"8-ci kilometr bazarı"nda yanğın: bəzi təfsilatlar
 |
Bu bazarda elə bir xaos var ki, hansı bazarın kimə məxsusluğu bilinmir
Şənbə, 25.07.2009
|
|
mətn ölçüsü |
|
|
|
"8-ci kilometr bazarı" kimi tanınan 4 saylı bazara yanğın zamanı dəymiş ziyan dəqiqləşdirilir. Nizami İH-dən bildiriblər ki, FHN komissiya yaradıb. Yanğının başvermə səbəbindən tutmuş satıcılara dəyən ziyanadək araşdırılacaq. Yanğının nəticələrinin aradan qaldırılması üçün tədbirlərə başlanıb. Nizami İH-yə istinadən yayılan xəbərə görə, bazardakı mağazalar sığortalanmadığı üçün zərərçəkənlərə kompensasiya nəzərdə tutulmur.
Əldə etdiyimiz bilgiyə görə, əraziyə yaxın binalarda yaşayan sakinlər hadisəni mobil telefonların yaddaşına köçürüblər. Bu barədə satıcılar məlumat veriblər. Görüntülərdə yanğının elektrik naqillərindən baş verdiyi əks olunub. Lakin yanğının qəsdən törədildiyi versiyası da irəli sürülür. Xeyli müddətdir bu ərazinin köçürüləcəyi, satıcılara isə yaxınlıqda tikilən mağazalarda yer təklif edildiyi deyilirdi.
4 saylı bazarın yanması ilk hadisə deyil. Son illər bazar və iri ticarət mərkəzlərində yanğınlar tez-tez baş verir. Təhlükəsizlik qaydalarına riayət edilmədiyi ilə yanaşı, digər versiyaların ortaya atılması bu hadisələrə ictimaiyyətin diqqətini daha da artırır. 8-ci kilometrdə 10-a qədər bazarın fəaliyyət göstərdiyi bildirilir. Onların arasında topdansatış və İran bazarının da olduğu söylənilir. Bazarlarda vərəmli xəstələrin satıcı kimi fəaliyyət göstərməsi ilə bağlı xəbərlər var.
Tacirlər İctimai Birliyinin sədri Sevgim Rəhmanov bizimlə söhbətində bazarlarda vərəmli xəstələrin çalışmasını istisna etmir. Onun sözlərinə görə, ölkəmizdə istənilən şəxs ticarətlə məşğul olur.
Ticarət sektoru yeganə sahədir ki, heç bir sənəd tələb olunmadan vətəndaş satıcı kimi işə qəbul edilir. Ona görə də nəinki vərəmli xəstələrə, hətta ən qorxulu infeksion xəstəliklərin törədicilərinə yoluxmuş adamlara ticarət obyektlərində rast gəlmək mümkündür: "Əgər əksər bazarlarda antisanitariya hökm sürürsə, deməli, alıcının da, satıcının da xəstəliyə tutulması mümkündür".
Birlik sədri vurğulayır ki, bazar elə ticarət obyektidir ki, girişlə çıxış arasında heç bir əlaqə olmamalıdır. Bazarın girişindən daxil olan həm mal və məhsullar, həm də satıcılar həkim müayinəsindən keçirilməlidir. Onun fikrincə, böyük obyektlərin girişində müasir tələblərə cavab verən laboratoriya yaradılmalı və həkim məntəqəsi fəaliyyət göstərməlidir.
Sevgim Rəhmanov:
- Konkret olaraq 8-ci kilometrdəki bazarda elə qarışıqlıq var ki, hansı bazarın kimə məxsus olduğunu heç kəs bilmir. Məhz bu səbəbdən hökumət bazarların yığışdırılmasında maraqlıdır. Hər şey qayda-qanunla olmalıdır. 4 saylı bazarın yerləşdiyi ərazi nəinki avtomobillərin, eləcə də piyadaların normal hərəkətini əngəlləyir.
Müsahibmiz deyir ki, Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə bütün ticarət obyektləri, bazarlar baş plana uyğun inşa olunmayıb. Bütün inkişaf etmiş ölkələrdə ticarət obyektlərinin yerləşməsi qanunauyğunluğa əsaslanır. Sivil ölkələrdə yaşayış binalarının altında, böyük ticarət mərkəzlərinin, parkların yaxınlığında avtomobillərin saxlanması üçün dayanacaqlar təşkil edilir. Buna görə də vətəndaşlar avtomobillərini küçədə saxlamır. Azərbaycanda isə bu məsələlər nəzərə alınmır. Böyük ticarət və xidmət obyektləri tikilir. Sonradan bəlli olur ki, həmin ərazilərə avtomobillə gələn vətəndaşların öz maşınlarını saxlaması üçün yer yoxdur. Bütün bunların əziyyətini isə sonda sadə vətəndaşlar çəkir. Sevgim Rəhmanov ancaq topdansatış ticarət obyektlərinin şəhər kənarında olmasını mümkün saysa da, pərakəndə ticarət obyektlərinin mərkəzdə yerləşməsini vacib sayır: "Mərkəzdə və ya kənarda yerləşməsindən asılı olmayaraq, ticarət mərkəzləri elə yerləşdirilməlidir ki, insanların gediş-gəlişinə mane olmasın. Amma bizdə ictimai ehtiyaclardan daha çox, şəxsi istəklər əsas götürülür. Buna görə də kim harada istəyir ticarətlə məşğul ola bilir". Amma bir məsələ də var ki, tıxacların yaranmasını əsas gətirib yüzlərlə insanın çalışdığı xidmət obyektlərini ləğv etmək işsizlik ordusu yaratmaq deməkdir. Təxmini hesablamalara görə, hər iri ticarət obyektində, bazarda 2-3 min adam çörəkpulu qazanır. Birlik sədri deyir ki, onların heç bir kompensasiya ödənilmədən və başqa yerdə yerləşdirilmədən kənara atılması növbəti bir özbaşınalıq olardı.
S.Rəhmanov obyektləri sökülən sahibkarların əksəriyyətində qanuni sənədin olmadığını dedi: "İndiyə qədər "Amay", "Binə", "Sədərək" söküldü. İndi də "Xalqlar dostluğu", "Laçın" ticarət mərkəzləri, habelə "Yaşıl bazar" və sair sökülmək üzrədir. Onların da sahibkarları əvvəlkilər kimi kompensasiya ala bilməyəcəklər. Çünki həmin sahibkarların hamısının sənədi yoxdur. Ona görə də sənədsiz sahibkara kompensasiya ödənilməsi mümkün deyil. Sənədi olmayan obyekti isə heç bir sığorta şirkəti sığortalamaq istəmir. Göründüyü kimi, bir qanunsuzluq digər qanunsuzluğa rəvac verir".
|
|
|
|
|
|
|