çap et  
"Hüseyn Dərya narkotikanı birdəfəlik atıb"
"Hüseyn Dərya narkotikanı birdəfəlik atıb"
Həyat yoldaşı reperin sağlam həyat uğrunda mübarizə apardığını deyir
Şənbə, 25.07.2009

Şəms

Reper Hüseyn Dərya uzun müddətdir həbsxana həyatı yaşayır. Reperin səhhəti ilə bağlı ötən aylarda ciddi problem olmadığı barədə mətbuata mütəmadi məlumat verən həyat yoldaşı Sona xanım onun işıqlı həyata can atdığını vurğulayıb. Həyat yoldaşının bildirdiyinə görə, Hüseyn Dərya ailəsi və səhnə üçün həddən artıq darıxır. Verilən imkanlara uyğun həyat yoldaşı ilə gec də olsa görüşə bilən Sona xanım onun barəsində son məlumatı bizimlə bölüşdü. Dedi ki, Hüseyn narkotikanı birdəfəlik atacağına söz verib və sağlam həyata qayıtmaq uğrunda mübarizəsini davam etdirir.

Sona xanım başqa bir məsələyə toxunaraq barəsində yayılan xəbərə aydınlıq gətirdi. Dedi ki, son günlər onun Hüseyn Dərya ilə boşandığı barədə xəbərlər dolaşır. Bunun kimlər tərəfindən yayıldığını bilməyən reperin həyat yoldaşı söylənənlərin kökündən yanlış olduğunu dedi: "Hüseynlə ailə həyatı qurandan sonra bizim ciddi problemimiz onun həbs olunması ərəfəsində olmuşdu. O məni hər şeyin yolunda getdiyinə inandırdığı ərəfədə həbs olundu. Bu hadisə məni çox təsirləndirdi və bizim mübahisəmiz yarandı. Lakin ayrılmaq barədə heç vaxt düşünməmişik. Mən onun övladının anasıyam və baş verən hər bir hadisəyə hazır olmalıyam. Odur ki, bizim münasibətlərimizdə heç bir gərilmə yoxdur. Səbirsizliklə yolunu gözləyirəm. Bir neçə aydan sonra Hüseyn bizim və sevənlərinin əhatəsində olacaq. Bu ərəfədə söz yayıb məni sındırmaq istəyənlər istəklərinə nail ola bilməyəcəklər".

Xatırladaq ki, Hüseyn Dərya narkotikadan istifadə üstündə həbs edilib. Həyat yoldaşı deyir ki, reper narkotikanı çoxdan qəbul etmir. O hansısa bir "kruq"a düşəndən sonra ağ ölümdən istifadə etməyə başlayıb. Bundan bir müddət sonra həbs olunub: "Qarşısında şərt qoydum ki, narkotikadan istifadə etsə, ondan ayrılacağam. Uşağı da ona göstərməyəcəyimi demişdim. Lakin artıq gec idi. Onun hansı yola düşdüyü hüquq-mühafizə orqanlarına bəlli idi".

Sona xanım Hüseyn Dəryanın bir neçə həmkarı tərəfindən yad edildiyini söylədi. Bildirdi ki, ailəsini Hüseynlə görüşə Dado adlı repçi aparır. Eyni zamanda, reperin prodüseri qayğısını onun ailəsindən əsirgəmir".

Həyat yoldaşı sonda bildirdi ki, Hüseynin həbsxana həyatı fanatlarının məhəbbətini zərrə qədər azaltmayıb. Reperin yolunu səbirsizliklə gözləyən fanat ordusu həbsxana həyatı başa çatandan sonra onunla görüş keçirməyi planlaşdırıb.