çap et  
Tacikistan minaaxtaranlarına sertifikat verildi
Tacikistan minaaxtaranlarına sertifikat verildi
ANAMA-nın 11 yaşı tamam oldu
Şənbə, 18.07.2009

C.Məmmədov

Dünən Azərbaycanda təlimlərini başa vuran Tacikistan Mina Təmizləmə Mərkəzinin nümayəndələrinə sertifikatlar təqdim olunub. Bu barədə "Ayna"ya Azərbaycan ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

İyulun 12-dən BMT İP-nin Mina Fəaliyyəti üzrə Mübadilə Proqramı çərçivəsində ANAMA-nın regional bazalarında Azərbaycan mütəxəssislərinin keçirdiyi təlimlərdə iştirak edən Tacikistan nümayəndələrinə sertifikatları ANAMA-nın direktoru Nazim İsmayılov təqdim edib.

N.İsmayılov Tacikistan heyətinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Yeri gəlmişkən, bu gün Azərbaycan ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaradılmasının 11 ili tamam olur. 1998-ci il iyun ayının 18-də, sabiq prezident Heydər Əliyevin sərəncamı ilə yaradılan bu agentliyin əsas məqsədi ölkədə minatəmizləmə potensialının yaradılması və yerli sakinlərin yaşamı üçün təhlükəsiz şəraitin təminatı idi.

İndiyədək ANAMA tərəfindən 105 400,337 kvm ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 457 610-dur. Təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağstafa və Samux rayonlarında və Bakı şəhərinin Güzdək qəsəbəsində aparılır. Əməliyyatlarda 425 mütəxəssis və 115 yardımçı heyət iştirak edir. Əməliyyatlara 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it cəlb olunub. Bu ildən etibarən ANAMA yeni təcrübə əldə edərək müxtəlif ölkələr üçün mina təmizləmənin müxtəlif sahələri üzrə təlimlər keçirir.