"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası SOS ailə tipli qayğı modelinin ikinci mərhələsi çərçivəsində Gənclər Evi yaradacaq. Qeyd edək ki, birinci mərhələdə SOS ailəsi, ikincidə Gənclər Evi, 3-cüdə yarımmüstəqil həyat, 4-cüdə isə müstəqil həyat nəzərdə tutulur.
Assosiasiya xarici ekspertlərin köməyilə uşaq evlərini tərk edənlərin vəziyyətinin öyrənilməsinə dair araşdırma aparıb. Bəlli olub ki, dövlətin uşaq evlərini tərk edən gənclərin problemlərinin həllinə yönələn spesifik fəaliyyət planı və ya siyasəti yoxdur. Müvafiq yerli orqanların da bu gənclərin problemlərinin öyrənilməsi üçün planı yoxdur. Təcrübə göstərir ki, gənclər müstəqil həyata adekvat hazırlıq olmadan başlayırlar. Dövlət müəssisələrində uşaqlar təcrid olunmuş yaşayırlar, onların digər insanlarla ünsiyyəti məhdudlaşdırılır, sosial bacarıqları inkişaf etdirilmir. Uşaqların təhsilləri digərlərindən aşağı olur, peşə bacarıqlarına yiyələnə bilmirlər. Nəticədə isə bu gənclər gələcəkdə uğursuz ailə, işsizlik, cinayətkarlıq və digər problemlərlə üzləşirlər.
Assosiasiya dövlət uşaq evlərini, eləcə də digər alternativ qayğını tərk edən gənclərlə bağlı kampaniyaya başlayıb. Kampaniya dövlət uşaq müəssisələrini tərk edənlərin müstəqil həyata hazırlığı məqsədilə aparılır.
Bu ilin martında uşaq evlərini tərk etmiş və tərk etməkdə olan gənclərin "Gənclərin Güvənc Körpüsü" adlı Şəbəkəsi" yaradılıb. Respublika Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən "Resurs mərkəzi" yaradılır.
|