Hal-hazırda Ayna qəzetinin 25.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Adlar seçimin obyektivliyini dəqiq əks etdirdi
Adlar seçimin obyektivliyini dəqiq əks etdirdi
Həsən bəy Zərdabi mükafatının təqdimatından təəssürat
Şənbə, 25.07.2009

İsmayıl Umudlu mətn ölçüsü  

Bu ötən həftəyə Mətbuat günü öz möhrünü vurdu və bir sıra yaddaqalan mərasimlərlə müşayiət olundu. Onların bir neçəsində mən də iştirak edirdim və təəssüratlarım mətbuatımızın bu günü və gələcəyi sarıdan ümidverici notlara kökləndi.

Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatının builki təqdimetmə mərasimi bayramdan bir gün öncə "Xalq qəzeti"nin toplantı zalında keçirildi. Mükafatçılar, jurnalist təşkilatlarının rəhbərləri, media mənsubları burada idilər. AJB sədri Elçin Şıxlı bildirdi ki, bu mükafat media orqanlarına, onların hər hansı proqramlarına deyil, ənənəvi olaraq fərdlərə - onların jurnalistika sahəsində şəxsi fəaliyyətləri ilə qazandıqları uğurlara görə verilir. Elçin Şıxlı dedi ki, hər il bu mükafat müxtəlif nominasiyalar üzrə 8-11 jurnalistə verilirdisə, bu il nominantların sayı 9-dur.

Bunlar media sahəsində tanınmış isimlər: Pərvanə Məmmədli, Elxan Kərimov, Azər Qərib, Vüqar Zeynalov, Əli Əhmədov, Qəhrəman Qasımov, Nazim Məmmədov, Natiq Zərbəliyev və Əflatun Amaşov oldular. Onları hamımız tanıyırıq, fəaliyyətləri ilə bu və digər dərəcədə tanışıq. Bir sözlə, adlar seçimin obyektivliyini dəqiq əks etdirirdi. Mükafat builki nominantlara, doğrudan da, halal idi.

Həsən bəy Zərdabi mükafatı Azərbaycanın media məkanında çox prestijli milli mükafat sayılır. Yəni onun arxasında maliyyə məbləği dayanmasa belə, hamı bilir ki, bu mükafat obyektivliyi əks etdirir və ona layiq görülmüş jurnalist, həqiqətən peşəkardır. AJB sədri izah etdi ki, bu il də mükafatçılar fərdi və ümumi monitorinqlər əsasında seçiliblər və idarə Heyəti onları mükafata təqdim etməyi lazım bilmişdir.

BDU jurnalistika fakültəsinin məzunu, hazırda AMEA Ədəbiyyat İnstitutunun böyük elmi işçisi və BDU jurnalistika fakültəsinin müəllimi Pərvanə Məmmədli elmə jurnalistikadan gəlib, vaxtilə xaricdə yaşayan soydaşlarımızla əlaqələr quran "Vətən" cəmiyyətində, onun mətbu orqanı olan "Odlar yurdu" qəzetində çalışıb. Mükafata layiq görülən işi də "Cənubi Azərbaycan mətbuatı tarixi" adlı dərslikdir. Dərslik bu günlərdə çıxıb və mətbuatda bu kitab barədə müsbət resenziyalar dərc edilib. Kitaba verilən dəyərə görə təşəkkürünü bildirən Pərvanə Məmmədli dedi ki, Cənubi Azərbaycanda mətbuat tarixi son dərəcə zəngindir və araşdırıcılar üçün görüləsi çox iş var.

Qeyd edək ki, həmin gün Atatürk Mərkəzində "Şərq" qəzetinin redaktoru Akif Aşırlının "Azərbaycan Mətbuatı tarixi" kitabının da təqdimat mərasimi keçirilmişdi və Elçin Şıxlı bu yerdə sözlərinə əlavə etdi ki, əgər Akif Aşırlının bu işindən bir gün əvvəl xəbər tutmuş olsaydılar, təbii ki, o da mükafata təqdim olunacaqdı. Odur ki, bir il daha gözləməlidir.

"Turan" informasiya agentliyinin fotoqrafı Elxan Kərimov bu mükafata foto-reportajlarına görə layiq görülüb. Bu il 60 yaşı tamam olan həmkarımız üçün bu mükafat yerinə düşdü.

REKLAM

"Lider" telekanalının səyahətlər proqramının aparıcısı Azər Qəribi hamımız yaxşı tanıyır, xarici ölkələrdən hazırladığı proqramlara həvəslə baxırıq. Bu prestijli mükafatı təqdim edərkən Elçin Şıxlı belə bir fikir söylədi ki, görüb-tanıdığımız ölkələrin görə bilmədiyimiz cəhətlərini, təfərrüatları tamaşaçılara xoş bir üslubda təqdim edə bilir. "İlk baxışdan adi görünən səyahət verilişlərində bir qayda olaraq incəlikləri görür, onu tutur və təqdim edir", - Azər Qərib mükafatı yaradıcılığının bu cəhətinə görə almışdı.

"Azərbaycan jurnalistikasının atasının adını daşıyan mükafatı almaq mənim üçün çox önəmlidir. Azərbaycanda mövcud olan mükafatlardan fərqli olaraq bu mükafat kommersiya xarakteri daşımır. Onun təqdim olunmasını şərtləndirən yalnız obyektivlikdir", - bu sözləri Azər Qərib dedi. Bu yerdə həmkarımız Pərvanə Məmmədli məndən sakitcə soruşdu ki, ona "Qızıl qələm" mükafatı verməyi və bunun üçün əvvəlcədən müvafiq məbləğ ödəməyi təklif edirlər... Bilmir neyləsin. Mən ona məsləhət gördüm ki, pulunu boş yerə sərf etməsin.

"Zerkalo"nun idman redaksiyasının müdiri Vüqar Zeynalov isə bu mükafata qəzet səhifələrində dərc olunan idman məqalələrinə və şərhlərinə görə layiq görülürdü. "On beş ildir bir yerdə çalışırıq, çox şadam ki, Vüqargil "Zerkalo" ilə yanaşı, "Azərisport" idman saytı da yaradıblar. Qəzet elə şeydir ki, xəbərdən hamıdan əvvəl xəbər tutsan belə, həmin məlumat ancaq sabah səhər çıxa bilər. Amma indi İnternet deyilən bir məkan da var ki, alınan xəbəri həmin an İnternet saytında yerləşdirmək olur. Və bu halda xəbər olduqca operativləşir", deyə Elçin Şıxlı izahat verdi. Təsadüfi deyil ki, bu gün "Zerkalo"nun idman xəbərləri öz operativliyinə, səlisliyinə və doğruluğuna görə daha populyardır.

Əli Əhmədov İTV-də ölkə iqtisadiyyatına həsr olunmuş səviyyəli proqramına görə bu mükafatı aldı. O biri nominantlara gəldikdə, Qubada çıxan "Şəfəq" qəzetinin redaktoru Qəhrəman Qasımov bölgənin sosial həyatını, problemlərini peşəkarcasına işıqlandıran məqalələrinə görə bu mükafata layiq görülmüşdü. Xatırladaq ki, "Şəfəq" qəzeti 1920-ci ildən nəşr edilir və ölkənin ən yaşlı bölgə qəzeti kimi tanınır və gələn il qəzetin 90 yaşı tamam olur.

"Konsilium" jurnalının redaktoru Nazim Məmmədov bu mükafatı başçılıq etdiyi jurnalın tibbi problemləri peşəkarcasına işıqlandırdığına görə aldı. Azərbaycanda avtomobil jurnalistikasının ilk yaradıcısı kimi tanıdığımız Natiq Zərbəliyev öz fəaliyyətinə "Zerkalo"da başlayıb, sonra müstəqil "Avtoqraf" jurnalını yaradıb və hazırda onun redaktorudur.

Media Şurasının sədri Əflatun Amaşov isə bu mükafata mediaya göstərdiyi daimi dəstəyə görə layiq görülmüşdür. Özü hər il media mənsublarına bu və digər mükafatlar təqdim edən Əflatun Amaşov dedi ki, mükafat almaq mükafat verməkdən çətindir.

Xatırladaq ki, mükafatın yaradıcısı AJB-nin mərhum sədri unudulmaz Hacı Hacıyevdir və təqdimetmə mərasimində onun adı ehtiramla xatırlandı. "Bu mükafatın təsisinin və 22 iyulun Azərbaycan Mətbuatı günü kimi qeyd olunmasının təşəbbüskarı idi. Mən belə düşünürəm ki, Hacı müəllim kimi insanların başladığı işi, onun qoyduğu ənənələri biz davam etdirə biləcəyik və bizdən sonrakı nəsil də bu ənənələri unutmayacaqdır", - deyə AJB sədri Elçin Şıxlı söylədi. Tanınmış jurnalist Qulu Məhərrəmli təklif etdi ki, buna əlavə olaraq bir mükafat da Hacı Hacıyevin xatirəsinə təsis olunsun və hər il Həsən bəy Zərdabi mükafatı təqdim edilərkən eyni vaxtda təqdim olunsun. Təklif bir ideya olaraq bəyənildi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Media açari"nin builki qalibləri də təltif olundular
Ənənəvi "Media açarı"müsabiqəsinin illik mükafatları "Cressent Beach" otelində təntənəli bir törənlə təqdim olundu.

"8-ci kilometr bazarı"nda yanğın: bəzi təfsilatlar
Bu bazarda elə bir xaos var ki, hansı bazarın kimə məxsusluğu bilinmir

Hədəfdə kolbasa, sosiska, duz, yumurta və çörək!
Onların keyfiyyəti yoxlanacaq

Üç rayonda məhəllə meydançaları yaradılıb
Bakıda məhəllə meydançalarının yaradılmasına başlanıb.

Əcnəbi işçilər yerlilərlə əvəzlənir?
Xarici neft şirkətlərində əcnəbi mütəxəssislərin yerlilərlə əvəzlənməsilə bağlı vəziyyət öyrəniləcək.

Gənclər Evi yaradılır
"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası SOS ailə tipli qayğı modelinin ikinci mərhələsi çərçivəsində Gənclər Evi yaradacaq.

Arılar qoruqda yerləşdirilə bilər
Arı yeşiklərinin qoruqlarda yerləşdirilməsi üçün icazə verilir.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


Şevardnadze demoqrafik situasiyadan narahat olub

Şevardnadze demoqrafik situasiyadan narahat olub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər