Dünən bir qrup şəhid ailəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı itkin düşmüş (sonradan qanunvericiliyə müvafiq surətdə şəhid statusu verilmiş) hərbi qulluqçuların ailə üzvləri hüquqlarının Azərbaycan Respublikasının Dövlət Sığorta Şirkəti tərəfindən kobud surətdə pozulmasına dair mətbuat konfransı keçirdilər. Şəhid ailələri ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və bir sıra rəsmilərə müraciət ünvanlayaraq diqqəti problemin həllinə yönəldiblər.
"Müdafiə və Təhlükəsizlik sektoruna İctimai Nəzarət" Koalisiyası problemlə bağlı arayışı nəzərə çatdırdı:
"Məlum olduğu kimi, 1991-1994-cü illərdə yenicə yaranmaqda olan Milli Ordu hissələrinin tərkibində torpaqlarımızın müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında xeyli sayda hərbi qulluqçumuz itkin düşmüşdür. 1994-cü ilin may ayında atəşkəs elan olunduqdan sonra itkin düşən hərbi qulluqçularımızın axtarışı üçün aidiyyəti dövlət qurumları tərəfindən işlər aparılıb. Lakin əlaqədar təşkilatların köməyi ilə aparılan axtarışlar heç bir nəticə verməyəndə 1997-ci ildən başlayaraq itkin düşən hərbçilərin ailələri döyüş əməliyyatlarında itkin düşən ailə üzvləri barəsində sənədləşmə aparmaq məqsədilə məhkəmələrə üz tutmağa başlayıblar. Həmin vaxtdan başlayaraq indiyə qədər bu kateqoriyadan olan xeyli sayda hərbi qulluqçu məhkəmə qaydasında ölmüş elan olunub.
Qanunla da itkin düşənin ölmüş elan edilməsi barəsində məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün həmin şəxsin ölüm günü hesab olunur".
Koalisiya bəyan edir ki, sözügedən kateqoriyadan olan hərbi qulluqçuların əksəriyyətinin ölmüş elan olunması barəsində verilən məhkəmə qətnamələri 1997-ci ildən sonra verildiyinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti heç bir qanuni əsas olmadan, 1997-ci ildə qəbul olunmuş "Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında" Azərbaycan Respublikası qanununu əsas götürərək, həmin kateqoriyadan olan hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulan sığortanı verməkdən imtina edir.
Koalisiya bildirir ki, Dövlət Sığorta Şirkəti imtinanı onunla əsaslandırır ki, guya 1997-ci ilə qədər hərbi qulluqçulara sığortanın verilməsi üçün heç bir hüquqi sənəd olmayıb:
"Halbuki "Hərbi qulluqçuların statusu haqqında" qanunda olan "Hərbi qulluqçuların dövlət tərəfindən məcburi sığortalanması" maddəsi, həmin qanun qəbul edilən vaxtdan - yəni 25 dekabr 1991-ci il tarixindən mövcuddur və həmin vaxtdan da həmin qanun hərbi xidmətə başlayan bütün hərbi qulluqçuların dövlət tərəfindən məcburi sığortalanması üçün hüquqi əsasdır. Belə ki, hərbi qulluqçuların sığorta edilməsi barədə olan 27-ci maddədə göstərilir ki, "Hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmək), xəsarət almaq (yaralanmaq, kontuziya almaq), səhhəti korlanmaq, hərbi xidmət keçmə ilə bağlı bədbəxt hadisələr və ya xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdırlar".
Bu da onu göstərir ki, 1991-ci ilin dekabrından, yəni Silahlı Qüvvələrimiz yarandığı gündən onun sıralarında xidmət edən hər bir hərbi qulluqçu iradəsindən asılı olmayaraq dövlət tərəfindən məcburi sığorta olunmalıdır.
"Bütün bunlar qarşı tərəfin sığortanın ancaq 1997-ci ildən sonra xidmət edənlərə düşməsi ilə əlaqədar şəxsi maraqlara xidmət edən mülahizələrin əsassız olduğunu təsdiq edir. Lakin bütün bunlara baxmayaraq, bu kateqoriyadan olan 20-yə yaxın şəhid ailəsinin hüquqları Dövlət Sığorta Şirkəti tərəfindən pozularaq onlara ödənilməli olan sığorta məbləği indiyə qədər ödənilməyib. Ümidləri məhkəmələrə olan şəhid ailələrinin ümidlərini məhkəmələr də doğrultmadılar. Belə ki, bu kateqoriyadan olan iddiaları Binəqədi rayon məhkəməsi, ümumiyyətlə, icraata götürmək istəmir. İcraata götürdükləri iddialara da baxarkən şəhid ailələrinin qanuni mənafeləri yox, Azərbaycan Dövlət Sığorta Şirkətinin kommersiya maraqları üstün götürülərək şəhid ailələrinin iddiaları rədd edilir. Vətən qarşısında müstəsna xidmətləri olan bu kateqoriyadan olan insanlara qarşı Azərbaycan Dövlət Sığorta Şirkətinin kommersiya maraqları "başa düşüləndir". Binəqədi rayon məhkəməsinin hakimlərinin isə bu məsələdə tutduqları mövqeyi heç cür başa düşə bilmirik. Ona görə də bir qrup şəhid ailəsi məcbur olub ölkə başçısına müraciət qəbul ediblər", - deyə koalisiya bildirir.
"Bütün bunları nəzərə alaraq Sizdən xahiş edirik ki, Vətən qarşısında müstəsna xidmətləri olan şəhidlərimizin ruhu naminə barəmizdə haqqın, ədalətin təmin olunmasında və sığorta şirkəti tərəfindən ödənilməli olan sığorta pulunun alınmasında bizə kömək edəsiniz", - deyə İlham Əliyevə ünvanlanmış müraciətin sonunda bildirilir.
|