"Zampolit" sisteminin ləğvi orduya nə verdi?
 |
NATO standartlarına uyğun ilk islahatdan düz 10 il sonra Silahlı Qüvvələr dilemma ilə üz-üzə qalıb
Şənbə, 18.07.2009
|
|
On il öncə müdafiə nazirinin əmri ilə Azərbaycan Silahlı Qüvvələrində NATO standartlarına uyğun ilk və geniş həcmli islahat həyata keçirildi: Silahlı Qüvvələrdə sovet dönəminin mirası olan bölük komandirlərinin tərbiyəvi işlər üzrə müavinləri (bölüyün "zampolit"i) vəzifəsi ləğv edildi. O zamankı məlumatlara görə, bu qərarla nə az-nə çox 500-ə yaxın "zampolit" vəzifəsindən çıxarıldı.
İslahatın gətirdiyi gərginlik
1999-cu ildə həyata keçirilən islahat orduda və cəmiyyətdə çox güclü narahatlıq yaratdı. Birincisi, bu vəzifəni tutan şəxslər bir çox hallarda aşağı vəzifəyə - taqım komandiri vəzifəsinə keçirildilər. Bu da sözsüz ki, onların karyerasına və məvaciblərinə çox ciddi şəkildə təsir etdi. Ən əsas narahatlıq yaradan məqam şəxsi heyətin mənəvi cəhətdən idarə olunmasında ortaya çıxan problemlərlə bağlı oldu. "Zampolit"lərlə bağlı ortaya çıxan qərardan sonra bölük komandirləri, o cümlədən taburların rəhbərliyi şəxsi heyətin mənəvi hazırlığının qaydaya salınması yollarını aramağa başladılar.
Keçmişdə bölüklərin "zampolit"ləri əsasən mülki ali məktəblərin humanitar-siyasi ixtisaslarını bitirən məzunlardan təyin olunurdu. Bu məzunlar əksər hallara şəxsi heyətin mənəvi və informasiya hazırlığının lazımi şəkildə olması üçün kifayət qədər fəallıq göstərirdilər. O zaman heç kimə sirr deyildi ki, ali hərbi məktəblərin məzunları ölkədə və dünyada baş verən proseslər barədə kifayət qədər məlumatlı deyildilər. Onların əksəriyyətinin natiqlik və liderlik problemi də var idi. Beləliklə, sovet dövründən qalma sistem - "mülki zabitlər"in "zampolit" təyin olunması müstəqil Azərbaycan Silahlı Qüvvələrinin quruculuğunun ilk illərində işə yarayırdı.
1999-cu ilin ortalarında verilmiş qəti qərar isə problemlər və çoxsaylı suallar yaratdı. O zaman bir sıra rəsmilər tərəfindən bəyan edildi ki, müvafiq islahat NATO standartlarına keçid çərçivəsində baş verir və bundan sonra "zampolit" funksiyasını bölük və taqım komandirləri daşıyacaq.
Problemli dövrün ən şiddətli anları təxminən 4 il davam etdi. Xatırladaq ki, 1997-ci ildə Azərbaycan Ali Hərbi Məktəbində NATO kafedrası yaradıldı və kursantlar üçün keçirilən dərslər sırasına siyasi, psixoloji, mənəvi hazırlığı özündə ehtiva edən istiqamətlər də salındı. Düşünülürdü ki, məhz NATO standartlarına uyğun olaraq onlar bölüklərdə, birləşmələrdə komandirlik edərkən həm də "zampolit" funksiyasını həyata keçirə biləcəklər.
Beləliklə, 2002-ci il gəldi. Azərbaycan Ali Hərbi Məktəbində Türkiyədən olan zabitlərin hazırladıqları ilk zabitlər ordusu hərbi hissələrə buraxıldı. O zaman ayrı-ayrı mənbələrdən gələn məlumatlara görə, bu zabitlər onlara həvalə edilmiş işlərin öhdəsindən uğurla gələ bilirdilər.
Lakin daha sonrakı dövrdə bu zabitlərin ordudakı rolu zəiflədi və beləliklə ordunun tərbiyəsində problemlər ortaya çıxdı.
Sovet "zampolit"ləri və NATO "tərbiyəçi"ləri
Araşdırmalar sovet dövrünə xas olan "zampolit" sistemi ilə NATO standartları çərçivəsində hazırlanan "tərbiyəçi"lər arasında müqayisə aparılmasının zəruriliyini ortaya çıxardı. Ekspertlərə görə, Azərbaycan Ordusunda "tərbiyə" prosesi ilə bağlı olan dövrü 3 hissəyə bölmək olar:
1. 1991-1999-cu illər. Bölük komandirinin tərbiyəvi işlər üzrə müavini olan zabitlər ("zampolit"lər) şəxsi heyətin siyasi, mədəni və psixoloji hazırlığına birbaşa cavabdeh idilər. Bu zabitlər şəxsi heyəti ölkədə və xaricdə baş verən mühüm hadisələrlə tanış edir, onlara baş verən proseslər barədə məlumat verirdilər. Onların üstün cəhətlərindən biri şəxsi heyətlə fərdi söhbətin aparılması və bunu müvafiq dəftərə qeyd etmələri idi. Həqiqi "zampolit"lər həm də gerçək psixoloqlar idi. Bölük komandirləri bu və digər tədbirləri görərkən, hansısa əsgərlə bağlı qərarlar qəbul etmək istərkən mütləq müavinləri olan "zampolitlər"lə məsləhətləşirdi.
"Zampolit"lərin birbaşa vəzifəsi şəxsi heyətdə baş verən qeyri-nizamnamə hadisələrinin və intiharların qarşısının alınması idi. Psixoloqlar gözəl bilirlər ki, intiharların və baş verən digər xoşagəlməz hadisələrin qarşısının alınmasının əsas yollarından biri şəxsi heyətlə daim söhbətlərin aparılmasından keçir. Döyüş hazırlığı ilə bağlı gərgin təlimlərdən, təkrarlanan hadisələrdən sonra şəxsi heyətdə bir yorğunluq əmələ gəlir və bu sonradan müxtəlif xoşagəlməz hadisələrlə başa çata bilər. Bunun qarşısını almaq üçün, necə deyərlər, "ruh təmizləyicisi"nə ehtiyac var ki, bunun da öhdəsindən "zampolit"lər gələ bilirdilər. Əbəs yerə orduda komandirə əsgərin atası, "zampolit"ə isə anası demirdilər.
Düzdür, bir çox "zampolit"lər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müstəntiq kimi fəaliyyət göstərir, rüşvət hesabına bu və digər neqativ hadisələri ört-basdır edə bilirdilər. Buna görə şəxsi heyətdə "zampolit"lərin yeni adı formalaşdı - "işverən".
2. 1999-2002-ci illər. 1999-cu ildə, qeyd etdiyimiz kimi, "zampolit" sistemi ləğv edildi və ardınca bəyan edildi ki, Azərbaycanın Ali Hərbi Məktəblərində hazırlanan zabitlər həm də "tərbiyəçi" olacaqlar. Ekspertlərin fikrincə, 4 il ərzində ordunun "tərbiyə"sində ciddi problemlər ortaya çıxdı, bu dövrdə orduda qeyri-döyüş itkilərinin, bu çərçivədə nizamnamədənkənar hadisələrin və intiharların artdığı bəyan edildi. Azərbaycan Silahlı Qüvvələrindəki neqativ hallarla bağlı çoxsaylı mətbuat konfranslarının keçirilməsi, fikir və bəyanatların səslənməsi məhz bu dövrə təsadüf edirdi. Vaxtilə bölüklərin "zampolit"ləri olmuş, sonradan ya vəzifəsi aşağı salınmış (taqım və ya digər kiçik birləşmə komandiri) və ya qaldırılmış (çox hallarda klub rəisləri) şəxslər qeyri-rəsmi olaraq ordunun "tərbiyə"si prosesinə cəlb edildilər. Amma bunun o qədər də ciddi faydası olmadı.
3. 2002-ci il - bu günədək. Aralıq dövr 2002-ci ilə qədər davam etdi. Bu ildə Azərbaycan Ali Hərbi Məktəbini yeni - NATO standartlarına uyğun bitirmiş zabitlər hərbi hissələrə təyin edildilər. Müşahidəçilərin sözlərinə görə, bu zabitlərin əksəriyyəti həqiqətən çox savadlı, vətənpərvər və itcimai-siyasi baxımdan bilikli idilər. Lakin çox keçmədi ki, həmin zabitlərin yerdəki zabitlərlə uyğunsuzluğu problemi ortaya çıxdı. Savadlı zabitlər ayrı-ayrı hərbi hissələrdə savad və biliyin "rol oynamadığı"nı gördülər, beləliklə, onlar vaxt keçdikcə hərbi hissələrdə olan sistemə uyğunlaşdılar, necə deyərlər, NATO standartının sovet standartına "assimilyasiya"sı baş verdi.
Beləliklə, Azərbaycan Silahlı Qüvvələrinin yenidən bərpa olunduğu 1991-ci ildən bu yana - 18 il ərzində mövcud olan əsas problemlərdən biri həllini gözləyir..
|
|
|
|
|
|
|