi maşını ilə digər məhkumlardan ayrı gətirmişdilər. Məhkəmə binası da ciddi mühafizə olunurdu. Prosesin keçirildiyi zala Penitensiar Xidmətin yüksəkrütbəli əməkdaşları nəzarət edir, məhkəmə zalına daxil olanlar xüsusi qaydada yoxlanırdılar. Təqsirləndirilən şəxs isə dəmir barmaqlıq arxasında qolu qandallı əyləşmişdi. Deyilənə görə, kriminal aləmdə böyük nüfuza malik olan şəxslərin yığıncağında Vəfadar Mirzəyev barəsində ölüm hökmü çıxarılıb. Məhkəmə iclasında çıxış edən Vəfadar Mirzəyev törətdiyi əmələ görə peşman olmadığını deyib. Onun sözlərinə görə, cinayəti zərərçəkmişin təhrikedici hərəkətləri nəticəsində törədib. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vəfadar Mirzəyev 12 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. |