Xamneyi - Rəfsəncani qarşıdurması artmaqdadır
 |
Müxalifəti dəstəkləmək istəyən 36 hərbçi həbs olunanlar sırasındadır
Şənbə, 25.07.2009
|
|
Son zamanlar İslam Respublikasının uyğun qurumları "casusluq", "sui-qəsd" cəhdləri ilə bağlı "həyat keçirdiyi" tədbirlər haqda yeni məlumatlar yaymaqdadır.
"Fars" xəbər agentliyinin yaydığı məlumata əsasən, informasiya və təhlükəsizlik naziri Qulamhüseyn Möhsüni-Ejeyi bir neçə gün öncə bəyan etdi ki, Mahmud Əhmədinijata qarşı planlaşdırılmış "sui-qəsd"in qarşısı alınıb. İranın baş ettelaatçısının sözlərinə görə, Xalq Mücahidləri Təşkilatından olan bir qrup Misirin Şarm əş-Şeyx şəhərində və Fransanın paytaxtı Parisdə İsrailin kəşfiyyat idarəsinin təmisilçiləri ilə görüşmüş, birlikdə həmin planı müzakirə etmişdir.
Bundan bir neçə gün sonra isə ETTELAAT-ın yaydığı məlumatda bildirilib ki, prezidentliyə iddiaçılar, hazırda müxalifət düşərgəsinə liderlik edən - Mirhüseyn Musəvi və Mehdi Kərrubiyə qarşı törədilməsi nəzərdə tutulan sui-qəsdin üstü açılıb. İranın təhlükəsizlik qurumu bildirir ki, bu terror aksiyasının arxasında iranlı mühacirlər durur. Hakimiyyətin iddiasına görə, bu qəsdi törətmək istəyənlər də Xalq Mücahidlər Təşkilatının üzvləridir. Beş qrupdan ibarət mücahid üzvləri İran ərazisinə qanunsuz yolla daxil olub. Məlumata əsasən, xüsusi xidmət orqanının səyi nəticəsində "4 qrup yaxalanıb, beşinci isə qaça bilib". ETTELAAT təmsilçiləri onu da bildirirlər ki, bu il iyunun 12-də keçmiş prezident Məhəmməd Xatəmiyə qarşı da sui-qəsd cəhdinin qarşısını alıblar.
Rəsmilər iddiasına görə, onlar İranda vəziyyəti gərginləşdirmək istəyiblər. Amma yayılmış xəbərlərə və baş verənlərə istinadən belə bir ehtimal da irəli sürmək mümkündür - İslam Respublikasının rəhbərliyi bu sayaq "zərərsizləşdirmə" əməliyyatları ilə beynəlxalq ictimaiyyətə "müxalifəti qoruduğu"nu da çatdırmaq istəyir. Ancaq keçmiş namizədlər qorunduqları və ölkə boyunca sərbəst şəkildə dolaşdıqları halda, etiraz aksiyası iştirakçıları hələ də həbsdədir və həmin mitinqlərdə öldürülənlərə güllə atanlar barədə danışan belə yoxdur.
Ötən həftə cümə xütbəsi oxuyan keçmiş prezident Rəfsəncani seçkinin sonuclarından narazı qaldıqlarını söyləməkdən çəkinməyib: "Xalq bizimlə olsa, hər şeyimiz olacaq. Yox, əgər xalq etiraz etsə, o zaman hökmranlıq mümkün olmayacaq. Bu seçki çox yaxşı başlamışdı. Nəzarət Şurası 4 nəfərin namizədliyini qeydə alandan sonra xalqda bu siyasi kampaniyanın azad və ədalətli keçəcəyinə ümid artmışdı. Elə buna görə vətəndaşlar seçkiyə kütləvi şəkildə qatıldı. Dünyada fəxr etməyimiz üçün şərait yaranmışdı, təəssüflər olsun ki, bu gerçəkləşmədi". O, etiraz aksiyası zamanı tutulanlardan danışaraq bildirib: "Biz məhbusların ailələrinə qovuşmasına şərait yaratmalıyıq.
Yaralananların könlünü almalı, düşmənin bu məhbuslara görə bizi qınamasına imkan verməməliyik".
"Mediaforum"un yaydığı xəbərə görə, ayətulla Xamneyi Rəfsəncaniyə cavab olaraq deyib: "Adından və tutduğu mövqedən asılı olmayaraq cəmiyyəti səbatsızlığa sürükləyən hər kəs İran xalqının gözündə mənfur sayılır və belələri nifrətə layiqdir. Deyilməsi lazım olan problemlərdən danışmamaq vəzifəyə əməl etməməkdir. Deyilməsi lazım olmayan problemlərdən danışmaq vəzifənin əksinə hərəkət etməkdir. Elitanın təmsilçiləri ayıq olmalıdır. Belələri böyük sınaq qarşısındadır. Bu imtahandan uğurla çıxmamaq yalnız kəsilmək anlamında deyil, həm də onların süqutuna səbəb olacaq".
İran "Press TV"nin məlumatına görə, ölkənin ali rəhbəri ordunun siyasi-ideoloji idarəsinin rəisini dəyişdirib. Yeni siyasi rəhbər höccətülislam Seyid Məhəmmədəli əl-Haşimidir. O bu vəzifədə 9 il işləmiş Seyid Mahmud Ələvini əvəzləyib. Mənbə bu əvəzləmənin səbəbini açıqlamır.
"Qardian" qəzeti isə yazır ki, İran ordusunun 36 hərbçisi tutulub. Xəbərə əsasən, onlar Rəfsəncaninin cümə xütbəsində iştirak etmək niyyətində imişlər. Əks-kəşfiyyat qurumunun əməkdaşları onları mənzillərində həbs edib. İran mənbələrinin məlumatında deyilir ki, bu zabitlər hərbi geyimdə cümə namazına qatılaraq həkimiyyətin yürütdüyü siyasətə etiraz edəcəklərmiş. 36 zabitdən ikisi mayor, 4-ü kapitan, 8-i isə leytenant olub. Xatırladaq ki, ötən ay İnqilab Keşikçiləri Qvardiyasının generalı Əli Fəzli həbs edilmişdi. O, müxalifətə qarşı hərbçilərdən istifadə edilməsi ilə bağlı əmri yerinə yetirməkdən imtina etmişdi.
Ayətulla Xamneyinin qvardiyadakı təmsilçisi Müctəba Zulnuri ölkədə baş verənlərdə Rəfsəncanini suçlayır. Sari şəhərində jurnalistlərə açıqlamasında deyir: "Haşimi-Rəfsəncani bundan əvvəl etdiyi çıxışlarda ali rəhbərlə həmrəy olduğunu və ona həmişə dəstək verdiyini vurğulasa da, son olaylarda ayətulla Xamneyinin təsdiqlədiyi yeni hökumətə qarşı çox fəal və kəskin şəkildə fəaliyyətə başlayıb".
Əhmədinijatın Rəfsəncanini tənqid etdiyi ilə bağlı keçmiş prezidentin Xamneyiyə şikayət məktubunu pisləyən təmsilçi bunu onun "ən böyük siyasi səhvlərindən biri" kimi dəyərləndirir: "Bu məktub deyil, əslində, sorğu-sual idi. Bu məktub ölkədə yayılmazdan öncə, İsrail və Amerikanın radiolarında yayımlanaraq xuliqanların ixtişaşa təhrik edilməsinə səbəb olub".
Zulnuri Rəfsəncani ailəsindən danışarkən deyir: "Seçki zamanı Məhəmməd Haşimi (Rəfsəncaninin qardaşı - S.S.) prezidentliyə namizəd Möhsün Rzayinin bank hesabına 5 milyard tümən (min tümən bir dollardır - S.S.) pul köçürməsi, Faizə Rəfsəncaninin (Rəfsəncaninin qızı - S.S.) isə fəal şəkildə ixtişaşçıların arasında olması, onlarla əməkdaşlıq etməsi Haşimi-Rəfsəncani ailəsinin geniş qanunsuz əməllərdə və qanun pozuntularında iştirakını göstərir".
Ayətulla Xamneyinin müşaviri, Tehranda çıxan "Keyhan" qəzetinin redaktoru Hüseyn Şəriətmədari (mərhum ayətulla-üzma Seyid Kazım Şəriətmədari ilə heç bir etnik və başqa qohumluğu yoxdur - S.S.) isə keçmiş prezident Xatəminin referendumla bağlı təklifini kəskin tənqid edərək bunu "Qərbin fitnəsi" kimi dəyərləndirmiş və demişdir ki, bu təklif ölkədə "gərginliyi artırmağa və xaos yaratmağa hesablanıb".
Qeyd edək ki, Xatəmi "xalqın hakimiyyətə etimadını müəyyənləşdirmək üçün referendum" keçirilməsini təklif etmişdi.
Baş verənlərə əsasən, belə ehtimal etmək olar ki, İran hakimiyyəti daxilində parçalanma daha da güclənəcək, belə bir vəziyyət isə İranda yeni keyfiyyət halının yaranmasının başlanmasından xəbər verir.
|
|
|
|
|
|
|