Qida məhsullarının keyfiyyət məsələsi son illər daha da aktuallaşıb. Xəstəliklərin çoxalması adamları narahat edir. İndi hər kəs aldığı malın yararlılıq müddəti ilə maraqlanır, daha keyfiyyətli məhsullar almaq üçün satıcıları sorğu-sual edir, hüquqlarını tələb etməyə başlayıblar. Bu, əlbəttə, yaxşıdır. Bəlkə də bu səbəbdən cavabdeh qurumlar apardıqları monitorinqlər haqqında ictimaiyyətə daha ətraflı məlumat verməyə, qida məhsullarının keyfiyyətini daha intensiv yoxlamağa başlayıblar.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) tərəfindən kolbasa və sosiska məhsulları ilə bağlı aparılan monitorinqlər 3-4 günə başa çatacaq. Mərkəzdən aldığımız bilgiyə görə, laborator müayinələrin nəticələri açıqlanacaq. İlkin nəticə belədir ki, kolbasa məhsullarının əksəriyyəti bakterioloji çirklənməyə məruz qalıb. Hazırda mərkəzin əməkdaşları çirklənmənin satış zamanı, yoxsa məhsulun mağazada saxlanma şəraitindən yarandığını araşdırır. Eləcə də, kolbasalara duz vurulmasında, qurudulmasında qaydalara əməl olunmur.
RGEM xörək duzunun da monitorinqini aparacaq. Duzu yodlaşdırma problemi hələ də qalır. Abşeronda duz istehsal edən bir neçə müəssisə, o cümlədən "Naxçıvan filiz idarəsi" duzu normaya uyğun şəkildə yodlaşdarmadığı üçün cərimə olunub. Sumqayıt şəhərində iki sexin fəaliyyəti isə tamamilə məhdudlaşdırılıb. Qeyd edək ki, 1 kq duzda 30-50 mq yod olmalıdır. Monitorinqlər nəticəsində isə məlum olub ki, buna əməl etməyən duz istehsalçılarının istehsal etdiyi məhsulda bu göstərici 15-17 mq təşkil edir. Duzla bağlı ən böyük problemlərdən biri də onun yuyulması ilə bağlıdır. Masazır gölündən yığılan duzun toz-torpağının təmiz yuyulması vacibdir. Duzda 0,2 qalığın qalmasına icazə verilir.
Mərkəz əməkdaşlarının istehlakçılara növbəti tövsiyəsi yumurta ilə bağlıdır. Ticarət mərkəzlərində satılan yumurta mütləq soyuducuda saxlanılmalı və digər ərzaqlarla təmasda olmamalıdır. Eyni zamanda məhsulun üzərində baytarlıq idarələrinin möhürü olmalıdır. Alıcılar məhsulu aldığı zaman mağazadan məhsulun istehsal tarixini tələb etməlidir.
RGEM avqust ayından etibarən çörək məhsullarının monitorinqini də həyata keçirəcək. Çörək məhsullarında əsas narahatlıq kartof xəstəliyi ilə bağlıdır. Çörəyin daşınma və satış şəraitinə gəlincə, mağaza sahiblərinə adi vətəndaşlardan satış üçün çörək götürməmələri ilə bağlı xəbərdarlıq olunub. Bu adamlar çörəyi xidməti maşında deyil, balaca maşınlarda, çirkli şəraitdə daşıyırlar. Lakin xəbərdarlığa baxmayaraq mağaza sahibləri buna əməl etmirlər. Səbəb isə alver maraqları ilə bağlıdır. Problemin qarşısını almaq üçün hətta dövlət yol polisinə bu kimi maşınlarda çörək daşınmasına icazə verməmələri ilə bağlı müraciət edilib. Lakin kimdir buna baxan?..
|