Banklar müştərilərin etibarlılığını gözdən keçirir
 |
Qənaətləri belədir: böhranda kredit veriləsi kateqoriya dövlət sektorunda çalışanlardır
Şənbə, 25.07.2009
|
|
Dünya böhranı və ölkə iqtisadiyatında baş verənlər yerli bankları maaşın məbləğindən çox, iş yerinin nə qədər möhkəm olmasına fikir verməyə vadar edib. Təbii ki, böhran və ölkə iqtisadiyyatında baş verən proseslər iqtisadiyyatın ayrı-ayrı sahələrində riskləri artırıb. Son vaxtlaradək gəlirliliyi və möhkəmliyi şübhə doğurmayan sahələr indi o qədər də etibarlı sayılmır. Əlbəttə, bu məsələ ilk növbədə bankları narahat edir. Verdikləri kreditlərin qayıtmasına arxayın olmaq istəyən banklar müştəriləri əvvəlkindən daha ciddi saf-çürük edir.
Məsələ ondadır ki, vaxtında qaytarılmayan kreditlərin həcmi 195 milyon manatı keçib. Əgər vaxtilə ölkə üzrə kreditlərin 2,7 faizi problemli idisə, indi bu rəqəm 3 faizi keçib. Ancaq dünya normativlərinə əsasən, durum o zaman təhlükəli sayılır ki, problemli kreditlər 5 faizi keçsin. Amma təhlükə mövcud olmasa da, banklar işlərini ehtiyatlı tutmaq istəyir.
Maliyyə böhranı və onun təsirləri bankirləri müştərilərinin etibarlılığına bir daha nəzər salmağa vadar edib. Bu xüsusilə girovsuz verilən istehlak kreditlərinə aiddir. Banklarda bildirirlər ki, əvvəlki illərdən fərqli olaraq indi məvacibin çox olması hələ müştərinin etibarlı olması demək deyil. Kreditin banka vaxtında qayıtması üçün əsas məsələ müştərinin məsuliyyəti və iş yerinin möhkəm olmasıdır.
Belə ki, bank işçiləri özləri üçün "Azərbaycanda kredit vermək üçün ən etibarlı təbəqə hansıdır", - sualına aydınlıq gətiriblər. Ölkə bankları risksiz kredit vermək və öz risklərini sığortalamaq üçün müştəri qrupunu müəyyən ediblər - onlar büdcə təşkilatlarında çalışanlardır. Son vaxtlar məvaciblə işləyənlərə kredit vermək sərfəlidir. Müəllimlər isə bankların fikrincə, ən etibarlı müştərilər sayılır.
Bank mütəxəssislərinin sözlərinə görə, böhranın göstərdiyi ixtisar baxımından büdcə təşkilatlarında çalışanların işi daha möhkəmdir. Bəzi təbəqələr - xüsusilə müəllim və həkimlərin işi daha sabitdir.
Yəni onların işsiz qalacağından qorxmaq lazım gəlmir. Amma məsələ təkcə iş yerində deyil. Bankirlərin müşahidələri göstərir ki, bu təbəqədən olanlar ehtiyatlı, məsuliyyətlidirlər. Lazım olanda qənaət edib pulu qaytara bilirlər. Əlbəttə, bu təbəqəyə kredit ayırmaq üçün təminat tapmaq çətindir. Yəni 1-2 min manata görə daşınmaz əmlakın girov qoyulması mümkün deyil. Çünki girovun rəsmiləşdirilməsi baha başa gəlir.
Buna görə də, bəzi banklar müəllim və həkimlərə kreditləri qrup şəklində verməyə başlayıb. Yəni bir neçə müəllim və ya həkim birləşərək borcalan qrupu yaradır, onların hər birinə ehtiyacları olan qədər 500-1500 manat arasında kredit verilir. Onların hamısı bir-birinə zamindir. Hər birinin krediti qaytarması üçün bütün qrup məsuliyyət daşıyır. İndiyədək bu üsul rayonlarda fermerlərə kredit verilməsində tətbiq olunub və özünü doğruldub. Bankirlər bu sxemin müəllimlər üçün də uğurlu olacağını bildirirlər. Çünki həm müəllimlər özləri təbiətən məsuliyyətli təbəqədir, həm də bu şərti biləndən sonra müəllimlər kredit almaq üçün borcalan qrupunu yalnız məsuliyyətli iş yoldaşları ilə yaradırlar. Yəni müştərilərin nə qədər etibarlı olduğu hələ kredit götürməzdən əvvəl yoxlanır.
Nəticədə həm müəllimlərin özünün məsuliyyəti, həm qrupdakıların bir-birinə zaminliyi, həm də kredit məbləğinin o qədər də böyük olmaması kreditin tam qaytarılmasını təmin edir. Ümumiyyətlə, bankirlər müəllimləri kredit qaytarmaq baxımından əhalinin ən məsuliyyətli təbəqəsi sayırlar. Elə buna görə də, bəzi banklar seçim qarşısında qalanda özəl şirkətlər və ya başqa dövlət orqanlarından çox, müəllimlərə, eləcə də büdcə təşkilatlarında çalışan digər işçilərə, həkimlər, baxca müəllimləri və s. üstünlük verir.
Bankların "qara siyahısı"nda tikinti, avtomobil, elektrotexnika və bahalı mebel salonlarında çalışanlar var
Bank Tədris Mərkəzinin rəhbəri Cavanşir Abdullayev ictimai televiziyaya açıqlamasında dedi ki, hazırda kreditin həm qiymətləndirilməsində, həm girov götürülməsində, həm də müddətində ciddi düzəlişlər etməyə başlayıblar. Xüsusən də girov təminatında daha likvid girovlar tələb edirlər. Kredit üçün müraciət edən müştərilərin kredit ödəniş qabiliyyətini daha ciddi araşdırmağa başlayıblar. Çünki iqtisadi proseslər kreditlərin qaytarılmasına mənfi təsir göstərib.
Son bir ildə ölkədə problemli kreditlər 2 dəfə artıb. Ötən il problemli kreditlərin həcmi 108 milyon manat idisə, son məlumata görə, indi 200 milyon manata yaxın kreditin qaytarılmasında problem var. Banklar da bundan nəticələr çıxarır. Cavanşir Abdullayev: "Məsələn, istehlak krediti verən banklar əvvəllər müştərinin aylıq gəlirinin həcmini araşdırırdısa, indi daha çox onun hansı sahədə işləməsinə diqqət yetirir. Bilmək istəyirlər ki, müştərinin çalışdığı sahə böhrana nə qədər davamlıdır, pul götürəni ixtisar və ya maaşının azalması gözləmir ki? Məsələn, bu gün dövlət təşkilatlarında və dövlətə məxsus şirkətlərdə işləyənlərin kredit alması daha asandır. Böhrana həssas sahələrdə vəziyyət əksinədir".
Cavanşir Abdullayev deyir ki, böhrana az davamlı tikinti, tikinti materialları sektoru, avtomobil və bahalı mebel, elektrotexnika məhsulları satışı sayılır..
|
|
|
Oxşar xəbərlər:
Əhali əmanətlərini manatla saxlamağa üstünlük verir
|
|
|