![]() |
çap et |
|
|||
Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şura (QMTİŞ) Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının daha sıx şəkildə birləşməsi ideyasını dəstəkləyir və bu məqsədlə "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin cari il iyunun 5-də keçirdiyi qurultayı təqdir edir. Şura beynəlxalq vasitəçilərin azərbaycanlı icmasının istək və təkliflərini nəzərə alacağına ümid edir.
Bu fikirlər QMTİŞ-in dünən priezident İlham Əliyevə göndərdiyi müraciətdə öz əksini tapır. Müraciətdə qeyd olunur ki, beynəlxalq vasitəçilərin azərbaycanlı icmasının istək və təkliflərini nəzərə alması gələcək danışıqlarda beynəlxalq vasitəçilərin Dağlıq Qarabağın azərbaycanlı icmasının xüsusi nümayəndəsi ilə təmaslara başlaması baxımından da zəruridir. "İnanırıq ki, Dağlıq Qarabağın azərbaycanlı icması ölkə daxilində siyasi və ictimai baxışlarından asılı olmayaraq bütün təbəqə və qruplarla təmaslara açıq olacaq və tərəfsizlik prinsiplərinə sadiq qalacaq. İctimai Şura azərbaycanlı icmanın yaradacağı müxtəlif strukturlarda məhz Dağlıq Qarabağda doğulan şəxslərin fəaliyyət göstərməsini doğru hesab edir. Əks halda qarşı tərəf və beynəlxalq vasitəçilər icmanın Dağlıq Qarabağ azərbaycanlıları adından danışmasını şübhə altına ala bilərlər", - deyə müraciətdə bildirilir. Bununla bərabər, QMTİŞ "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin bəzi təkliflərini doğru saymır. Belə ki, icmanın xarici dövlətlərdə ayrıca təmsilçiliklərinin açılması ilə bağlı fikirlərinə qarşı çıxan İctimai Şura hesab edir ki, bu fəaliyyət yalnız Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin tərkibində həyata keçirilə bilər. QMTİŞ-də düşünürlər ki, Dağlıq Qarabağın erməni icmasının bir sıra ölkələrdə "təmsilçilik" açmaq təşəbbüslərinə qarşı çıxan və bunu beynəlxalq hüququn ərazi bütövlüyü prinsipinə zidd sayan Azərbaycan eyni səbəbə görə Dağlıq Qarabağın azərbaycanlı icmasının da müstəqil subyekt kimi xaricdə fəaliyyətinə yaşıl işıq yandıra bilməz. İctimai Şura bəzi addımların atılmasını da zəruri hesab edir. Belə ki, Qarabağın azərbaycanlı icmasının fəaliyyətini tənzimləmək məqsədilə Milli Məclisdə müvafiq qanunun qəbulunu təklif edən şura həmçinin icmanın bir neçə dildə, o cümlədən erməni dilində yayımlanan saytının yaradılmasını görüləsi vacib işlərdən sayır. |