çap et  
"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib
"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib
Çox şey Moskvanın Qarabağ danışıqlarında tutduğu mövqedən asılı olacaq
Şənbə, 18.07.2009

İsmayıl Umudlu

Təbii ki, son həftənin ən böyük hadisəsi bazar ertəsi - iyulun 13-də Ankarada Türkiyə və bir sıra AB ölkələri arasında "Nabucco" layihəsinin gerçəkləşdirilməsi barədə hökumətlərarası razılaşmanın imzalanması oldu. "Nabucco" dünya siyasətində ən aktual mövzulardan biri olaraq qalır. Bu da təbiidir ki, son günlərin gəlişmələrində diqqəti çəkən məqam odur ki, "Nabucco"nun sırf kommersiya layihəsi olduğu barədə fikirlər onun siyasi tərəfləri barədə şərhlərin və doğan sualların kölgəsində itib-batır. Əvvəlcə Türkiyə bu layihədə qazı alıb-satan və 15 faizi özündə saxlamaq istəyən ölkə statusunda çıxış etmək istəyirdi, sanki güzəştə getmək istəmirdi və birdən, hətta çox asanlıqla bu iddiasından əl çəkərək tranzit ölkə statusu ilə razılaşdı (eynilə BTC variantında olduğu kimi).

İndi qarşıda növbəti mərhələ durur - qazla zəngin ölkələr: İraq, Azərbaycan və Türkmənistan bu layihəyə nə qədər tezliklə qoşula biləcək? Artıq bəlli olub ki, prezident İlham Əliyev və bu yaxınlarda Bakıda rəsmi səfərdə olmuş RF prezidenti Dmitri Medvedyev arasında əldə olunmuş "qaz anlaşması" Qərbi indiki Ankara razılaşmasını imzalamağa tələsdirmişdir və onlar bu məsələdə Türkiyəyə nələrisə vəd edib onu öz iddialarını geri götürüb tranzit ölkə olmağa razı salmışlar. Belə bir fikir var ki, Avropa Birliyini tələsdirən faktor bu məsələdə Azərbaycanın Rusiya ilə anlaşma yolu tutması olub. Energetika təhlükəsizliyinin təmin olunmasını və Rusiya qazından asılılıqdan qurtarmağı özü üçün bir nömrəli məsələ kimi qarşıya qoyan AB çevrələrində hesab edilir ki, əgər geciksələr, Azərbaycan qazından və deməli, Türkmənistanın qaz ehtiyatlarından umduqlarını həmişəlik itirəcəklər.

Medvedyev ilə anlaşmaya nail olmuş İlham Əliyev Ankarada "Nabucco" layihəsi imzalandıqdan dərhal sonra bu layihənin xeyrinə fikir söyləməsi bu dəfə artıq Moskvaya mesajdır. Mesaj dedikdə, Moskvanın Qarabağ məsələsində Ermənistanın barışmaz mövqələrinə təsir etməsidir. Moskva indiyədək sözdən və bəyanatlardan o yana getmir, Bakı konkret irəliləyiş istəyir. Moskva bu arada Ermənistanla rəftarının tonunu dəyişib, Ermənistan manevr edir, Moskva təkid edir və indi qarşıda üç prezidentin Moskva görüşü durur. Bakı bu görüşdən konkret bir nəticə ilə qayıtmasa, onda qəti olaraq üzünü AB-yə çevirə bilər və onun, ümidini Rusiyadan itirdikdən sonra "Nabucco"nu imzalaması bu layihənin reallaşma sürətini artıracaqdır.

Bu halda, bu imzaya razılıq vermənin arxasında Bakının Qarabağ məsələsində irəliləyişə rəvacın təmini yönündə Qərb qarşısında siyasi şərti duracaqmı - bu da cavabı hələ aydın olmayan başqa bir sualdır. Yoxsa "əsrin müqaviləsi"ndə olduğu kimi, bonuslara razılaşmaqla, "neft əvəzinə Qarabağ" tezisini geri götürdüyümüz kimi bu dəfə də bənzər davranacağıq?

Öz növbəsində, Rusiya Bakını "Nabucco"nu imzalamamağa inandıra biləcəkmi? Bizə görə, buna inandıra bilər, bir şərtlə ki, Qarabağ danışıqlarında irəliləyişi təmin etsin. Bunu bacaracaqmı, bunu istəyəcəkmi, buna hazırdırmı? Moskvanın siyasət koridorlarında meydan sulayan erməni lobbisinin müqavimətini qıra biləcəkmi - bunlar isə başqa suallardır.

Bir şey aydındır ki, əgər bu dəfə də İlham Əliyev Rusiya liderləri tərəfindən quru vədlərlə və içiboş sözlərlə yola salınsa, Azərbaycan liderinin "Nabucco" layihəsi ətrafında manevrlərdə əl-qolu tam açılmış olacaq və bunlar Rusiyanın faydasına söz demir.

İRAQ VƏ TÜRKMƏNİSTANIN RAZILIQ VERMƏYİ HƏLƏ HƏR ŞEY DEMƏK DEYİL

İraqda Qərb hazırda baş nazir Nuri əl-Malikinin mövqelərini möhkəmləndirməklə məşğuldur və İraq öz qaz ehtiyatlarını Türkiyə üzərindən "Nabucco"ya bağlamağa hazırdır. Faktik olaraq "Səddamın şiə variantı" statusunu üzərinə götürmüş Nuri əl-Maliki bunu vəd edir və imza törənində Ankarada idi. Bunun üçün problem də yoxdur. Nuri əl-Maliki kəmərin tələbatının yarısını ödəməyə boyun olur. Lakin təkcə İraqın verəcəyi qazla iş bitmir.

Türkmənistana gəldikdə, bu qardaş ölkə özünün qaz ehtiyatlarının satışı işini diversifikasiya etməyi qarşısına məqsəd qoyub və bu çox ağıllı yoldur. O öz qazını Rusiya yolu ilə yanaşı, Çin, Hindistan və Pakistana, eləcə də, Azərbaycan üzərindən Avropaya satmaq istəyir. Prezident Berdımuxamedov deyib ki, onun ölkəsi "Nabucco" kəmərini yarıyadək doldurmaq iqtidarındadır. Lakin Aşqabad Bakı ilə münasibətlərini qaydaya salmalı, ən azı Xəzərin statusunda onunla eyni mövqedən çıxış etməlidir. Bu niyyətin qəti həlli isə Bakı ilə Moskvanın öz aralarındakı məsələni necə həll edəcəyindən asılı olacaq - söhbət Qarabağ məsələsində Moskvanın Azərbaycanın istəklərinin təmin olunmasında nə dərəcədə təsirli görünəcəyindən gedir.

RUSİYA ÖZÜNÜ O YERƏ QOYMUR

Açıq-aşkar Rusiyanın qaz monopoliyasını qırmağı hədəfləyən "Nabucco"ya Moskvanın rəsmi münasibətinə gəldikdə, rəsmi ağızlardan kəskin sözlər eşidilmir. Məsələn, prezident Medvedyev Münxendə Merkel ilə görüşündə dedi ki, Rusiyada "Nabucco"ya qısqanclıq yoxdur, Avropaya yaxşı olan onlar üçün də yaxşıdır, axı Rusiya da Avropa dövlətidir. Amma ona bəlli deyil ki, "Nabucco" kəmərinə vurmaq üçün qazı haradan tapacaqlar.

Moskva mediasında yer alan yazılarda isə qısqanclıq özünü açıq hiss etdirir. Onlar "Nabucco"nu "cənub axını"na və "şimal axını"na rəqib gözündə gördüklərini gizlətmirlər. Hətta hədə-qorxu elementli mülahizələrə də yer verilir. Məsələn, Ankarada imza törəni başlayan vaxt prezident Medvedyevin gözlənilmədən Cənubi Osetiya bölgəsində - qaz kəmərinin keçəcəyi bölgənin yaxınlığında görünməkdə məqsədi bölgədə vəziyyətin heç də əlverişli olmadığını rəqiblərinin nəzərinə çatdırmaq və "Nabucco" kəmərinin lap yaxınlığında yerləşən rus əsgəri mövqelərini təftiş etmək olub.

"NABUCCO" və ERMƏNİÇİLİK

Bu gün Moskvanın siyasi çevrələrində ermənipərəstlik mövqeləri ilə tanınanlar səslərini çıxarmırlar. Bu ola bilsin, həm neft-qaz siyasəti, həm də geosiyasi aspektdən Azərbaycanın Rusiya üçün nə qədər önəmli ölkə olduğunun dərkindən doğur. Artıq çoxalmış olan azərbaycanpərəstlərin sözləri isə açıq və bərkdən eşidilməyə başlamışdır (və bu hal İrəvandan narahatlıqla izlənir). Bunu Rusiya siyasətində "cari tələbat"mı diktə edir, yoxsa dayanıqlı mövqedir - indilik bir söz demək mümkün deyil.

Hər halda, Rusiyanın neft-qaz siyasəti üçün "Nabucco" arzuedilməz bir layihədir, deməli, onlar üçün bu iş baş tutmamalı idi, lakin Moskva yeni bir reallıqla üz-üzə qalıb. Bunun təqsiri isə Rusiya XİN və onun başçısı Sergey Lavrovun üzərinə düşür. "Tiflis ermənisinin oğlu", "yüz böyük erməni"dən biri kimi təbliğ olunan Sergey Lavrovun başçılıq etdiyi Rusiya diplomatiyası daha bir oyunda ölkəsini uduzmuş vəziyyətin astanasına gətirmişdir. Bunu "erməniçilik naminə" qəsdənmi etdilər, yoxsa işlərin təbii axarımı buna gətirib çıxardı. Bu da Rusiya analitikləri üçün maraqlı məqam olmalıdır, hər halda. O da maraqlıdır ki, Lavrov bu diplomatik uğursuzluğun hesabatını prezident Medvedyevə, ya baş nazir Putinə verəcəkmi yaxud onlar üçlükdə əyləşib işin niyə bu şəkil aldığını müzakirə edəcəklərmi - bilmirik. Bu ərəfədə Rusiyanın bu qədər vurnuxmasının heç bir nəticə vermədiyini görmək onlar üçün doğrudan ağırdır. Lakin bunun ağırlığının dərk edildiyini bilmirik, hər halda, Rusiya mediasında yer alan yazılardan bunu duymuruq.

İrəvan siyasətçilərinin "Nabucco" layihəsi sarıdan narahatlıq keçirdiyi aydın duyulur. Onları narahat edən budur ki, Rusiya Azərbaycanı öz tərəfinə çəkməklə Ermənistanı hansısa güzəştlərə məcbur edə bilər. Onları qorxudan budur. Lakin bu qorxulu fikri özlərinə yaxın buraxmırlar.

PİROQDAN BİR PAY ERMƏNİSTANA QİSMƏT OLA BİLƏRDİ

Beləliklə, Ermənistan yeni bir regional layihədən kənarda qaldı. Halbuki, Ermənistan bu piroqdan yağlı bir tikə götürə bilərdi. Amma götürmədi yaxud götürmək istəmədi. Bunu Ermənistanı qıcıqlandırmaq kimi anlamasınlar. Hər halda, bu müqayisəyə göz yetirmək pis olmazdı: "Nabucco" layihəsində tranzit haqqı qismində Gürcüstan ildə pulsuz olaraq 1,6 milyard kubmetr qaz alacaq. Bundan başqa, daha 5 faiz güzəştli qiymətlə almaq haqqı tanınır. Bu həcm Gürcüstanın bugünkü tələbatını ödəyir, 2014-cü ildə bu tələbat artmış olacaq, lakin o zaman Gürcüstanın iqtisadi vəziyyəti indikindən yaxşı olacaq, bu həcm isə, hər halda, ölkənin mavi yanacağa olan tələbatının böyük hissəsini təmin edəcəkdir. Ermənistanın tələbatı Gürcüstandan azdır, bu xətt onun ərazisindən keçsəydi və bu əlverişli imkandan faydalansaydı... Ermənistan rəhbərliyi bu imkanı əldən verdi.