FHN Dövlət Sularda Xilasetmə Xidmətinin 350 nəfərlik peşəkar heyəti çimərlik mövsümü ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib. Xidmətin təbliğat və təşviqat sektorunun rəhbəri Mübariz Zeynalovun sözlərinə görə, qurum tərəfindən bütün zəruri hazırlıq tədbirləri həyata keçirilib. O, çimərlikdə həyata keçirilən təhlükəsizlik tədbirləri və yeniliklər barədə də məlumat verdi. Belə ki, bu günlərdə xilasedicilərin hazırlıq səviyyəsinin öyrənilməsi məqsədilə təlim-təhsil mərkəzinin "Şıx-2" məntəqəsində xidmətin əməkdaşları operativ olaraq batan insanı xilas edib ona süni nəfəs vasitəsilə ilkin tibbi yardım göstərərək bu işə hazır olduqlarını nümayiş etdirdilər.
Məlumat üçün bildirək ki, Dövlət Sularda Xilasetmə Xidmətinin ölkə ərazisində 43 məntəqəsi fəaliyyət göstərir. Həmin məntəqələrdən əlavə olaraq yerlərdə mövsümi postların quraşdırılması da nəzərdə tutulub. Postların quraşdırılmasında məqsəd isə nəzarətin gücləndirilməsidir. Çünki ötənilki çimərlik mövsümündə özəl çimərliklərdə xilasedicilərin olmaması səbəbindən spirtli içkilərin satışı həyata keçirildi ki, bu da dənizdə batanların sayının çoxalmasına səbəb oldu:" Onu da deyim ki, artıq özəl çimərliklərin rəhbərlərinə xilasetmə komandalarının xidmətindən istifadə, spirtli içkilərin satışına qadağa, həmçinin digər təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı da xəbərdarlıq edilib. Çünki özəl çimərliklərdə bütün bu məqamlara əhəmiyyət verilmədiyi üçün bədbəxt hadisələr baş verir".
Hər il çimərlik mövsümündə dənizdə neçə-neçə şəxsin boğulma xəbəri yayılır. Bu xəbərdən qorxanlar olsa da, qızmar yay günlərində dəniz kənarında istirahət etmək, çimmək fikrindən vaz keçənlər çox az olur. Amma, təbii ki, əksəriyyətin içində bir qorxu hissi qalır. Deyəsən, bu il hamı rahatlıqla dənizdə çiməcək.
Mübariz Zeynalovun söylədiklərindən öyrəndik ki, bütün bu məntəqə və postlarda dislokasiya prosesi artıq başa çatıb. Belə ki, dənizin dibinin təmizlənməsi, onun dərinliyi və təhlükəsiz çimərlik yerlərinin öyrənilməsi və məhdudlaşdırma şarlarının quraşdırılması işləri yekunlaşıb. Məntəqələr tam olaraq texnika və avadanlıqlarla təmin edilib. Bu mövsümdə 100 motorlu qayıq, 15 skuter və beş kvadrosikl hazırlıq vəziyyətinə gətirilib. Qeyd edim ki, bu il ilk dəfə olaraq xilasetmə əməliyyatlarında skuterlərdən istifadə olunacaq.
Sektorun rəhbəri söhbət əsnasında onu da vurğuladı ki, kadr potensialının təkmilləşdirilməsi istiqamətində də işlər görülür: "Bu məqsədlə təcrübəli mütəxəssislərin iştirakı ilə xilasetmə kursları, motorçu kursları, şəxsi heyətin professionallıq səviyyəsinin artırılması məqsədilə S-1 və S-2 imtahanları keçirilib.
Müsahibim onu da bildirdi ki, Səhiyyə Nazirliyinə müraciət olunub ki, bu mövsümdə bütün çimərliklər tibb məntəqələri ilə təmin edilsin: "Qeyd edim ki, bu ildən etibarən bütün nəzarət məntəqələrində təcili yardım briqadaları fəaliyyət göstərəcək. Dövlət Sularda Xilasetmə Xidməti əhaliyə müraciət edərək bildirir ki, nəzarət briqadaları olmayan yerlərdə çimməkdən çəkinsinlər. Eləcə də, sərxoş halda dənizə girməsinlər".
|