Mənzillərin ofis kimi istifadəsinə qanun icazə verəcək
 |
Hələlik birinci mərtəbələrdən söz gedir
Şənbə, 25.07.2009
|
|
Bir vaxtlar əhalinin maraq göstərmədiyi birinci mərtəbələr indi ən sərfəli mənzillər sayılır. Son illər birinci mərtəbədəki mənzillərin obyektə çevrilmə imkanları onlara tələbatı artırıb. Əlbəttə, birinci mərtəbədəki mənzillərin qiyməti də kəskin artıb. Xüsusilə küçəyə baxan mənzillərin obyektə çevrilməsi adi hal alıb. Daşınmaz əmlak bazarı ilə məşğul olan ekspertlər bildirirlər ki, indi obyektə çevirmək imkanı olan mənzillərin 80 faizi artıq obyekt kimi işləyir. Vəziyyəti nəzərə alan tikinti şirkətləri də yeni tikilən binaların ilk mərtəbələrini obyekt kimi satır.
Mənzil insanların gur olduğu, yəni biznes üçün əlverişli yerdədirsə, birinci mərtəbə ilə başqa mərtəbələrin qiymət fərqi daha böyük olur. Bəzi hallarda bu fərq üç dəfəyədək çatır. Onu da qeyd edək ki, adi mənzillərin obyektə çevrilməsi üçün əvvəlcə müvafiq orqanlardan razılıq alınmalı, sonra isə həmin mənzil obyekt formasında təmir olunmalıdır. Təmirin keyfiyyətindən asılı olaraq hər kv.metrə 250 manatdan 430 manatadək pul xərclənməlidir. Bundan sonra obyektin qiyməti daha da artır.
Belə mənzili olanların əksəriyyəti hətta evini kirayəyə verməklə də yaxşı pul qazana bilir. Buna görə də, birinci mərtəbədəki mənzillərin qiyməti başqa mərtəbələrə nisbətən baha olur. Mənzilin yerləşdiyi ərazidən asılı olaraq qiymət fərqi 20 faizdən bir neçə dəfəyədək arta bilər.
"Əmlak bazarı iştirakçıları" ictimai birliyinin ekspertləri bildirirlər ki, məsələn, Ağa Nemətulla küçəsində əlverişli ərazidə "stalinka" layihəli birinci mərtəbədə yerləşən 60 kvadratmetrlik mənzilin qiyməti 250-300 min dollardır. Artıq obyektə çevriləndən sonra həmin ərazi 750 min dollara qədər bahalaşıb. Belə obyektin aylıq icarə qiyməti 4-5 min dollar arasındadır. Halbuki, həmin ərazidə bu qədər sahəsi olan, amma başqa mərtəbədə yerləşən digər mənzilin maksimum qiyməti 90 min dollardır.
Onu ən çoxu 500-600 dollara kirayəyə vermək olar. Amma vəziyyət elə olub ki, nəinki şəhərin mərkəzində, hətta məhəllə içərisi ərazilərdə də birinci mərtəbədəki mənzilləri böyük həvəslə alırlır. Hətta artıq ikinci mərtəbədəki mənzillərin qeyri-yaşayış sahəsinə çevrilmə prosesi gedir. İndiyədək yaşayış sahəsi kimi kirayəyə verilən belə mənzillərin sahibləri buranı artıq ofis kimi icarəyə verməyə başlayıblar.
Amma, deyəsən, paytaxt sakinlərinin bu tərz pul qazanması millət vəkillərinin xoşuna gəlmir. Belə ki, bir qrup millət vəkili yaşayış sahələrinin, binaların birinci mərtəbəsinin mağaza, restoran, kafe, internet - klub kimi istifadəsini yolverilməz hesab edir. Əsas da onu göstərirlər ki, bu amil həmin binalarda yaşayan insanlara çox böyük ziyan vurur, onların rahatlığını pozur. Odur ki, bu məsələyə Mənzil Məcəlləsində tam aydınlıq gətirilməlidir. Xatırladaq ki, indiyədək sözügedən məcəllə bir neçə dəfə müzakirə edilsə də, mübahisə doğuracaq məqamlar qalmaqdadır.
MM Sosial qanunvericilik daimi komissiyasının sədri Adilə Abbasovanın dediyinə görə, məcəllədə müzakirəyə səbəb olmuş məqamlardan birinə də müzakirələrin birində aydınlıq gətirməyə çalışıblar: "Qeyd edim ki, oxunuş zamanı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlı məsələ ciddi müzakirə obyektinə çevrilmişdi. Odur ki, bu məsələyə aydınlıq gətirməyə çalışmışıq. Yəni məcəllənin 20.3-cü maddəsində göstərilir ki, çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə, qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələr yaşayış sahələri olmadığı hallarda yol verilir. Bir sözlə, bundan sonra yaşayış sahəsinin yerləşdiyi mərtəbənin üstündəki mərtəbələrdən ofis kimi və yaxud digər qeyri-yaşayış sahəsi növü kimi istifadə etmək mümkün olmayacaq".
Lakin məcəllədəki sözügedən məqam komissiya üzvləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, millət vəkillərindən yaşayış sahəsinin üst mərtəbələrinin qeyri-yaşayış sahəsi kimi istifadəsinə qadağan qoyulmasına etiraz edənlər də var. Əsas da o gətirilir ki, hansısa bir şəxs və şirkət çoxmərtəbəli binanın 25-ci mərtəbəsini bütövlükdə ofis kimi istifadə edir və ya etmək istəyir. İndi belə olan halda, nəyə görə həmin yaşayış sahəsinin üst mərtəbələrinin qeyri-yaşayış sahəsi kimi istifadə olunmasına qadağa qoyulur? Bu suala tam aydınlıq gətirilmədiyi üçün məsələ açıq qalıb.
Yeri gəlmişkən, mübahisəyə səbəb olan digər məsələlər məcəllədə həllini tapıb. 23.1-ci maddədə qeyd olunur ki, yaşayış sahəsinin yenidən qurulması (əsaslı təmir) yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən mühəndis şəbəkələrinin, sanitar-texniki, elektrik və digər avadanlığın quraşdırılması, əvəz edilməsi və ya yerinin dəyişdirilməsindən ibarətdir. 28.1-ci maddədə isə göstərilir ki, mülkiyyətçi ona məxsus olan mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.
|
|
|
Oxşar xəbərlər:
Sosial ipoteka üçün 14 milyondan cəmi 2 milyon manat ayrılıb
|
|
|