Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?
 |
Bu gün Azərbaycan və Ermənistan prezidentlərinin ilkin razılığa gələcəyi bildirilir. Olsa-olsa, bu, Rusiyanın himayəsində bir şifahi razılaşma olacaq, yazılı razılaşma isə bir az sonraya qalacaq
Şənbə, 18.07.2009
|
|
Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında maraqlıdırlar və bu istiqamətdə həyata keçirdikləri danışıqları intensivləşdirməyi qərara alıblar. Bu barədə yekun yanaşma dünən Moskvada Prezident Hotelində Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sarkisyan arasında keçirilən görüşün sonunda əldə olunub. "Ayna"ya verilən məlumata görə, prezidentlər bu gün Moskvada keçiriləcək üçtərəfli - Rusiya Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə münaqişənin tezliklə nizamlanmasına dair ilkin razılaşmanın əldə olunacağına ümidlidirlər.
"Bu razılaşma, çox güman ki, şifahi olaraq əldə olunacaq. Amma onun davamı olaraq yaxın vaxtlarda üç həmsədr ölkənin prezidentlərinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında yazılı razılaşmanın əldə olunacağı istisna edilmir" deyən mənbə razılaşmanın bəndlərinin hələ də müzakirə obyekti olduğunu bildirdi.
Mənbə bildirdi ki, son illərdə ilk dəfə olaraq həmsədr ölkələrin münaqişənin nizamlanması ilə bağlı mövqeləri bir qədər üst-üstə düşür. "Həmsədr ölkələr hazırda tərəflər arasında mübahisə predmeti olan məsələlərin həlli ilə bağlı çalışırlar. Bu, çox çətin prosesdir, lakin tərəflər ümid edirlər ki, hansısa irəliləyişə nail ola biləcəklər".
Qeyd edək ki, Moskvada Azərbaycan və Ermənistan prezidentləri arasında dünən yerli vaxtla saat 16.00-da başlamış görüş axşam saatlarında başa çatıb. Görüşün əvvəlində prezidentlərlə yanaşı xarici işlər nazirləri, ATƏT Minsk Qrupunun həmsədrləri, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak edib. Sonradan onlar otağı tərk edib və prezidentlər təkbətək müzakirələr aparıb. Tet-a-tet müzakirələr bitdikdən sonra XİN başçıları, eləcə də həmsədrlər yenidən otağa qayıdıblar. Müzakirələr geniş formatda davam etdirilib.
Dünən keçirilmiş və bu gün keçiriləcək görüşlə bağlı artıq müəyyən məlumatlar səsləndirilir. "İnterfaks" agentliyi adının çəkilməsini istəməyən bir rusiyalı diplomata istinadla yazıb ki, "Qarabağ problemini həll eləməyə çox yaxşı şans var. Prezidentlərin mövqeyi konstruktivdir".
Görüş ərəfəsində Moskvanın məşhur Beynəlxalq Münasibətlər Universiteti Qafqaz Araşdırmalar Mərkəzinin təhlilçisi Vladimir Zaxarov deyib ki, görüşdən nəticə gözləmir. "Çünki hazırkı mühit sülh sazişi üçün əlverişli deyil". O, mühit deyəndə Azərbaycanın hərbi cəhətdən güclənmə dinamikasını nəzərdə tutur. Onun fikrincə, Azərbaycan güzəştə getməyəcək.
Görüş ərəfəsi Amerikanın Erməni Milli Komitəsi Barak Obamaya açıq məktub yazaraq "Minsk Qrupunun Ermənistana və Dağlıq Qarabağa səbəbsiz və açıq təzyiqindən" şikayət edib.
Komitə şikayətlənir ki, erməni tərəfi "birtərəfli güzəştlərə getməyə" məcbur edilir.
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan isə görüş ərəfəsində deyib: "Hər görüş, əlbəttə, az da olsa, ancaq nəticə verir".
Rusiya prezidentinin köməkçisi Prixodko deyib ki, görüşdə hər hansı bir sənəd imzalanmayacaq, görüşdən sonra mətbuat konfransı keçirilməyəcək.
Ermənistanın Respublika Partiyası dünən bildirib ki, "Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılması Ermənistanın ziyanına işləyir. 10 il bundan qabaq Ermənistanın daha sərfəli həll imkanları var idi".
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov: "Bu görüş çox əhəmiyyətlidir. Prezidentlər nəticə əldə etməyə meyillidirlər".
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan münaqişənin nizamlanması prosesinə münasibət bildirərkən deyib ki, qaçqınların qayıtması məsələsi yalnız Dağlıq Qarabağ münaqişəsinin tam həllindən sonra müzakirə olunacaq. "Mən artıq bu barədə danışmışam və yenidən təkrarlaya bilərəm ki, qaçqınların Qarabağa qayıtması ilə bağlı hər hansı müzakirələr aparılmır. Bu məsələyə yalnız Qarabağ probleminin tam həllindən sonra geniş şəkildə, yəni 400 min qaçqının məsələsi ilə bağlı qayıtmaq olar", - deyə Nalbandyan Madrid prinsiplərində qaçqınların öz doğma torpaqlarına qayıtması ilə bağlı bəndə münasibət bildirərkən deyib.
Qeyd edək ki, ATƏT-in baş katibi Mark Perrin de Brişambo dünən Bakıda keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin də müzakirələrin bir hissəsi olduğunu vurğulayıb. Sülh prosesinin intensivləşdiyini deyən Brişambo qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev danışıqların davam etdirilməsində maraqlıdır: "O ümid edir ki, Azərbaycanın maraqları nəzərə alınmaqla çətinliklərə son qoyulacaq və sülh prosesində irəliləyiş olacaq".
ATƏT-in baş katibi "Madrid prinsipləri"nin həm Azərbaycan, həm də Ermənistan üçün məqbul olduğunu söyləyib: "Bu prinsiplər əsasında mövqeləri yaxınlaşdırmaq mümkündür. Təbii ki, bu prinsiplər hər iki tərəf üçün eyni dərəcədə məqbul ola bilməz, amma danışıqları aparmaq olar. Bir qədər realist olmalıyıq. Minsk Qrupunun əlindən gələn yalnız vasitəçilikdir. Tərəflər bu imkanlardan istifadə etməlidirlər, sülhə nail olmaq üçün potensial var".
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) isə Dağlıq Qarabağ münaqişəsi zonasında mümkün sülhməramlı əməliyyatlarda iştirak etməyə hazırdır. "Regnum" agentliyinin yaydığı məlumata görə, bu barədə KTMT-yə yaxın strukturlarda çalışan qırğız ekspert açıqlama verib. Onun sözlərinə görə, sülhməramlı əməliyyatda KTMT qüvvələrinin iştirakı daha realdır, çünki bölgəyə Qərb kontingentinin yerləşdirilməsi İranın neqativ reaksiyasına səbəb ola bilər: "Qarabağ münaqişəsi müxtəlif ölkələrin maraqlarını özündə birləşdirən mürəkkəb münaqişədir. Bundan başqa bu - dini baxışların toqquşması elementlərini özündə təcəssüm etdirən etnik münaqişədir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı - özündə həm müsəlman, həm də xristian dövlətləri birləşdirən çoxmilli strukturdur, bu heç də kiçik fakt deyil. Bundan başqa, KTMT NATO kimi hərbi münaqişələrdə iştirak etmir. Bu baxımdan hesab edirəm ki, KTMT Dağlıq Qarabağ ətrafında sülh və sabitliyi təmin etməyə qadir yeganə hərbi-siyasi blokdur. Əgər Azərbaycan bu müqaviləyə qoşulsa, KTMT-nin bölgədə sülhməramlı əməliyyatda iştirak ehtimalı daha real olardı".
Bir qədər sonra KTMT mətbuat xidməti təkzib məlumatı yayıb: "Qarabağda sülhməramlı missiyanı üzərimizə götürmək barədə bizə heç kim müraciət etməyib və bu gün kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqətə uyğun deyil. Bundan əlavə, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil deyil və biz onun razılığı olmadan öz hərbi hissələrimizi onun ərazilərində yerləşdirə bilmərik. Nizamnaməmizdə dəqiq şəkildə qeyd olunub ki, KTMT-nin üzvü olmayan ölkənin razılığı olmadan bizim strukturumuz onun ərazisində hansısa hərbi əməliyyatlar aparmaq hüququna malik deyil".
Məlumata görə, təşkilat sülhməramlı və ya başqa əməliyyatlarda yalnız müvafiq xahiş daxil olacağı təqdirdə iştirak edə bilər. "Biz Dağlıq Qarabağ məsələsi ilə məşğul olmuruq və bu üzdən yayılan informasiyalarla bağlı biz heç nə deyə bilmərik", - deyə məlumatda qeyd olunur.
|
|
|
Oxşar xəbərlər:
Püşkatma kimə nə vəd edir?
Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır
"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib
Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif
"Qarabağ" sensasiyaya səbəb oldu
|
|
|