çap et  
Aysel Teymurzadə dünyaca məşhur "Warner Music" şirkəti ilə müqavilə imzalayıb
Aysel Teymurzadə dünyaca məşhur "Warner Music" şirkəti ilə müqavilə imzalayıb
Onun albomunu bu şirkət hazırlayır
Şənbə, 25.07.2009

Zəminə Rüstəmova

Ötən həftə ilk Türkiyə səfərini yekunlaşdıran "Eurovision-2009"un 3-cüsü Aysel Teymurzadə növbəti planlarını həll edir. Qısa zaman kəsimində yenidən Türkiyəyə getməyi düşünən sənətçi bunun səbəbini açıqladı. Bildirdi ki, onun Tarkanla duet oxumaq arzusu, nəhayət, həllini tapacaq: "Əvvəla, onu deyim ki, Tarkanla görüşməzdən əvvəl mən Türkiyədə keçirilən "Çeşmə" musiqi festivalında qonaq qismində çıxış etmişəm. Dinləyicilərin xahişini nəzərə alıb məşhur "Always" mahnısını ifa etdim. Lakin duet ortağım Araş orada olmadığından mahnı yalnız mənim ifamda səsləndi. Ötən həftə Bakıda konsert verən Hadisəyə həmvətənlərimiz necə isti münasibət göstərirdilərsə, eyni hərarəti mən də bu qardaş ölkədə hiss etdim. Orada mənə "Azəri gözəli Aysel" deyə müraciət edirdilər. Musiqiçilərlə və bir çox adi insanlarla görüşümdən bəlli oldu ki, onlar mənim solokonsertimi səbirsizliklə gözləyirlər. Bir neçə şirkətlə razılaşma əldə olunub. Üzərində hazırlıq işləri gedən albomum işıq üzü görəndən sonra konsert proqramına start veriləcək".

Tarkanla görüşünə yenidən qayıdan sənətçi xanım onun ünvanına söylənən fikirlərdən məmnunluq hissi keçirdiyini söylədi: "Tarkan mənimlə söhbətində xoş sözlərini boğazdan yuxarı söyləmədiyini vurğulayırdı. O həm mənim simamı bəyənir, həm də "Eurovision"dakı çıxışımın uğurlu olduğunu deyirdi. Türkiyədə səfərdə olarkən onunla eyni mehmanxanada qalırdıq. Bu səbəbdən söhbətimiz sıx-sıx olurdu. İzmirdən İstanbula eyni təyyarədə gəldik. Əməkdaşlığa başlamaq üçün artıq bir sıra danışıqlar olub. Bir-birimizi tapmaq üçün koordinatlarımızı bilirik. Lakin planlarımızın nədən ibarət olduğunu asılı səbəblərdən açıqlaya bilmərəm".

Söhbət zamanı bəlli oldu ki, Aysel Teymurzdə dünyaşöhrətli "Warner Music" şirkəti ilə müqavilə imzalayıb: "Bir müddətdən sonra mənim prodüserim Henrik Ulman adlı bir şəxs olacaq. Bir az əvvəl qeyd etdiyim albom üzərində həmin şəxs işləyir. Bu albom da tezliklə bir çox ölkələrə səs salacaq. Onun təbliğatının yüksək səviyyədə aparılacağını öyrənmişəm. Şirkətlə növbəti layihələrim isə daha möhtəşəm olacaq". Sonda öyrəndik ki, Aysel Teymurzadənin bu ayın sonunda Slovakiyaya səfəri gözlənilir. Sənətçi daha bir konsert proqramı ilə çıxış edəcək.