çap et  
Maykl Ceksonun keçmiş həyat yoldaşı valideynlik hüququndan imtina etdi
Maykl Ceksonun keçmiş həyat yoldaşı valideynlik hüququndan imtina etdi
Debbi Rou bunun üçün pop kralının ailəsindən 4 milyon dollar alacaq
Şənbə, 18.07.2009

Sevinc İsmayıl
ŞƏMS

Maykl Ceksonun keçmiş həyat yoldaşı Debbi Rou yenidən iki uşağına valideynlik hüququndan imtina etdi. Rou bunun əvəzində müğənninin ailəsindən 4 milyon dollar alacaq. Maykl Cekson və Debbi Rou 1996-1999-cu illərdə evli olublar. Onların nikahından 2 uşaq - 12 yaşlı Prins Maykl və 11 yaşlı Peris Maykl doğulub. Ceksonun üçüncü övladı - II Prins Maykl surroqat anadan doğulub. Boşanmadan sonra Debbi Rou uşaqlarının valideynlik hüququnu Ceksona verib. Bunun müqabilində o birdəfəlik 8 milyon dollar alıb. Sonrakı 5 il ərzində isə ona hər il 900 min dollar ödənilib. Cekson 2001-ci ildə yetkinlik yaşına çatmayanlara intim təkliflərdə ittiham ediləndən sonra Rou vəziyyətdən istifadə edərək valideynlik hüququnu bərpa etməyə çalışıb. Amma bir müddət sonra 4 milyon dollar nağd pul və 900 min dollarlıq ev müqabilində niyyətindən vaz keçib. Maykl Ceksonun vəfatından sonra uşaqlara qəyyumluq onun anası Ketrin Ceksona həvalə edilib. Amma Rou növbəti dəfə ortaya atılaraq uşaqlara hüququnun olduğunu bəyan edib. Bu işlə bağlı məhkəmə prosesi iyulun 20-nə təyin edilib. İndi isə o daha 4 milyon dollar müqabilində yenidən hüququndan imtina etməyə hazırlaşır. "The New York Post"un mənbəsi bildirir ki, bu dəfə onu birdəfəlik valideynlik hüququndan məhrum edəcəklər.