Milli komandamızda yeni baş məşqçi
 |
Ağır atletika yığmamıza qarşıdakı 3 ildə bolqar mütəxəssis Yanko Rusev başçılıq edəcək
Şənbə, 18.07.2009
|
|
Ağır atletika üzrə yığma komandamızın yeni baş məşqçisi ictimaiyyətə təqdim olundu. Ağırlıqqaldıranlarımız qarşıdakı 3 ildə yarış və turnirlərə bolqarıstanlı mütəxəssis Yanko Rusevin başçılığı altında hazırlaşacaqlar.
Təqdimetmə mərasimində o da məlum olub ki, 1980-ci ildə Moskvada olimpiya çempionu olmuş Yanko Rusevə onun həmyerlisi Dimitar Kolev kömək edəcək. Azərbaycan Ağır Atletika Federasiyası Rusevin qarşısına 2012-ci il London Yay Olimpiya Oyunlarında ölkəmizə medal qazandırmaq vəzifəsini qoyub. Eyni zamanda əcnəbi mütəxəssislərə veriləcək məvacibin məbləği də açıqlanıb. Rusev ayda 5 min, onun köməkçiləri isə 2 min manat əməkhaqqı alacaqlar.
Bolqarıstanlı baş məşqçi qarşıdakı planları barədə danışıb. Məlum olub ki, o, milliyə legioner cəlb etməyi də düşünür. Bu məqsədlə 69 kq çəki dərəcəsində yarışan bolqar Nikolay Dimitrov milliləşdiriləcək. Bu çəki dərəcəsində perspektivli atletimiz Əfqan Bayramov isə çəkisini dəyişəcək. O, bundan sonra 77 kq çəki dərəcəsində mübarizə aparacaq. Uzun müddət 69 kq-da yarışan Turan Mirzəyev isə artıq yaşlaşıb. Milli komandamız Yanko Rusevin başçılığı altında artıq məşqlərə başlayıb. Pekin Olimpiadasından sonra bir müddət məşq etməyən idmançılarımız əvvəlki formalarını itiriblər.
Qeyd edək ki, Rusev Yaponiya və Bolqarıstan milli komanlarının baş məşqçisi işləyib. İdmançı karyerasında 34 dəfə dünya rekordunu müəyyənləşdirən mütəxəssisin son iş yeri Bolqarıstan Ağır Atletika Federasiyası olub. Rusevin baş məşqçi postunda əvəzlədiyi Vahid Nəzərov isə bundan sonra gənclərdən ibarət yığma komandada çalışacaq.
|
|
|
Oxşar xəbərlər:
Milli 28 qat(!) dünya rekordçusuna tapşırıldı
|
|
|