Daha bir goran edam edildi
 |
Xristianlığı qəbul etmiş iki qadını da eyni aqibət gözləyir
Şənbə, 18.07.2009
|
|
İran Anayasasının üçüncü fəslinin 23-cü maddəsində deyilir: "Əqidələri təftiş etmək qadağandır və heç kəsi müəyyən əqidəyə malik olduğuna görə təqib etmək, sorğuya çəkmək, töhmətləndirmək olmaz". Təəssüflər olsun ki, ölkə əsas qanunun başqa müddəaları kimi Tehran hakimiyyəti əqidə azadlığına dair müddəanı da pozur. Beynəlxalq qurumların hesabatlarında İran rəhbərliyi insan haqlarına, dini azadlığa sayğı göstərməyə çağırılır.
"Azadtribun" saytının "Hərana" adlı xəbər agentliyinə istinadən yaydığı məlumata görə, 2009-cu il iyulun 12-də Yunis Ağaian Urmiyanın mərkəzi zindanında dar ağacına çəkilərək məhkəmənin barəsində çıxardığı ölüm hökmü icra olunub.
Xatırladaq ki, Güney Azərbaycanın Qoşaçay rayonunun (farslaşdırılaraq "Miyandab" adlanır) Üçtəpə kəndindən olan azərbaycanlı Mehdi Qasımzadə də bir neçə ay öncə edam olunmuşdu. O, 4,5 il həbsxanada saxlandıqdan sonra Urmiya şəhərindəki həbsxanada dar ağacından asılıb.
Mehdi Qasımzadə dörd il yarım öncə Qoşaçayın Üçtəpə kəndindən olan dörd nəfər əliallahi - İbadulla Qasımzadə, Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və Yunis Ağaianla birlikdə "hökumət qüvələrinə silahlı müqavimət göstərmək" ittihamı ilə həbs edilmişdi. Məhkəmə onlardan üçü barəsində 13 il azadlıqdan məhrumetmə cəzası çıxarmış, ikisini - Mehdi Qasımzadə və Yunis Ağaianı edama məhkum etmişdi.
"Baybak"ın məlumatına görə, əliallahi və ya "əhli-həqq" inancından olanlar da islam dininə etiqad edənlərdir. Bu inancın daşıyıcıları əsasən türklərdir. Onlar hər zaman İran hakimiyyəti tərəfindən basqıya məruz qalıblar. Bu təriqətin tərəfdarlarından bir çoxu həbs və edam olunub.
Xəbərdə o da bildirilir ki, "əhli-həqq" inancından olan azərbaycanlı məhbusların sayı çoxdur. Məhkəmə onlar barədə gizlicə edam qərarı çıxarır. İnsan haqlarının qorunması ilə məşğul olan beynəlxalq qurumlar həmin məhbusların durumundan narahat olduqları haqda bəyanat yayıb.
"Azadtribun"unun məlumatına görə, Üçtəpə kəndi Qoşaçay şəhərinin Şimalında Çığatı çayının kənarında yerləşir. Bu kənddə 2 minə yaxın adam yaşayır. Onların inancları əhli-Həqq təriqətidir. Güney Azərbaycanda onlara "goran" deyirlər. Bütövlükdə isə, İran yaxud dünya üzrə goranların dəqiq sayı barəsində məlumat yoxdur. Rəsmi olmayan qaynaqlar goranların sayının bir neçə yüz min olduğunu iddia edir.
Onların çoxu Güney Azərbaycandadır. Goranların Həzrəti-Əliyə çox böyük sevgiləri var.
Mənbənin fikrincə, baş vermiş edamın kökünü təxminən 5 il öncə Üçtəpədəki dini və irqi ayrıseçkilikdə axtarmaq lazımdır. Çünki Tehran hakimiyyətinin məmurları goranların bu kənddəki Cüməxanalarını (ibadətgah belə adlanır) bağlamışdı. Bundan öncə ötən parlament seçkisində goranların namizədi Sultanəli Məhəmmədinin səlahiyyəti ləğv edilmişdi. O da İran hakimiyyətini goranlara qarşı irqi və dini ayrı-seçkilik siyasəti aparmaqda suçlayan bildirişlər yaymışdı.
Yerli müşahidəçilərin dediyinə əsasən, olayın əsas səbəbi Cüməxananın bağlanmasına qarşı goranların etiraz aksiyası keçirməsidir. Həmin aksiya zamanı onlar türk və fars dillərində şüarlar yazaraq Tehran hakimiyyətindən goranlara qarşı dini və mədəni zülmə son qoymasını tələb etmişdilər. İslam Respublikası bu dinc etiraz çıxışını yatırmaq üçün kəndə yüzlərlə silahlı hərbçi daxil etmiş, oranı mühasirəyə alaraq aksiyaçıları vəhşicəsinə döymüşlər. Bundan başqa, ağır hərbi texnikadan açılan atəşlə kənd sakinlərinin evləri və bir çox bina dağıdılmışdı.
Yayılan məlumatlara əsasən, həmin hərbi müdaxilə nəticəsində çoxlu sayda sakin öldürülmüş, 12 nəfər isə yaralanmışdı. Yunis Ağaianın dar ağacından xilas olması üçün beynəlxalq qurumlara müraciət edilirdi.
Dünyanın çeşidli ölkələrində onun dar ağacından asılmasının qarşısının alınmasından ötrü çeşidli tədbirlər görülmüş, imzatoplama kampaniyası keçirilmişdi.
2006-cı ildə isə Tehrandakı apellyasiya məhkəməsi Qasımzadə və Ağaiana qarşı çıxarılmış edam hökmünü təsdiqləmişdi. Y. Ağaiana söz vermişlər ki, əgər o öz inancından, yəni ələvilikdən imtina, tövbə edərsə, onda edam olunmayacaq. İran məsulları tərəfindən kəsilən iyrənc, ədalətsiz hökm Yunis Ağaianın yaşama hüququ kimi insan haqqının pozulması deməkdir. BMT-nin yaşam haqqı ilə bağlı maddəsində deyilir: "Hər kəsin yaşamaq haqqı var. Heç kimin bu haqqı onun əlindən alına bilməz".
Xatırladaq ki, qəzetimizin ötən sayında həbs edilmiş ələvilərin həbsxanadakı vəziyyəti ilə bağlı xəbər vermişdik. Bildirmişdik ki, Güney Azərbaycanın Urmiya şəhərindən olan Babək Turançı adlı soydaşımız "Hanı İranda insan haqları, insaniyyət, dəm vurulan islam?" başlıqlı yazısına Məhəmməd Biriyanın şeirindən bir beytlə başlayıb: "Yoxdur, bir kimsə hələ dəhrdə imdadımıza, Deyəsən, göydə Allah da çatmayır fəryadımıza?..
Yəzd şəhərindəki zindana salınmış "əhli-həqq"çilər - Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi, İbadulla Qasımzadənin durumu çox ağırdır.
Urmiyadakı həbsxanada Mehdi Qasımzadə edam olunduqdan sonra onların üçünü də vəhşicəsinə döyüblər. Bunun ardınca onları narkomanlar və ağır cinayət işlətmişlərlə eyni kameraya salıblar".
Müəllif bu üç "əhli-həqq"çinin saxlanıldığı şəraitin də acınacaqlı olduğunu vurğulayaraq kamerada havasızlıq olduğunu bildirib: "Əgər İran hakimiyyəti goranlarla belə davranırsa, o zaman milli haqları tələb edənlərin birini də yaşatmaz". Onu da qeyd etmək lazımdır ki, başqa ölkələrdə olduğu kimi, İranda da islamdan xristianlığa keçənlər var. Dünyanın bir sıra aparıcı dövlətlərində isə xristianlıqdan islam dininə üz tutanların sayı az deyil.
"Mediaforum"un xəbərinə görə, 4 ay əvvəl həbs edilən gənc qadınlar - 30 yaşlı Mərziyyə Əmirzadə İsmayılabadi və 27 yaşlı Məryəm Rüstəmpur "mürtədlik"də günahlandırıla bilər.
Xəbərə əsasən, onlar Tehranın "Evin" həbsxanasında son həftələrdə ağır psixi və fiziki təzyiqlərə məruz qalır, hədələnərək davamlı surətdə dindirilirlər. İran məhkəmə sisteminin təmsilçiləri hər iki məhbusun ailəsinə onların "mürtədlik"də suçlandırıla biləcəyini söyləyiblər. İslam Respublikasının qanunlarına görə, bu maddə ilə ittiham olunanlar barəsində ölüm hökmü çıxarılır.
Mərziyyə Əmirzadə və Məryəm Rüstəmpur 10 il öncə - 1999-cu ildə xristianlığı qəbul ediblər. Həmin ilin fevralında hər iki qadın "ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq"da ittiham olunurdu. Bir müddət həbsdə saxlandıqdan sonra müvəqqəti olaraq sərbəst buraxılmışdılar.
|
|
|
|
|
|
|