çap et  
Öldürülən yaraqlı Avstriya vətəndaşı çıxdı
Öldürülən yaraqlı Avstriya vətəndaşı çıxdı
Silahlıların 2-si Azərbaycan ərazisindədir
Şənbə, 18.07.2009

C.Məzahiroğlu

Azərbaycan - Rusiya sərhədində öldürülən yaraqlının üzərindən Avstriya vətəndaşına məxsus şəxsiyyəti təsdiq edən sənəd tapılıb. Bu barədə APA-ya rayon hüquq-mühafizə orqanlarından məlumat verilib. Öldürülən yaraqlının meyitinin fotoları da agentliyə təqdim edilib.

Bildirilir ki, iyulun 16-da saat 03.00 radələrində Azərbaycan - Rusiya sərhədinin Balakən rayonu ərazisində, Qubek dağlarında baş verən silahlı toqquşma zamanı Azərbaycan sərhədçiləri tərəfindən öldürülən yaraqlının şəxsiyyəti müəyyən edilib. Əməliyyatçılar yaraqlının daşıdığı yük çantasından Avstriya vətəndaşı olduğunu təsdiqləyən şəxsiyyət vəsiqəsi, silah-sursat, xəritə və qida məhsulları aşkar edərək götürüblər. Bununla belə, tibbi ekspertiza zamanı onun müsəlman olduğu məlum olub. Şəxsiyyət vəsiqəsində onun adı və familyası Salman Umdayev kimi qeyd olunub. Hazırda əməliyyat qrupu onun üzərindən tapılan sənədin saxta olub-olmadığını araşdırır.

Hadisənin başvermə səbəblərini araşdıran hüquq-mühafizə orqanları yaraqlıların Azərbaycan tərəfə keçməsini ilkin olaraq bir versiya ilə əsaslandırır. İstintaq qrupunun gəldiyi ilkin qənaətə görə, mütəşəkkil cinayətkar dəstə Azərbaycan sərhədlərinə Şimali Qafqazda, eləcə də Dağıstanda son vaxtlar həyata keçirilən antiterror əməliyyatları nəticəsində sığınacaq məqsədi ilə üz tutub. Bununla belə, əməliyyatçılar başqa versiyalar üzərində də işləyirlər. Hadisənin baş verdiyi Qubek dağı ətrafında axtarış tədbirləri gücləndirilib. "Darama" əməliyyatında rayon polis şöbəsinin əməkdaşları və Dövlət Sərhəd Xidmətinin hərbçiləri iştirak edir.

Ötən gündən isə Zaqatala və Balakən rayonlarında polis gücləndirilmiş iş rejiminə keçib. Hər iki rayona giriş-çıxış nəzarətə götürülüb. Baş vermiş silahlı toqquşmadan sonra yaraqlılardan üçünün Rusiya istiqamətində qaçdığı, ikisinin isə Azərbaycan tərəfdə qaldığı bildirilir. Dəstə üzvlərinin tapılması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

16 iyul 2009-cu il saat 03.00 radələrində Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədi yaxınlığında, Balakən rayonu Mahamalar kəndi istiqamətində səyyar sərhəd xidməti təşkil etmiş sərhəd naryadı tərəfindən 6-7 nəfər naməlum şəxsdən ibarət mütəşəkkil silahlı dəstənin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz pozmaq cəhdinin qarşısı alınıb.

Silahlı dəstə üzvləri tərəfindən sərhəd naryadına qarşı odlu silah tətbiq edilib, nəticədə sərhəd naryadının üzvü, əsgər İsayev Bəhruz Əsgər oğlu yaralanıb. Cavab atəşi ilə dəstə üzvlərindən biri məhv edilib, digər dəstə üzvü isə yaralanıb. Öz iradələrindən asılı olmayaraq niyyətlərini başa çatdıra bilməyən silahlı dəstənin üzvləri havanın qaranlıq, ərazinin dağlıq, meşəlik olmasından istifadə edərək, hadisə yerindən qaçıblar.

Onların izlənməsi zamanı silahlıların atıb qaçdığı səhra kisələrində xeyli miqdarda əl qumbaraları, hərbi sursat, dağlıq ərazidə uzun müddət qalmaq üçün nəzərdə tutulan ərzaq, geyim əşyaları və digər ləvazimat aşkarlanıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 19 yaşlı B.İsayevin vəziyyəti normallaşıb.

Baş vermiş hadisə barəsində Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri məlumatlandırılıb. Fakt üzrə Respublika Baş Prokurorluğu tərəfindən cinayət işi başlanıb.