Müğənni Röya söz verdiyi kimi, hamiləliyinin son aylarına kimi səhnəni tərk etməyəcək. Həftənin bir hissəsini səhnəyə və çəkilişlərə həsr edən sənətçini fəallığına görə birincilərdən hesab etmək olar. Hələ ötən ay həkimin icazəsi olmaya-olmaya əsgərlər qarşısında konsert verən müğənni bu rekordunu yenidən təzələmək eşqinə düşüb.
Röya tarixə düşmək arzusundadır. Onun prodüseri Kənanın məlumatına görə, nəzərdə tutulan konsert sentyabrın ortalarına təsadüf edəcək. Həmin tarixdən bir neçə gün sonra Röya ilk övladını dünyaya gətirəcək. Risk etməkdən çəkinməyən sənətçi övladının da onun kimi dözümlü olduğunu vurğulayıb.
Kənanın məlumatına görə, bu cəhdi indiyə qədər heç bir müğənni etməyib: "Röya risk etməyi sevir. Son aylar onun yaradıcılığına daxil olan bütün işlər özünün ideyasıdır. Biz onun durumunu nəzərə alıb təkliflərdən imtina edirik. Özü isə oturub ən böyük layihələr düşünür. Bir müddət əvvəl açıqlama verdi ki, Yaşıl Teatrda konsert vermək istəyir. Dedi ki, bu konsert onun ana olmağına bir neçə gün qalmış baş tutmalıdır. Həkiminin də qarşı çıxdığı bu ideyanı israrla həyata keçirmək istəyir. Artıq konsertə hazırlıq işləri başlayıb. Röya bağda dincəlir və günün müəyyən saatlarında konsertin proqramına nəzər yetirir. Konserti nəzərə alaraq onun yükünü bir qədər azaltmışıq. Yəni televiziya çəkilişlərində az olur, şou-proqramlara çıxmır və s".
Prodüserin əlavəsinə görə, hazırda konsertin tarixi dəqiqləşdirilir. Eyni zamanda, konsertə dəstək olmaq istəyən şirkətlərlə danışıqlar aparılır. Söhbət zamanı bəlli oldu ki, konsertin bir hissəsi duetlər üzərində qurulacaq. Son illər ən çox duet oxuyan müğənni kimi seçilən Röya bu ənənəsini konsertində davam etdirəcək. Kənanın məlumatına görə, hazırda duet ortaqlarının da siyahısı müəyyən edilir. Siyahıda hələ heç yerdə eşidilməyən duet parçaları da səsləndiriləcək. Lakin müğənni tərəf hələlik ikinci şəxslərin adını açıqlamaq istəmir.
|