Müğənni Zamiq: "Mübarizə üçün strategiya seçməmişəm"
 |
O, konsert layihələrini şou-biznesdə əsas meyar bilmir
Şənbə, 18.07.2009
|
|
Azərbaycan şou-biznesinin yüksək templə inkişaf etdiyini iddia ilə söyləyən müğənni Zamiq bunu müşahidələrinə əsaslanaraq deyir. O bu sahəyə yönələn tənqidi fikirlərlə razı deyil. Bunun üçün tutarlı əsaslar gətirdi:
- Ölkədə və ondan kənarda baş verən mədəni hadisələri izləməyə çalışıram. Hər dəfə bu qənaətə gəlirəm ki, bizim şou-biznesdə vəziyyət bir o qədər də acınacaqlı deyil. Bir neçə gün əvvəl mətbuatda oxuyuram ki, bizim şou-biznes Avropa və Rusiyadan xeyli geri qalıb. Mən bu bədbin proqnozları söz sahibləri ilə bölüşmək istəmirəm. Çünki bizim özümüzə görə imkanlarımız var. Bunun müqabilində biz sənətçilər əlimizdən gələni edirik.
- Şou-biznesin yüksək göstəricilərə malik olduğunu iddia edirsən. Sənin bu göstəricidə hansı payın var?
- Nədənsə sənətçiləri reytinqdən konsertlərinə, layihələrinə görə keçirirlər. Mən isə belə düşünmürəm. Çünki konsert proqramı təşkil etməmək insanın mənəvi və maddi gücsüzlüyünü göstərmir. Məsələyə bir qədər aydın gözlə yanaşmaq lazımdır. Yaxın aylarda mənim bir sıra konsertlərim keçiriləcək. Və bununla konsert intizarına son qoyuram. Amma konsert layihələrini şou-biznesdə əsas meyar bilmirəm.
Mənim üçün vacib olan tamaşaçı zövqünün təminatıdır. Diqqət yetirsək, son illər bazarda mənim payıma cəmi bir neçə mahnı düşür. Bəzilərində bu göstərici rekord həddə çatıb. Amma biz bunların mənəvi dəyərlərinə diqqət yetirməliyik. Sonuncu mahnımdan misal çəkim. "Sən necə də gözəlsən" ilə mən yaşlı nəslin qəlbinə yol tapdım. Bu gün bu mahnı ilə məni minlərlə tamaşaçı dinləyir. Klipi də eyni marağa səbəb oldu. Mənim hələlik gücüm buna çatır.
- Sənin tanınmağında prodüser mərkəzi əsas rol oynayıb. Belə bir dəstəyə bu gün ehtiyac duyursan?
- Prodüser mərkəzi mənimlə çalışmağa qərar verəndə mən ilk addımlarımı atmışdım. Amma geniş kütlə üçün tanınmırdım. Bu qapıları mənim üçün "SS" şirkəti açdı. Artıq şirkətlə müqavilənin vaxtı bitib və fəaliyyətimi öz gücümə davam etdirirəm. Lakin biz müğənnilərin prodüser şirkətlərinin dəstəyinə həmişə ehtiyacı var. Çünki bizim görüb bəyəndiyimiz Avropa sənətçilərinin əksəriyyəti prodüser mərkəzlərinin bəhrəsidir. Bizdə isə Avropadakı kimi prodüser mərkəzləri yoxdur.
- Bu gün normal estrada müğənnisinin yetişməsi üçün prodüser mərkəzinin olması yetərlidir?
- Əgər Avropa ilə ayaqlaşa biləcək səviyyədə prodüser şirkətləri olarsa, bütün tələbatlar həllini orada tapacaq.
- "Mən Moskvada cəmi 1 toyda çıxış etmişəm. Bu biznesdə mənə mane olanlar var" - müsahibələrinin birində belə demişsən. Rəqiblərin ilə mübarizə strategiyasını hələ dəqiqləşdirə bilməmişsən?
- Mən xaraktercə sakit insanam. Yəqin, bu səbəbdəndir ki, heç vaxt mübarizə üçün strategiya seçməmişəm. Mənim bir strategiyam var, o da sağlam rəqabət. Bunu az-çox bacarıram.
- Son günlərə qədər barəndə danışan insanlar Zamiqin özünü konsert müğənnisi hesab etmədiyini deyirdilər. Yaxın gələcək üçün planlaşdırdığın konsertlər bu fikirləri yox etmək üçündürmü?
- Əsla. Əgər belə bir fikrim olsaydı, ən azından 2-3 konsertə imza atardım. Mən bəhsə girməyi, kimlərisə təkrarlamağı sevmirəm. Əgər təkrarçılığa yol versəydim, tanınmazdım. Deməli, məni başqalarından fərqləndirən fərdiliyim var.
|
|
|
Oxşar xəbərlər:
Natəvan Həbibi konsert verməyəcək
|
|
|