çap et  
Taxıl fonduna ehtiyat məhsul yığılacaq
Taxıl fonduna ehtiyat məhsul yığılacaq
Ölkədə qıtlıq yarandıqda, un və un məhsulları bahalaşdıqda hökumət ondan istifadə qərarı verəcək
Şənbə, 18.07.2009

Banu

Nazirlər Kabineti ölkədə taxıl ehtiyatlarının yaradılması və məhsul qıtlığının qarşısının alınması məqsədilə Dövlət Taxıl Fondunun ehtiyat bazasının gücləndirilməsi barədə sərəncam imzalayıb. Hökumətin təsdiq etdiyi qaydalara əsasən, Taxıl Fondunun saxlanma və istifadə qaydaları gücləndiriləcək. Dövlət Taxıl Fondunda ölkənin ərzaq buğdasına olan 3 aylıq tələbatı qədər - təxminən 270 min ton ehtiyat saxlanacaq.

Bu siyasəti tənzimləmək üçün Fövqəladə Hallar Nazirliyinə bir sıra səlahiyyətlər verilib. Taxılın tədarükü, saxlanması və yeniləşdirilməsi ilə bağlı tədbirləri FHN həyata keçirəcək. Belə ki, taxılın tədarükü, saxlanması, istifadəsi, yeniləşdirilməsi və kənara verilməsi tədbirlərinin həyata keçirilməsi məqsədilə müvafiq tələblərə və keyfiyyət göstəricilərinə riayət olunması üçün məntəqələrdə laboratoriyalar yaradacaq.

Fond taxılı istehsalçılarla satınalma müqaviləsi bağlamaq yolu ilə əldə ediləcək. Tədarük olunan taxıl fonda məxsus saxlanma məntəqələrinə (elevatorlara) daşınacaq. Əgər elevatorlarda taxılın hər hansı bir səbəbdən saxlanması mümkün olmadıqda həmin məhsul müqavilə əsasında hüquqi və fiziki şəxslərə məxsus saxlanma məntəqələrində və anbarlarda qorunacaq. Məhsul məntəqələrdə qəbul edilərkən onun təmizlənmə prosesinə də ciddi nəzarət olacaq. Eyni zamanda, taxılın çeşid və keyfiyyət göstəricilərinə diqqət yetiriləcək.

Malı göndərən şəxslər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən taxıla verilmiş uyğunluq sertifikatını və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş daxili karantin sertifikatını fonda təqdim edəcəklər. Əks halda, məhsulun qəbul edilməsi mümkün olmayacaq.

Taxıl idxal edən sahibkarlar kömrük bəyannaməsi ilə yanaşı, taxılın istehsal olunduğu ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş uyğunluq mənşə, keyfiyyət və fitosanitar sertifikatlarını təqdim etməli olacaqlar. Bu, məhsulun keyfiyyəti ilə bağlı ciddi nəzarət mexanizmlərinin yaradılması kimi səciyyələndirilir. Xatırladaq ki, saxlanma məntəqələri taxılın tam həcmdə kəmiyyət və keyfiyyət baxımından təhlükəsizliyinin təmin edilməsinə məsuliyyət daşıyır.

Taxılın satışı isə bazar qiymətləri əsasında həyata keçiriləcək. Əgər bazarda həmin məhsulun kəskin qiymət artımı müşahidə olunarsa, Fond taxılı bazar qiymətlərindən aşağı qiymətə satıla bilər. Bu halda satış qiyməti hökumətlə razılaşdırılacaq. Bu kimi hallar, eləcə də humanitar yardımların göstərilməsi ilə əlaqədar fondda saxlanan taxıldan istifadə zamanı məhsulun dəyəri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Fondda saxlanan taxılın istifadəsinə gəlincə, Nazirlər Kabinetinin müvafiq qaydalarına görə, məhsul fövqəladə hallarda istehlakçıların tələbatının ödənilməsinə, daxili bazarda taxıl məhsullarının kəskin qiymət dəyişmələrinin qarşısının alınmasına yönəldiləcək. Yəni həmin ehtiyatlardan ölkədə qıtlıq yarandıqda daxili bazarda un, çörək və çörək məmulatlarının qiymətində ciddi artım baş verdikdə istifadə olunacaq.