![]() |
çap et |
|
|||
Akademik Milli Dram Teatrının aktyoru xalq artisti Telman Adıgözəlov satiraya müraciət edən gənclərdən şikayətləndi. Aktyor onları qeyri-peşəkarlıqda suçladı və tamaşaçılara bayağı gülüş təqdim etdiklərini dedi: "Ekranlarda səviyyəsiz gülüş baş alıb gedir, məzmunlu, ciddi satira yoxdur. Bəzi aktyorlar bu peşəni bayağı təqdimatla kütləyə "yedizdirirlər". Gülüş nömrələrinin sayı artdıqca tamaşaçının tələbatını bir o qədər ödəyə bilmirlər. Çünki dəyərlər dəyişib. Biz inkişaf edirik və tələbatımız Avropaya meyillənib. İnsanları ara sözləri ilə güldürmək, bəlkə də, asandır. Amma tamaşaçı salonu tərk edəndən sonra onun eşitdikləri beynindən silinib gedəcək".
Telman Adıgözəlovu narahat edən məqamlardan biri budur ki, gənclərin gülüş tələbatını küçə ifadələri üzərində qururlar: "Mənim kiçiyindən tutmuş, böyüyünə kimi bütün sənət adamlarına hörmətim var. Lakin söhbət sənətdən gedirsə, burada susmamaq lazımdır. Mən gəncləri bir qədər düşünməyə, savadlanmağa çağırıram. Onların bayağı çıxışları mənə dərd olur. Düşünürəm ki, komediya janrı mahiyyətini itirməkdədir. Baxmayaraq ki, bu sahədə ciddi şəkildə təbliğat gedir". Telman Adıgözəlovun sözlərinə görə, gəncləri uçuruma aparan məqsədlərdən biri də onların qısa zaman kəsiyində məşhurlaşmaq istəyidir. Onun fikrincə, bəzən ssenariləşdirilmiş mübahisələrə qoşularaq addımlarını iti atmağa çalışırlar". Komediya janrından danışarkən aktyor sanballı əsərlərin yazılmamasını da səbəb olaraq göstərdi. Bildirdi ki, gənc yazarlar əsərlərini ironiya üzərində qururlar: "Əslində, onlar cəmiyyətin probleminə Mirzə Ələkbər Sabir dəst-xətti ilə yanaşmağa çalışırlar. Amma bu əksər hallarda dolğun şəkil almır. Onsuz da, heç kim Sabir ola bilməz. Amma özünü təsdiq etmək üçün istedadın, təhsilin vacib olduğunu söylədi". |