Müğənnilərin avtomobil yarışı
 |
Ən bahalı markaya Ruhi sahibdir
Şənbə, 25.07.2009
|
|
Şou-biznes dünyası təmsilçilərinin özləri qədər sahib olduqları mülkləri də diqqət mərkəzindədir. Onların hansı evlərdə yaşadığı, hansı marka avtomobil sürdüyü adətən hər şeyə maraq göstərənlərin diqqətinə çatdırılır. Bəzən şou-biznesdə "ən bahalı maşın sahibi" adı uğrunda mübarizələrə də rast gəlirik. Kimlərsə birincilik adı uğrunda hətta kredit yolu ilə avtomobilini təzələyir, bəziləri prestijini göstərir, Rəqsanənin adı isə məhkəmədə hallanır. Onun kreditlə götürüb sonradan ödəyə bilmədiyi bahalı avtomobilinin əlindən alındığı deyilir. Lakin kredit yolu çoxlarının işini asana salıb.
Hər zaman birinciliyə can atan və öndə olmaq üçün dəridən-qabıqdan çıxan Aygün Kazımova indiyə qədər saysız-hesabsız avtomobillər dəyişib. Artıq bir çoxlarına "Nammer"i idarə etdiyi bəllidir. Onun sevimli maşınının qiyməti 120 min dollardır. Son illər idarə etdiyi maşınları məhz kredit hesabına əldə edən müğənni hətta bir dəfə xoşagəlməz hadisə ilə üz-üzə qalıb. Belə ki, bir neçə il əvvəl müğənni, kreditə götürdüyü avtomobilin pulunu vaxtında ödəyə bilmədiyindən "Əmrahbank" tərəfindən maşın geri alınıb.
İlhamə Quliyeva əvvəllər "BMV limuzin" idarə etsə də, bir neçə ay öncə pərəstişkarlarından biri ona "Nummer" bağışlayıb. "Nummer"in qiyməti 58 min dollardan 63 min dollar arasında dəyişir.
Faiq Ağayev, Brilyant Dadaşova, Xatirə İslam və Xuraman Şuşalının "Audi" Q7 markanı idarə etdiyini öyrəndik. Qiyməti 120 min dollaradək olan bu maşın bir çoxları tərəfindən bəyənilsə də, Xuraman Şuşalı artıq ondan imtina etmək fikrinə düşüb. Bu avtomobil nəzərə çarpan olsa da, Xuramanın dediyinə görə, bəzi problemləri var. Deyir ki, Bakının yolları tıxaclı olduğundan onu idarə etmək çətinlik yaradır. Kifayət qədər baha qiymətə olan maşınının əzilməsindən qorxan müğənni bu səbəbdən tezliklə onu digəri ilə əvəz edərək canını qurtarmaq istəyir. Nə qədər ehtiyat etsə də, nəticədə tıxaclardan xəsarətsiz ötüşməyən Xuraman Şuşalı buna görə hətta bir vaxtlar falçıya belə müraciət edib.
O tez-tez qəza törətməsinin səbəbini falçılardan öyrənmək istəyib.
"Bakılı qız" mahnısı ilə tanınan müğənni Vasif Məhərrəmli və Rəqsanə "Renge-Rover" idarə edirlər. Bu avtomobilin qiyməti 115 min dollardan 125 min dollara qədər dəyişir.
İmici ilə yanaşı, avtomobillərində də tez-tez dəyişiklik edən müğənni Röyanın hazırda 3 avtomobili olduğunu öyrəndik. Onun ən son "Renge-Rover"i olsa da, müğənni "Lexus-470"ə üstünlük verir. İkinci avtomobilin qiymətinin 50-55 min dollar olduğu deyilir. Onun paytaxt küçələrində idarə etdiyi "Grand BMW-535" isə 40 min dollaradır.
"Qala" qrupunun rəhbəri Abbas Bağırov və meyxana ifaçısı Namiq Qaraçuxurlu "Lexus" idarə edirlər. Bu maşının qiyməti 130 min dollardır. İlk avtomobilinin "06" olduğunu deyən meyxanaçı artıq bu gün "06"nı "Lexus"la əvəzləsə də, bu avtomobil ürəyincə deyil. Gözü ağ "Limuzin"i tutan Namiq həmin markanı almaq üçün özünü od-alova atmır. O buna bir arzu kimi baxır. Deyir ki, nə zaman əlində külli miqdarda pul olsa, həmin avtomobili almaq barədə düşünəcək. Nisyəni və krediti sevməyən Namiq ayağını yorğanına görə uzadır. Açıqlamasına görə, bu gün şou-biznesdə avtomobilini nağd yolla alan müğənniyə təsadüfi halda rast gəlmək mümkündür. Onlardan birinin isə özü olduğunu bir daha diqqətə çatdırdı.
Aparıcı İlkin Həsənli, müğənnilər Ayaz Qasımov, Mübariz Tağıyev, Manana Çaparidze, Nazpəri Dostəliyeva "N Brother" qrupunun rəhbəri Namiq müəllim "Mercedess Benz-C klassik" idarə edirlər. Bu avtomobilin qiyməti 10 mindən 185 min dollar fərqində dəyişir. Tünzalə Ağayevanın idarə etdiyi "Mercedes Benz E klassik"in qiyməti 27-40 min dollara satılır.
"Toylar kralı" tituluna sahiblənən Manaf Ağayev isə "Mercedes-E 600" idarə edir. Bu maşının qiyməti 25 min dollarla 35 min dollar fərqindədir. Ruhi isə "Mercedess CLS" markalı avtomobil idarə edir. Sənətdə köhnələrdən olmasa da, sahibi olduğu avtomobil köhnə deyil. Lap təzələrdəndir. Onun qiyməti 300 min dollaradır. Eyni zamanda, müğənni 150 min dollarlıq ayrı markadan olan avtomobilə də sahiblik edir. Nəzərə inanan müğənni bahalı avtomobilini tez-tez idarə etmir.
İradə İbrahimova isə "Range Rover" markalı avtomobilini bu günlərdə "BMV" ilə əvəzləyib. Hazırda İstanbulda yaşayan İradə xanım Bakıya gəlişi zamanı ikinci markanı idarə edəcək.
Rüfət Mehdiyev və Nadir Qafarzadənin idarə etdiyi "Payero"nun qiyməti 35 min dollardır. Aparıcı, şoumen Murad Dadaşov və Ədalət Şükürov "Infiniti" idarə edirlər. Bunun qiyməti 85 min dollaradır. Arabir geyim tərzində gah klassik, gah da idman üslublarına üstünlük verən Ədalət Şükürov bu ənənəsini avtomobil seçimində də edir. Onun son aldığı "Lamborgini Nisan Z-350-srort" adlanan avtomobilinin 50 min dollar dəyəri var. Onun digər avtomobili isə "BMW"dir.
Gənc müğənni Zamiq "BMW bumer", Mətanət İsgəndərli "BMW x5" idarə edirlər. Sənətçi xanımın idarə etdiyi avtomobilin qiyməti 28-105 min dollara satılır. Eyyub Yaqubovun "Subaru"su 35-45 min dollardır. Natəvan Həbibi isə "Nammer" idarə edir. Onun 130 min dollar dəyəri olduğu deyilir.
|
|
|
|
|
|
|