çap et  
Azərbaycan mətbuatının neçə yaşı var?
Azərbaycan mətbuatının neçə yaşı var?
"Cənubi Azərbaycan mətbuat tarixi" kitabı bu məsələyə ilkin olaraq aydınlıq gətirib
Şənbə, 18.07.2009

Sədrəddin

Hələ 1920-ci ildə Şeyx Məhəmməd Xiyabani Təbrizdə çıxan "Təcəddüd" qəzetinin 24-cü sayında "Azərbaycan" başlıqlı məqaləsində Azərbaycan xalqının tarixi qəhrəmanlıqlarını xatırladaraq oxucularında vətənsevərlik duyğularını oyatmaqla onları istiqlal mücadiləsinə səsləyirdi: "Ey Azərbaycan, ey demokratik Azərbaycan, başını qaldır!.. Zülm, işgəncə, əzab, müsibət, dar ağacları, zəncir və zindanlar möhkəm olsa da, sənin istiqamət və mətanətinin qarşısında bir-bir əzilib məhv oldu...

...Ey əziz Azərbaycan, sən bir iti gözsən ki, İran səninlə Qərb mədəniyyətinə baxır. Sən bir həssas və mütəəssir olan ürəksən ki, bu vətən dünya işığını səninlə hiss edir..."

Bu bir tarixi gerçəklikdir ki, Azərbaycan türkləri İranın tərəqqisində həmişə öndə olublar. Elə ötən 200 ildə yeni İranın yaranmasında Qacar sülaləsinin vəliəhdi Abbas Mirzənin bu istiqamətdə apardığı islahatlar ölkənin Avropa mədəniyyətinə, texnologiyasına yiyələnməsində əvəzedilməz rol oynayıb.

Azərbaycanda Mətbuat günü ərəfəsində Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Pərvanə Məmmədlinin "Cənubi Azərbaycan mətbuat tarixi "kitabı işıq üzü görüb.

Xatırlayırıq ki, müəllifin bir neçə il öncə ""Varlıq" jurnalında ədəbiyyat məsələləri" adlı monoqrafiyası çıxmışdı.

"Cənubi Azərbaycan mətbuat tarixi" 8 bölümdən ibarətdir: "Cənubi Azərbaycanda mətbuatın meydana gəlməsi və onun təşəkkülü", "Məşrutə inqilabı illərində demokratik ənənələrin formalaşması", "Mətbuat - milli azadlıq dövründə", "Milli azadlıq hərəkatının yüksəlişi illərində mətbuat", "Mətbuat - Milli Hökumətin hakimiyyəti illərində", "1978-79-cu illər İran inqilabı və mətbuatda nisbi dirçəliş", "Varlıq" dərgisinin nəşri tarixi", "Çağdaş dövrdə Cənubi Azərbaycan mətbuatı".

Mətbuat yeni texnologiya ilə yanaşı, söz və fikir azadlığı, maarifçilik kimi hərəkatların da yaranmasına səbəb olur. Bu baxımdan müəllifin araşdırmasına görə, ilk çapxana 1825-ci ildə Təbrizə gətirilib. Çeşidli kitablardan başqa, 1858-ci ildə Təbrizdə "Azərbaycan" adlı ilk rəsmi qəzet nəşr olunub. "Əxbarri-darülsəltəneyi-Azərbaycan" və başqa adlar altında işıq üzü görən bu qəzetin səhifələrində saray xəbərləri, şahın və vəliəhdin səfərləri, ölkə daxilində və xaricdə baş verən hadisələrin xülasəsi verilirdi. Müəllif təəssüf hissi ilə bildirir ki, onun nüsxəsini əldə edə bilməyib, yalnız bu haqda xarici mənbələrə istinad edib. Elə 1892-ci ildə Təbrizdə "Şəbnamə" (naşiri və redaktoru Əliqulu xan Səfərov olub) adlı Azərbaycan türkcəsində illüstrasiyalı ilk satirik mətbu orqanının yaranması ilə ("Molla Nəsrəddin" jurnalının ilk sayından 14 il öncə) görkəmli Azərbaycan mütəfəkkiri M.F. Axundovun indiyədək əldə olunmayan, ərəbcə yazılmış "Təlqinnamə" əsərindən soraq verib. Bu dərginin də nüsxəsi hazırda əldə yoxdur.

Müəllif ötən 151 il ərzində Güney Azərbaycanda çıxan qəzetlərlə yanaşı, həmin dövrlərin maarifçilərini də oxuculara tanıdır. Müəllif ön sözdə yazır: "İki əsrə yaxın vahid bir xalqın mənəvi ünsiyyətinə qoyulan qadağalar, şovinist çar və şahlıq rejimləri, sonralarsa bolşevik və klerikal rejimlər qədim, zəngin ədəbiyyata, tarixə malik bir millətin mənəviyyatına ağır zərbə olsa da, onun öz varlığını yaşatmaq əzmini sındıra bilməyib. Bu baxımdan o illərdə yaranmış ədəbiyyat, mətbuat xalqa əvəzsiz xidmət göstərib. Güney Azərbaycanın mətbuat tarixi ilə milli azadlıq hərəkatı paralel olub. Hər inqilabdan sonra mədəni həyatda da irəliləyiş olub, ancaq hakim dövlət siyasəti milli tərəqqinin qarşısına sədd çəkib".

Pərvanə Məmmədli bununla bağlı həmin dövrləri yada salıb - 1906-11-ci il Məşrutə hərəkatı, 1920-ci il Xiyabani hərəkatı, 1945-ci il "21 Azər" hərəkatı (Azərbaycan Milli Hökumətinin yarandığı il), 1978-79-cu illər İrandakı inqilab təkcə 20-ci əsrdə Güney Azərbaycan türklərinin aparıcı qüvvə kimi iştirakı, əsas ağırlıq mərkəzini təşkil etdiyi, böyük itkilər verdiyi inqilabi hərəkatlardır.

1945-ci ildə S.C.Pişəvərinin başçılığı ilə qurulan Milli Hökumət zamanı Azərbaycan türkcəsində çıxan qəzetlər, jurnallar, kitablar, ana dilində açılan məktəb, universitet, yayımlanan radio verilişləri haqda da bu kitabda ətraflı məlumat əldə etmək mümkündür.

Müəllif yazıb ki, 1978-79-cu illərdən sonra da Azərbaycan türkcəsində məktəb, mətbuat və s. bu sayaq məsələlər yenidən gündəmə gəldi. İslam Respublikasının mövcud Anayasasında həmin problemlər öz həllini qismən tapsa da, təəssüf ki, həmin maddələrə bu günədək əməl olunmur.

Müəllif Azərbaycan oxucusuna ömrünü maarifçiliyə həsr etmiş Azərbaycan türk ziyalılarından Müqəddəm Məhəmmədhəsən xan Etimadülsəltənə, Mirzə Həsən Rüşdiyyə, Cabbar Baxçaban (Əsgərzadə), Hacı Məhəmməd Naxçıvani, Hüseyn xan Ədalət, Mirzə Məhəmmədəli Tərbiyət, Məhəmməd Şəbüstəri, Həsən xan Tağızadə, Tağı Rüfət, Cəfər Xaməneyi, Mirzadə Eşqi, Əliəkbər Dehxuda, Sadiq Fərahani Ədibülməmalikin, habelə Məhəmmədəmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Cavad Heyət, Hüseyn Düzgün, Həmid Nitqi, İsmayıl Hadi və başqalarının adını hörmətlə çəkib, onların Azərbaycan türkləri üçün gördükləri işləri yada salıb. Bundan başqa, hazırda Güney Azərbaycanda və ondan xaricdə çıxan mətubat orqanları barədə də məlumat verilir.

Hələ bir neçə il öncə Azərbaycanın kino tarixinə düzəliş edildi. Bəlli oldu ki, onun 100-dən artıq yaşı var. Pərvanə Məmmədlinin "Cənubi Azərbaycan mətbuat tarixi" kitabını oxuyanda düşünürsən, mətbuatımızın 134 deyil, 151 yaşı var. Fikrimizcə, bu məsələnin araşdırılması, dəyərləndirilməsi zəruridir. Bu zaman tarixi həqiqət öz yerini tapmış olar.