![]() |
çap et |
|
|||
Yayın hərarəti bəzi müğənniləri istirahətə deyil, konsert verməyə həvəsləndirib. Xəbər verildiyi kimi, xalq artisti Aygün Kazımova sentyabrda böyük proqramla çıxış edəcək. Bundan əvvəl isə o, Nabrandakı istirahət mərkəzlərinin birində səhnəyə çıxacaq. Müğənninin söylədiyinə görə, ötən ilin bu aylarında təqdim etdiyi "Şamplena şou"nun davamı yenidən olacaq. İyulun 18-nə gözlənən konsert proqramını Aygün xanım səhnə və həyat dostu Namiq Qaraçuxurlu ilə birlikdə təqdim edəcək. Konsertə ritmik mahnılar daxil edən müğənni insanları coşdurmaq fikrindədir. O, repertuarındakı bir neçə xarici mahnılarla da çıxış edəcək.
Aygünün sözlərindən bəlli oldu ki, həmin gün səhnədə onunla birlikdə peşəkar dj-lərdən Kafkaz və Fanur çıxış edəcəklər. Aygünlə Namiqin çıxışından sonra səhnə səhərə kimi dj-lərin ixtiyarına veriləcək. Söhbət zamanı bəlli oldu ki, müğənninin ATV-dən yayımlanan "Xeyir ola" verilişinin canlı yayımı davam edir. Yayın istisində hər səhər efirə çıxan müğənni bir saatdan artıq aparıcılıq edir. Güman edir ki, onun istirahəti yayın qorabişirən avqustunda olacaq. Həmin ərəfədə o, bir neçə həftəlik istirahət proqramı seçəcək. İndi isə o, bağ evində dincəlir. |