Hal-hazırda Ayna qəzetinin 25.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
"Biz Əfqanıstanda döyüşməyi cinayət hesab etmirik"
"Biz Əfqanıstanda döyüşməyi cinayət hesab etmirik"
"Taliban" hərəkatında iştirakda ittiham olunan şəxslərin məhkəməsi başladı
Şənbə, 25.07.2009

Hacı Zeynalov mətn ölçüsü  

Əfqanıstanda və Pakistanda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak edən 13 Azərbaycan vətəndaşının məhkəməsi başlayıb. Cinayət işinə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılır.

Bu cinayət işi üzrə Şakir Xanbutov, Araz Kəngərli, Telman İsayev, Tural Sultanov, Cahangir Bağırov, Əyyub Zeynalov, Seymur Əhədov, Emil Mirzəyev, Ceyhun Sadıqov, Şahin Muxtarov, Kəbir Vəlibəyov, Rövşən Paşayev, Vüqar Vəkilov təqsirləndirilir. Həbs edilənlər CM 12.1-ci, 279.1, 318.1, 318.2-ci, 228.1 maddələri üzrə ittiham olunurlar.

Özlərini təqsirli bilmədilər

Təqsirləndirilən şəxslər 2005-2008-ci illər ərzində hər biri müxtəlif müddətlərdə İranın Zahidan bölgəsindən Pakistana, oradan isə qanunsuz yolla Əfqanıstana keçərək orada fəaliyyət göstərən qanunsuz hərbi birləşmələrdə təlim keçib və döyüşüb. Təqsirləndirilənlər Əfqanıstanda "Taliban" hərəkatının tərkibində yaradılan "Türk camaatı", "Özbək camaatı", "Ceyşul-Mehdi" və başqa hərbi birləşmələrdə təlim keçərək əməliyyatlara qatılıblar. Adıçəkilən şəxslər Azərbaycana qayıtmaq üçün sənədləri qaydasında olmadığı üçün İran-Azərbaycan dövlət sərhədini müxtəlif vaxtlarda qanunsuz keçən zaman Sərhəd Qoşunlarının hərbi qulluqçuları tərəfindən saxlanıblar. Saxlanarkən onların "əl-Qaidə" terror təşkilatı ilə əlaqədə olduqları müəyyən edilib və işin araşdırılması üçün MTN-ə təhvil veriliblər.

İttiham aktı elan olunduqdan sonra təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülən ittihama münasibət bildiriblər. Şakir Xanbutov, Araz Kəngərli, Cahangir Bağırov, Əyyub Zeynalov, Şahin Muxtarov, Kəbir Vəlibəyov özlərini təqsirli bilməyiblər, Telman İsayev, Tural Sultanov, Seymur Əhədov, Ceyhun Sadıqov, Rövşən Paşayev və Vüqar Vəkilov ittiham üzrə özlərini qismən təqsirli biliblər. Emil Mirzəyev isə törətdiyi cinayət üzrə özünü təqsirkar hesab edib.

"Taliban" hərəkatında döyüşmüşəm"

Onlardan Araz Kəngərli məhkəmədə bildirdi ki, Əfqanıstana müsəlmanları qorumaq məqsədilə gedib. Onun sözlərinə görə, bunun üçün 2008-ci ildə İranın Zahidan şəhərinə yollanıb, oradan isə Pakistanın Vəziristan əyalətinə gedib və sərhədi yerli bələdçinin köməkliyi ilə gizli yolla keçərək Əfqanıstana daxil olub. O, Əfqanıstanda "Taliban" hərəkatına qoşulduğunu dedi: "Burada hamı bu hərəkatı işğalçılara qarşı mübarizə aparan qüvvə kimi qəbul edir. Mən də onların azadlıq hərəkatına qoşulub əməliyyatlarda iştirak etdim. İki aydan sonra Azərbaycana qayıtmağı qərarlaşdırdım və Azərbaycana dönmək üçün İrana gəldim. Sərhədi qanunsuz keçdiyim üçün məni saxladılar".

"Kafir ölkələrdə peyğəmbərimizi təhqir edirdilər"

Araz Kəngərli Əfqanıstanda olan zaman avtomat silah aldığını, Azərbaycana qayıdan zaman isə bu silahı talibançılara hədiyyə etdiyini söylədi. O, Əfqanıstanda ABŞ ordusuna qarşı döyüşmək istəyini belə izah etdi: "Mən internetdə ABŞ ordusunun Pakistanda və Əfqanistanda müsəlmanlara necə zülm etməsini, qadınları, uşaqları qırması ilə bağlı videogörüntüləri izlədim. Kafir ölkələrdə peyğəmbərimizi təhqir edir, həmin ölkələrin rəhbərləri isə buna göz yumurdular.

REKLAM

Mən həmin ölkələrin müsəlmanlara etdiyi bu hərəkətlərə dözə bilmədim. Onların silahlı qüvvələrinə qarşı döyüşmək qərarına gəldim".

Təqsirləndirilən şəxsin sözlərinə görə, İrandan Azərbaycana gəlmək üçün sənədləri düzgün olmayıb və buna görə də, sərhədi qanunsuz yolla keçmək qərarına gəlib. Onun sözlərinə görə, təqsirləndirilən Telman İsayevlə birlikdə Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonu istiqamətində Azərbaycana keçmək istərkən sərhədçilər tərəfindən saxlanıb.

O bildirdi ki, ibadətlə məşğul olsa da, Azərbaycanda məscidlərə getməyib. Onun sözlərinə görə, Əfqanıstanda "Taliban" təşkilatında iştirak etdiyi döyüşdə rəhbəri Əhmədağa adlı Özbəkistan vətəndaşı olub.

Təqsirləndirilən şəxsin sözlərinə görə, "Taliban" hərəkatının tərkibində "Türk camaatı", "Özbək camaatı", "Ceyşul-Mehdi" adlı hərbi birləşmələr var: "Həmin birləşmələrin tərkibində Azərbaycan vətəndaşları iştirak etsələr də, Azərbaycanla bağlı hərbi birləşmə yox idi".

"Qamət Süleymanovla fikir ayrılığım olub"

Telman İsayev ifadəsində qeyd etdi ki, islam dininə itaət edib və Bakıda "Əbu Bəkr" məscidində ibadət edib: "Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanovla yaxın münasibətim olub. Həbs edilməzdən bir il əvvəl Məkkəyə ibadətə gedən zaman Qamətlə yol yoldaşı olmuşuq. Amma sonradan onunla aramızda fikir ayrılığı yarandı. Bunun da səbəbi cihadla bağlı olub. Cihadla bağlı söhbətlərimiz zamanı onunla fikir ayrılığı barədə mübahisələrimiz olub. Mən demişəm ki, Əfqanıstanda və başqa müsəlman ölkələrində kafirlərə qarşı silahlı cihad etmək lazımdır. Amma o bunun əleyhinə olub. Həmişə bildirmişəm ki, müsəlman ölkələri ABŞ və ona müttəfiq olan ölkələr tərəfindən işğal edilir. Onların bu işğalçılıq siyasətinə son qoymaq üçün müsəlmanların silahlı cihad etməsi vacibdir".

"Allahın əmrini yerinə yetirmişik..."

Təqsirləndirilən bildirdi ki, "Taliban"a qoşulmaq üçün İranın Zahidan şəhərinə gedib və oradan isə Abdulla adlı şəxsin köməyi ilə Əfqanıstana keçib. Silahlı cihad etmək niyyətlərinin nə ilə əlaqədar olması ilə bağlı dövlət ittihamçısının sualına təqsirləndirilən belə cavab verdi: "Qurani-Kərimdə Allah-taala cihad etməyi buyurub. Biz də Allahın bu əmrini yerinə yetirmişik və cihad üçün Əfqanıstana getmişik".

Telman İsayev deyir: "Mən hansı silahlı birləşmənin tərkibində iştirak etdiyimi hələ də başa düşmürəm. Düzdür, döyüşmək məqsədilə Əfqanıstana getmişəm, orada mənə silah da verilib. Amma mən heç bir təlimdə iştirak etməmişəm. Buna görə də, bu ittihamı qəbul etmirəm. Mənə qanunsuz silah gəzdirmə ittihamı da verilib. Mənim Azərbaycanda yox, Əfqanıstanda silahım olub. Lakin Azərbaycana gələndə həmin silahı əfqanlara təhvil vermişəm. Həmin ölkədə isə silah gəzdirmək cinayət hesab edilmir. Çünki orada silahları açıq bazarda satırlar, istənilən şəxs də həmin mağazalardan silah ala bilər".

"Taliban"ın tərkibində olmaq cinayət deyil"

Başqa bir təqsirləndirilən Tural Sultanov isə ifadəsində heç bir cinayət törətmədiyini iddia etdi. Onun sözlərinə görə, "Əbu Bəkr" məscidində ibadət edib və Qamət Süleymanovla cihad mövzusunda fikir ayrılığı olub. Təqsirləndirilən Cahangir Bağırov bildirdi ki, islam dininə uşaqlıqdan rəğbəti olub. Buna görə də, Əfqanıstanda "Taliban" hərəkatına qoşulub. Onun sözlərinə görə, bu təşkilatın tərkibində olmaq cinayət deyil.

Emil Mirzəyev isə bildirdi ki, Əfqanıstanda döyüşməyin Azərbaycan qanunlarına zidd olduğunu bilməyib. Onun sözlərinə görə, həmin döyüşlərdə iştirakına görə Azərbaycanda mühakimə olunacağını bilsəydi, belə yola getməzdi: "Mən Əfqanıstanda olsam da, hər hansı bir döyüşdə iştirak etməmişəm. Azərbaycan hüdudlarından kənarda 9 ay qalmışam. Bu müddətin təxminən 10 günündə "Taliban" hərəkatı ilə birgə olmuşam. Qalan vaxtı isə Pakistanda və İranda idim".

"Azərbaycanda cinayət törətmək fikrim olmayıb"

Təqsirləndirilən Şakir Xanbutov bildirdi ki, Amerika ordusunun Əfqanıstanda törətdiyi qətliamlara dözməyib və "Taliban" hərakatının tərkibində döyüşmək qərarına gəlib. Bu məqsədlə İran və Pakistan ərazisindən keçərək Əfqanıstana gedib: "Orada "Türk camaatı" adlı hərbi birləşmənin tərkibində olmuşam. Lakin uzun müddət qala bilməmişəm".

O ifadəsində qeyd edib ki, Əfqanıstandan İrana gəlib və oradan Azərbaycana keçmək istəsə də, qanuni sənədləri olmayıb: "Buna görə də, sərhədi qanunsuz yolla keçmək istədim və tutuldum. Azərbaycanda cinayət törətmək fikrim olmayıb".

Ceyhun Sadıqov bildirdi ki, Əfqanıstanda olan döyüşlər zamanı ayağından yaralanıb və müalicə olunmaq üçün Pakistana gətirilib. Onun sözlərinə görə, Pakistanda müalicə başa çatdıqdan sonra İranın Zahidan şəhərinə gəlib və oradan da Azərbaycana keçib. Başqa təqsirləndirilənlər Şahin Muxtarov, Kəbir Vəlibəyov etdiyi əmələ görə peşman olduğunu bildirdi. Vüqar Xəlilov isə cihad etmək üçün Əfqanıstana getdiyini bildirdi və buna görə də peşman deyil.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Lotu Yunus"u baltalayana hökm oxundu
Məhkəmə Vəfadar Mirzəyevə 12 il 3 ay cəza təyin etdi

Ərini qətlə yetirən qadın məhkum edildi
Məhkəmə Zəminə Babayevaya 14 il ciddi rejimli cəza təyin etdi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər