çap et  
Müğənnilərin avtomobili gözə gəlib
Müğənnilərin avtomobili gözə gəlib
Xatirədən sonra Elariz ziyana düşüb
Şənbə, 18.07.2009

Z.Rüstəm

Bir neçə gün əvvəl avtomobili yandırılan Xatirə hələ də bu hadisənin təsirindən çıxa bilməyib. Müğənni deyir ki, əgər avtomobili partlasaydı, onun sahibi olduğu evin binası bütünlüklə yana bilərdi. Belə olan halda, müğənni ilə birlikdə bütöv bir binanın sakinləri ziyana düşərdilər.

Bu günlərdə isə daha bir müğənninin avtmobili sahibini ziyana salıb. Daha doğrusu, müğənninin oğlu atasının 1000 manata yaxın pulunu qəzaya düşmüş avtomobilinə xərcləyib. Söhbət Elariz Məmmədoğludan gedir.

Sənətçinin söylədiyinə görə, ötən günlərin birində ailəsi ilə birlikdə istirahətə yollanıb. Səfər zamanı avtomobili idarə etmək üçün atasından icazə alan oğlu Ataş istəyinə nail olub. Lakin Elarizin ürəyiyumşaqlığı ona baha başa gəlib. Bir azdan atasına məxsus "Volkswagen Polo" markalı avtomobildə qəza törədən oğlu ailəni xərcə salıb.

Bahalı avtomobilini əvvəlki vəziyyətinə qaytarmaq üçün 1000 manata yaxın pul xərcləyən Elariz ailəsinin qəza zamanı avtomobildə olmadığına, oğlunun isə sağ-salamat qalmasına şükür edir. Qəza törədənə gəlincə, müğənni oğluna ağır cəza vermədiyini deyir: "Oğlum avtomobil həvəskarıdır. Yaşı onun bu imkandan bəhrələnməsinə icazə verməsə də, mən bu hüququ ona verirəm. Səfərdə olarkən mənə avtomobillə kiçik yürüş etmək istədiyini deyəndə etiraz etmədim. Lakin xoşməramlılığım hadisəyə səbəb oldu. Amma düşünürəm ki, qəzanı tək uşaqlar törətmir. Böyük insanların da başına belə və bundan ağır hadisələr gələ bilir. Ona görə də, oğluma avtomobil sürməyi qadağan etmərəm. Amma çalışaram ki, ona bu işi daha peşəkar səviyyədə öyrədə bilim".

Xatırladaq ki, hadisə Elariz ailəsi ilə birlikdə Qubada istirahət edən zaman baş verib.